Bakının əyləncə bazarında müştəri yoxdur, ixtisarlar var…

Manatın devalvasiyasından sonra bütün sahələri əhatə edən bahalaşma paytaxtın əyləncə bazarına da təsirsiz ötüşməyib. Əyləncə mərkəzlərində müştərilərin sayı kəskin azalıb, buna görə də ixtisarlara başlanılıb. 

Virtualaz.org saytına daxil olan məlumatda deyilir ki, krizis Nobel prospekti 15-də yerləşən, paytaxtın ən böyük əyləncə mərkəzi sayılan  “Meqafun”un fəaliyyətinə təsir edib. Buna görə də qurum ixtisarlar aparmaq məcburiyyətində qalıb.

“Meqafun”da ixtisarlarla bağlı məlumatları və əyləncə bazarındakı vəziyyəti araşdırmaq üçün adıçəkilən məkanda olduq,  işçilərlə söhbətləşdik.

Məlum oldu ki, əyləncə mərkəzinin birinci mərtəbəsində 6 mağaza fəaliyyətini dayandırıb. Digər mağazalarda isə endirimlər var. Əyləncə mərkəzinin ikinci mərtəbədə kafe və restoranlar yerləşir. Amma hazırda yalnız 5-6 kafe işləyir.  Qalan məkanların isə qapısına qıfıl vurulub.

Kafedə çalışan xanımlardan biri adının açıqlanmasını istəməsə də müştəri azlığından şikayətlənib: “Bayrama görə ayın birinci ongünlüyündə müştəri olurdu. Son 10 gündə gələn yoxdur. Bu gün bir fincan çay belə sata bilməmişik. Buna görə də kafe sahibləri işçilərin sayını azaldırlar”.

Kafelərdə müştəri gözə dəymir.

Üçüncü mərtəbədə, yəni əyləncə sektorunda iş saatı 12-də başlayır. Lakin günorta saatları olmasına baxmayaraq heç kim gözə dəymir. Buna görə də oyun aparatları hələ işə salınmayıb. Əyləncə mərkəzinin əməkdaşı Samir Məmmədov deyir ki, əvvəlcə xadimələrin sayı azaldılıb.  Məsələn, 10 xadimə vardısa onların 8-i ixtisara düşüb. Binada yerləşən biznes qurumlarında da ixtisarlar aparılır. Həmçinin kafe və restoranlarda ofisiantların ixtisarına başlanılıb. Müştəri olmadığından uşaq əyləncə mərkəzində də ixtisarlar aparılacaq. Artıq bu barədə xəbərdarlıq olunub.

Əyləncə mərkəzində qiymətlər artırılmayıb. İşçilər deyirlər ki, müştəri olmadığından qiymətləri artırmaq istəmirlər: “Onsuz da gələn yoxdur.  Qiymət artırılandan sonra heç kim gəlmək istəməyəcək. Əksinə müəyyən kampaniyalar keçirməklə müştəri cəlb eləməyə çalışırlar”.

Əyləncə məkanlarından fərqli olaraq kafelərdə qiymət artımı hiss olunur. Ümumilikdə isə, hazırda “Meqafun”da ağız deyəni qulaq eşidir. Mağaza, kafe və əyləncə mərkəzi əvvəlki səs-küyün həsrətini çəkir.

Qeyd edək ki, “Meqafun” Yeni Həyat Şirkətlər  Qrupuna daxildir, Qapalı əyləncə  mərkəzində  200- dən çox atraksion, oyun aparatı, təbii buz meydançası, boulinq, 4,5,6 D kinotetatrlar, lazer oyunları, qorxu tunneli, çarpışan arabalar, qayıqlar və digər əyləncə aparatları, qurğular quraşdırılıb.

Onu da qeyd edək ki, “Meqafun”a ixtisarlarla bağlı ünvanladığımız suallarımızı əlaqədar şəxsin yerində olmadığını əsaslandıraraq cavab vermədilər. Lakin onların da açıqlamalarını işıqlandırmağa hazırıq.