Əsgər ölümü məhkəməsində işgəncə faktı

esger-anasi2015FHN-in hərbi hissəsində ölən Tapdıq Babaşovun anasının halı məhkəmədə pisləşdi

“Bizi yerdə uzadıb, kürəyimizdə çəkmə ilə gəzirdilər” – bu barədə məhkəmədə Fövqəladə Hallar Nazirliyinin Biləcəridəki N saylı hərbi hissəsinin əsgərləri ifadə veriblər. Söhbət ötən ilin mayında həmin hərbi hissədə əsgər Tapdıq Babaşovun müəmmalı ölümü, eləcə də digər əsgərlərə işgəncə verilməsilə bağlı məhkəmə prosesindən gedir. Bu işə Bakı Hərbi Məhkəməsində hakim Müslüm Əliyevin sədrliyilə baxılır.

Qeyd edək ki, təqsirləndirilən qismində məhkəmə qarşısına hərbi hissənin manqa komandirləri olmuş üç çavuş çıxarılıb – Cəmil Ağayev, Elməddin Babayev və Ruslan Cavadov. Əsgərləri döyüb təhqir etməkdə, onlara işgəncə verməkdə, eləcə də Tapdıq Babaşovu intihar həddinə çatdırmaqda təqsirləndirilən bu şəxslərə qarşı CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma), 331-ci (hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə) və 332-ci (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddələrilə ittiham irəli sürülüb.

Mərhum Tapdıq Babaşovun anası Kifayət Süleymanova və hərbi hissədə hələ də xidmət edən 50 əsgər isə iş üzrə zərərçəkmiş qismində tanınıb. Hazırda bu məhkəmə prosesində zərərçəkmişlərin dindirilməsi mərhələsidir.

Yanvarın 26-dakı məhkəmə iclasında daha beş əsgər zərərçəkmiş qismində ifadə verib. Onlar hərbi hissədə döyüldüklərini, təhqir olunduqlarını təsdiqləyiblər. Hətta zərərçəkmiş əsgərlərdən biri bildirib ki, məruz qaldığı işgəncə nəticəsində qabırğası sınıb, lakin həkimə müraciət olunmayıb.

Mərhum Tapdıq Babaşovun anası Kifayət Süleymanova əsgərlərin çəkinərək, bir çox həqiqətləri dilə gətirmədiklərini bildirib. Oğlunun intihar etmədiyini, qətlə yetirildiyini və bundan sonra cinayətin izini itirmək məqsədilə hərbi hissənin üçüncü mərtəbəsindən atıldığını deyən ananın fikrincə, əsgərlər Tapdıq Babaşovun ölümü ilə bağlı həqiqəti bilsələr də, qorxudan bu barədə danışmırlar.

Məhkəmə iclasında Kifayət Süleymanovanın vəziyyəti pisləşib.

Məhkəmə prosesi fevralın 9-da davam edəcək.

Xatırladaq ki, BDU-nun tarix fakültəsini qırmızı diplomla bitirmiş, evin yeganə oğlu olan Tapdıq Babaşov ötən il mayın 22-də dünyasını dəyişib. Rəsmi məlumatlara görə, o, özünü hərbi hissənin üçüncü mərtəbəsindən ataraq intihar edib. Lakin Tapdıq Babaşovun yaxınları onun özünü öldürdüyünə qətiyyən inanmır. Onlar Tapdığın qətlə yetirildiyini düşünür.

 

Aytən