“Fitch” “Azərbaycan Dəmir Yolları”nın kredit reytinqini geri çağırıb

fitch“Fitch” beynəlxalq reytinq agentliyi “Azərbaycan Dəmir Yolları” QSC-nin “neqativ” proqnozlu “BBB-” dərəcəli kredit reytinqini geri çağırıb.

“Fitch”dən bildiriblər ki, “Azərbaycan Dəmir Yolları” reytinq qiymətləndirməsi prosesində iştirakdan imtina etdiyi üçün Agentlik artıq onun reytinq qiymətləndirməsini həyata keçirə bilməyəcək. Bundan başqa, Agentlik “Azərbaycan Dəmir Yolları”nın analitik qiymətləndirməsini də təqdim etməyəcək.

Qeyd edək ki, cari ilin yanvarın 5-də “Azərbaycan Dəmir Yolları” QSC, “Standard & Poor’s” beynəlxalq reytinq agentliyi ilə də əməkdaşlıqdan imtina edib. “Standard & Poor’s” agentliyi reytinq qiymətləndirməsindən emitentin xahişi ilə imtina etdiyini bildirib.

Qeyd edək ki, “S&P” 2015-ci il dekabrın 15-də “Azərbaycan Dəmir Yolları” QSC-nin kredit reytinqini “BB-“, proqnozunu isə “neqativ”  səviyyəsinə endirib. Buna səbəb şirkətin borc öhdəliyini 3 gün gecikdirməsi olub.

 

(fins.az)