AŞPA Qarabağla bağlı bir hesabata “yox” dedi, digərini bəyəndi

aspa12AŞPA-da “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı hesabat müzakirə edilib. Hesabat səsvermədən sonra qəbul edilməyib.

“Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı hesabat AŞPA-da qəbul edilməyib.

Hesabatın müzakirəsində çıxış edən erməni tərəfi və bir çox digər deputatlar sənədin yenidən baxılmaq üçün komitəyə qaytarılmasını istəyiblər. Onların əsas arqumentləri o olub ki, “məruzəçi Robert Walter hesabatı hazırlayarkən Ermənistan və Dağlıq Qarabağa səfər etməyib və sənəd balanslı deyil, bir tərəfin mövqeyini əks etdirir.”

Ermənsitan nümayəndə heyətinin üzvü Armen Rustamyan çıxışında deyib ki, qoşunların təmas xəttində atəşkəs durmadan pozulur. O, Azərbaycan tərəfini ağır silahlardan istifadə etməkdə suçlayıb:

“Ağır silahlardan istifadə edilir. Barışa deyil, savaşa hazırlıq getdiyi görülür. Niyə atəşkəsin pozulması məsələsi araşdırılmayıb? Burda tək günahkarın Ermənistan olduğunu, Azərbaycansa davamlı olaraq problemin həllinə çalışdığını demək çox asandır. Belə hesabatın hazırlanması üçün Dağlıq Qarabağa getməyə, Ermənistanı dinləməyə gərək görülməyib. Hesabatda Azərbaycanın fikirlərini təkrarlanır, Ermənistan əleyhinə mövqe ortaya qoyulur, suçun bizdə olduğu deyilir”.

Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov çıxışında deyib ki, assambleyada hazırlanan hesabatlar uzun müddət aparılan araşdırmaların nəticəsində ortaya çıxır:

“Ermənistan silahlı qüvvələri mülki şəxslərə basqı edir. Ermənistan tərəfi Azərbaycan meşələrinə zərər vurur, çayları kimyəvi maddələrlə zəhərləyir, insanları təhdid altında qoyur. Hesabatda qorxunc gerçəklərin sadəcə bir qismi göstərilib. Ermənistansa gerçəkləri etiraf etmək istəmir”.

Müzakirələrdən sonra hesabat səsə qoyulub və qəbul edilməyib.

Müzakirəyə çıxarılan digər sənəd deputat Milica Markovic-in “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi” adlı hesabatdır.

Sessiyada çıxış edən Markovic deyib ki, Dağlıq Qarabağ və işğal altındakı 6 bölgəni içməli su ilə təmin edən Sərsəng su anbarının 80 faizi Ermənistanın nəzarətindədir. O bildirib ki, vəziyyəti müşahidə etmək üçün bir neçə dəfə Ermənistan tərəfinə müraciət edib. Lakin hər dəfə Ermənistan tərəfi bir səbəb gətirərək Markovicin əraziyə germəsini təmin etməkdən boyun qaçırıblar.

Məruzə səsə qoyulub və qəbul edilib.