Financial Times: “Əliyev neft dalğalarında üzürdü, indi nabələd ərazidədir…”

ilhamaliyev-shekide1“Bu, qismən də həyatın davamlı olaraq yalnız yaxşılaşmasını görən və onun bəyanatlarını təsdiqləyən adamların əhatəsində, sabun köpüyündə yaşayan liderin fenomenidir”

Financial Times” qəzetinin Moskva müxbiri Jack Farchy yazır ki, neft gəlhagəli erasının başa çatması ilə Azərbaycan prezidenti İlham Əliyev özü üçün “nabələd əraziyə daxil olub”.

“O neft gəlhagəlinin dalğalarında ən çox serfinq etmiş dünya lideridir” – yazır müxbir.

Məqalədə deyilir ki, İlham Əliyevin hakimiyyəti atasından qəbul etdiyi 2003-cü il, neft qiymətləri yüksəlişinin başlanğıcı ilə üst-üstə düşmüşdü. O, növbəti 10 il ərzində firavanlıq üzərində hakimiyyətdə olub, Bakını Xəzərin Dubayına çevirib.

“Lakin Azərbaycanın neft gəlhagəli böyük titrəyişlə sona çatıb. Düşən neft qiymətlərinin təsirini aylarla inkar edən Mərkəzi Bank ötən dekabrda milli valyutanın dollar sancağını açıb və manat devalvasiyaya uğrayıb” – yazır müxbir.

Hökumət silkələnib…

Farchy yazır ki, “Azərbaycanın taleyindəki bu sürətli dəyişiklik cənab Əliyevin indiyədək üzləşdiyi ən böyük çətinlik olacaq”.

Məqalədə qiymətlərin qalxması və işsizliklə bağlı ölkənin regionlarında artan etirazlardan da söhbət açılır. “Hökumət silkələnib” – yazır müxbir.

Carnegie Beynəlxal Sülh Fondunun baş araşdırmaçısı Thomas de Waal deyir ki, “bu, Azərbaycan üçün yeni fazadır”.

Qafqaz üzrə ekspertin fikrincə, “bu, qismən də həyatın davamlı olaraq yalnız yaxşılaşmasını görən və onun bəyanatlarını təsdiqləyən adamların əhatəsində, sabun köpüyündə yaşayan liderin fenomenidir”.

Thomas de Waal Azərbaycan hakimiyyəti haqqında “onlar daha sonra baş verəcəklərə hazır kimi görünmürlər” deyir.

O yalnız balansı saxlayır

“Financial Times” qəzetinin məqaləsində İlham Əliyev atası ilə müqayisə edilir və müxbir yazır ki, keçmiş DTK rəhbəri Heydər Əliyev ölkədə öz avtoritar hakimiyyət üslubu ilə sabitliyi bərqərar etmiş şəxs kimi tanınırdısa, İlham Əliyev ölkəyə daha çox, dəstəklərindən asılı olduğu müxtəlif maraq qruplarını məmnun etməklə rəhbərlik edib.

Məqalədə deyilir ki, neft gəlirlərinin yüksək olduğu vaxtlarda yoxsulluq 49 faizdən 5 faizə düşsə də, neft sərvətinin əksər hissəsi biznesmen və siyasətçilərin kiçik çevrəsi tərəfindən mənimsənib.

Massaçussets Universitetinin professoru və postsovet Azərbaycanının tarixçisi Audrey Altstadt İlham Əliyev haqqında danışarkən “Financial Times” qəzetinə bildirib ki, “o, atası kimi böyük dahi milli lider deyil, lakin o balansı saxlayır”.

Müxbir Azərbaycandakı maraq qruplarından yazarkən, “qara kürüdən tikintiyə qədər böyük biznes imperiyasına malik Kəmaləddin Heydərovun”, “ölkənin ən böyük bankına və əksər mehmanxanalara sahib Paşayevlərin” adlarını çəkir.

“Qəhvəyi zərflər”in ölümü

Qəzet yazır ki, Azərbaycanın yoxsul rayonlarındakı narazılıq oyun qaydalarını dəyişə bilər.

“Stabillik müxtəlif güc qruplarını razı salmaqdır. İndi bu qruplardan biri də ölkənin xalqıdır – deyib bir bankir “Financial Times” qəzetinə, – Məncə indi bütün oliqarxlar narahatdırlar”.

Məqalədə həmçinin Azərbaycanda ötən il baş vermiş Beynəlxalq Bank qalmaqalından, milli təhlükəsizlik naziri Eldar Mahumudovun vəzifəsindən uzaqlaşdırılmasından da söz açılır.

Qəzetin yazdığına görə, biznes adamları və onların müşavirləri Azərbaycana daha çox töhfə vermək üçün xaricdəki aktivlərini satmağa məcbur edilirlər. Digər tərəfdən cənab Əliyevin özü də “inhisarçılıq hallarına qarşı” mübarizə aparacağını vəd edib.

Bakıdakı bankirlərdən biri müxbirə deyib ki, şirkətlər xaricdən mal gətirmək üçün ağır ödənişlər etməkdə davam edirlər, lakin indi bu pullar “qəhvəyi zərflərdə rüvşət pulu” şəklində korrupsiyalı rəsmilərə yox, hökumətə gedir.

Əliyev vədinə xilaf çıxarsa…

Qəzet yazır ki, prezident ictimaiyyəti razı salmaq üçün pensiyaların artırılması kimi tədbirləri də elan edib.

Məqalədə deyilir ki, Azərbaycanın hazırkı vəziyyətinə qonşuları diqqətlə göz qoyurlar və hər hansı sabitsizlik ölkə üçün sonu bəlli olmayan nəticələrə səbəb ola bilər.

Bununla belə, müşahidəçilər etirazların qısa müddətdə nisbətən firavan Bakıya yayılacağını gözləmirlər. Qəzet yazır ki, xalq üsyanından qorxan Əliyev və onun hökuməti müxalifəti əzişdirib, tanınmış fəalları və jurnalistləri həbsxanalara atıb.

“Lakin əgər prezidentin iqtisadiyyatı canlandırmaq cəhdləri tezliklə bəhrə verməzsə, azərbaycanlıların öz hökumətlərinə münasibətdə səbir kasası daşa bilər”, – yazır qəzet.

Müxbir yazır ki, İlham Əliyev Davosda olarkən “neft qiymətləri düşməkdə davam edərsə də, manatın bundan sonra zərər görməyəcəyini” vəd edib.

Lakin xanım Altstadt bildirir ki, “əgər bu vəd bir-iki aya yerinə yetirilməsə, onda Əliyev və onun oliqarxları üçün risklər həqiqətən də artmış olacaq”.

(azadliq.org)