Məhəmməd Talıblı
Əvvəla, “isti pul” anlayışını aydınlaşdırmağa çalışaq. İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Cozef Stiqlitz özünün özünün əsələrində “isti pul” anlayışını belə xarakteriza edir: “Ölkəyə qəflətən daxil olan və ya çıxan pullar adətən valyuta məzənnəsinə təsir edir. Daha sonra “isti pul” axınları qəflətən istiqamətini dəyişəndə həmin bölgə çətinliklərlə qarşılaşır.” Spontal daxil olan pullar sırasında neft pulları çox xarakterikdir. Bir anda gələn və iqtisadiyyatı hərarətləndirən və birdən kəsilən və iqtisadiyyatı soyudan pullardan söhbət gedir.
Uzun illər 50-70 dollar arası dəyişən neftin qiymət həddi indi 2 dəfəyədək aşağı düşüb. Hətta 1 barel neft 29 dollar səviyyəsinə qədər endi. Yaxın aylarda 20 dollar olacağı da istisna olunmur. Hər dövrlərdə dünya bazarında neftin qiymətinin dəyişməsi müxtəlif amillərin təsiri altında baş verir. Ona görə çox zaman bu qiymət trendi bazardakı konyuktura kimi qiymətləndirilir. Yəni, birbaşa neft qiyməti və iqtisadi qanunların hökm sürdüyü tələb və təklif “rəqsi” kimi yox. Hazırda dünyanın neft bazarındakı həmin konyukturanı şərtləndirən çoxlu sayda amillər çıxış edir:
Birinci. ABŞ 40 ildən sonra neft ixracat etməsinə dair qadağanı aradan qaldırmağa dair qərar verdi. Bu ABŞ-ın həm böyük neft istehlakçısı (idxalçısı) kimi özünün ehtiyaclarının ödənməsi, həm də neft ixracatçısı kimi Avropaya özünün neftini satması kimi belə fürsətə sahib olmasına gətirib çıxardı.
İkinci. ABŞ son 25 ildə aparılan araşdırmaların nəticəsində modern texnologiyaların tətbiqində yeniliklərə imza ataraq enerji sahəsində innovativ üsullarla özünün şist neftinin və şist qazının ixracatında rekord göstəricilər nümayiş etdirmək imkanı əldə etdi. Hazırda ABŞ-da şist neftin 1 barelinin hasil edilməsi 20-25 dollara başa gəlir. Demək ABŞ iki sahədə enerji strategiyasında dəyişiklik etdi. Birincisi, neftin satışına qadağanı aradan qaldırdı, digər tərəfdən isə müasir texnologiyaların inkişafı hesabına yeni üsulla neft-qaz hasilatına start verdi. Demək dünya neft bazarında ən böyük idxalçı ölkə artıq özü bazara böyük həcmdə neft və qaz ixrac edir.
Üçüncü. Çinin iqtisadi artım templərinin aşağı düşməsi və milli valyutasının (yuanın) 5 faizlik dəyərinin itirməsidir. Əvvəlki illərdə iki rəqəmli iqtisadi artım templəri yerini ötən il 6,9 faizlik iqtisadi böyümə ilə əvəzləyib. Dünyanın ikinci ən böyük neft istehlakçısı olan Çində iqtisadi geriləmə neftə tələbin aşağı salınmasında mühüm rol oynayıb.
Dördüncü. İrana qarşı uzun müddətli sanksiyaların aradan qaldırılması nəticəsində dünyanın uzun illər alışdığı gündəlik neft hasilatından artıq neftin çıxarılması baş verir. Qısa desək, dünyanın enerji bazarına yeni oyunçu daxil olub.
Beşinci. Səudiyyə Ərəbistanı ilə İran arasındakı yaranmış konflikt dünyada neft sənayesinə də mühüm təsir göstərdi. Səudiyyə Ərəbistanı yenicə dünya bazarına yenicə daxil olmuş İranı bu imkandan məhrum etmək üçün özü bazara daha çox neft çıxarılmasına start verdi. Səudiyyə Ərəbistanı İrandan revanş götürmək, ABŞ isə Rusiyanın çökməsi prosesinin sürətləndirməsində sanki sinxron davranış nümayiş etdirdilər. Rusiya və İranın neftdən asılı olduqları iqtisadiyyatlara malik olduqları üçün belə təsir neqativ nəticələr doğurdu. Xüsusu ilə Rusiya üçün bu qiymət enişi iqtisadi baxımdan intihara bərabərdir. Təbii ki, Rusiya və İrana olan bu təzyiqlərə baxmayaraq Səudiyyə Ərəbistanı da bundan itirir. Böyük neft gəlirlərinə öyrəşmiş səudiyyəlilər üçün bu eniş də ölkənin makroiqtisadi göstəriciləri pisləşdirir. Təkcə dövlət büdcəsində kəsr həddi ifrat səviyyədə böyüyüb. Söhbət dövlət büdcə kəsrinin dünyadakı mövcud normalardan 5 dəfə çox, yəni ÜDM-in 15%-ə çatıb. Bu kritik həddir.
Sadaladığımız amillərin təsiri altında dünya neft bazarında gündəlik 2 milyon barel neft təklifi yaranıb. Demək, dünyada neft bolluğu fonunda qiymət enişi resurs iqtisadiyyatı olan ölkələrə mühüm təsir göstərəcək. İqtisadiyyatları neft “iynəsi” üzərində oturan dövlətlər ani qiymət dəyişməsindən daha böyük vəsaitlər itirirlər. Ona görə çox narahatdırlar.
Karbohidrogen ehtiyatları ilə zəngin ölkələrdə neftin 1 barelinin maya dəyəri müxtəlif dövlətlər və şirkətlər üzrə 5-11 dollar arasında dəyişir. Axı, neftin maya dəyəri hazırkı satış qiymətindən 3-5 dəfə ucuz olan məhsulun satışından həmin ölkələrin iqtisadiyyatları niyə itirməlidir ki? Nədir bunun sirri? Ritorik sual deyil. Düşünmək üçün mövzudur.
Ciddi səbəblər üçün özümüzü yormayaq. Onlar sadəcə uzun illər “isti pullar” əldə etməyə öyrəşiblər. Həmin neft pulları ilə ölkələrində “ağ fil” layihələri həyata keçirib xalqlarının gözlərini qamaşdırıb milyardlarla pulları korrupsiyanın “yeminə” çevriblər. İndi də daha həmin pis vərdişsiz yaşaya bilmirlər. Müftə neft pullarının tənbəlləşdirdiyi hökumət özü ilə bərabər cəmiyyətdə də bir istiqamətli inkişaf trayektoriyası cızır. Böyük neft pulları gələndə iqtisadiyyat şaxələndirilməyib. “Yumurtalar” bir səbətə yığılıb. Müxtəlif sektorlar hesabına ölkənin ÜDM “piroqu” formalaşdılmayıb. İndi də qalıblar aşağı səviyyəli neft qiymətlərinin və postneft dövrünün əlində. Əslində zamanında böyük gəlirləri iqtisadiyyatda dəyər yaradan sahələrə yönəltsəydilər, indi neftsiz iqtisadiyyatla neftli iqtisadiyyatın heç bir fərqi olmayacaqdı. Bir istiqamətli iqtisadiyyat resurs üstünlüyü olan ölkələr üçün spesifikdir. Britaniyanın məşhur analitik mərkəzlərindən olan “Kral” xarici işlər insitutu neftlə zəngin ölkələrin iqtisadiyyatlarını təhlil edərək belə bir qənaətə gəlmişdir ki, 12 neft ölkəsindən yalnız 3-ü iqtisadiyyatlarını karbohidrogen resursları olmadan idarə edə bilərlər. Bunlar Malaziya, İndoneziya və Norveçdir. Çox təəsüf ki, digər ölkələr üçün bunu söyləmək olmur.
Neft pulların üstünlüyə çevirməyi bacaranda üstünlükdür! Neft “lənəti” həmişə qarğış deyil. Əlinə düşən “limonu limanada çevirəndə” o bacarıqdan xəbər verir. Digər hallarda sadəcə imkanlardır. Istifadə olunmayan imkan və “yatmış” rezerv. Amma səmərəli istifadə edə bildinsə, bu ölkə iqtisadiyyatını xarici təzyiqlərdən qorumaq üçün bufer rolunu oynayır. Neqativ təsirləri strelizasiya edir. Daha ağır şərtlərlə xarici investisiyaya ehtiyac duymursan. Milli valyutanın dəyərini saxlamaq üçün sərt monetar tədbirlərə əl atmırsan. Neft pullarının hərarətləndirdiyi iqtisadiyyatda heç bir hökumətin tərcümeyi-halına uğur hekayəsi yazılmır. Əldə etdiyin hər bir uğur sənin bacarıqlarının nəticəsi yox, təbiətin sənə bəxş etdiyi hədiyyənin nəticəsi sayılır. Bu əslində lotereya uduşunda bahalı priz əldə edənin taleyidir. Sən belə bir “tale iqtisadiyyatı” yaratma, iqtisadiyyatın taleyini yarat!