Rejimin sözçüsü hökumət komandasını necə təhqir etdi?
Heç kimə sirr deyil ki, mövcud hakimiyyət bütün zamanlarda rəqiblərinə qarşı ən iyrənc vasitələrdən istifadə edib. Hətta bu iyrəncliyi telekanallar vasitəsilə yayımlamaqdan, əlaltılar vasitəsilə dilə gətirməkdən də çəkinməyiblər.
Amma biz uzun illər buna qarşı mübarizə aparmışıq, ailə məsələlərinin, təhqirin siyasətə gətirilməsinə, əxlaqsızcasına mübarizə aparılmasına etiraz etmişik. Real müxalifət heç vaxt təhqir diliylə danışmayıb. Sadəcə kəskin tənqid edib, rejimin anti-demokratik addımlarını dilə gətirib. Hökumətə münasibətimiz hamıya bəllidir, amma qatı cinayətkarı da təhqir etmək, insanların ailəsini alətə çevirmək ləyaqətsizlikdir.
Biz uzun illər bunları yazsaq da, hakimiyyət dərs çıxartmadı. Müxalifət liderlərinə qarşı əxlaqsızcasına təbliğat apardılar, bu gün də bu proses davam edir. Müxtəlif saytlarda, sosial şəbəkələrdə iyrənc fəaliyyətlə məşğuldular.
Amma dediklərimiz öz yerini tutdu və hakimiyyətin “mübarizə üsulu” bumeranq effekti verməkdədir.
Bəli, hakimiyyətin yaratdığı “ənənə” indi hakimiyyətin özünü döyəcləməkdədir. Belə ki, uzun illər hökumətin sözçülüyünü edən, hökumətin müxalifət kimi cəmiyyətə təqdim etdiyi, hətta prezidentliyə namizəd kimi qeydə aldığı adam bütün hökumət komandasını ən ağır təhqirə məruz qoydu. Bu şəxsin dedikləri fikirlər sosial şəbəkələrədə yayıldı, insanlar bu sözləri eşitdi. Bəli, hökumətin adamı məmurları ailə pozğunluğunda suçlayır “Məmurlar bir-birinin arvadlarını alırlar. Əgər araşdırma aparılsa, məlum olar ki, bunların övladları da bir-birindəndir” – deyə hökumətin “siyasətçisi” bildirir.
Bəli, dünənə qədər bu adamı müxalifətin üstünə göndərirdilər və ləyaqətli insanların təhqir olunmasından feyziyab olurdular.
Əxlaqsızlığın siyasətə gətirilməsinə göz yumanlar, cəzasızlıq mühiti yaradanlar, bütün eybəcərliklərə “yaşıl işıq” yandıranlar, indi yaratdıqları “əsər”in qurbanına çevrilib.
Həm də bu adam bütün hökumət komandasını hədəf seçir və ailə əxlaqsızlığından, namussuzluqdan söhbət açır.
Yəqin ki, bundan ağır təhqir forması, bundan ağır ittiham ola bilməz. Adam öz aləmində bütün komandanı hədəf seçərək, Ilham Əliyevi müdafiə edir. Əslində isə israrla komandanın pozğunluğunu, cəmiyyət üçün yararsız olduğunu sübut etməyə çalışır.
Illərlə müxalifət fəallarını tənqidə görə şərləyib həbs edənlər, indi rəngarəng təhqirlərlə üz-üzə qalıblar. Həm də bu təhqirləri hansısa müxalifətçi yox, hökumətin yetirməsi səsləndirir.
Cənablar, bu bumeranqı necə qəbul etdiniz? Indi nə düşünürsünüz? Sizin bu cəmiyyətə verdiyiniz məhz bu “dəyərlər”di. Biz dedik ki, təhsili, səhiyyəni, iqtisadiyyatı inkişaf etdirin, siz şər-böhtanı, təhqiri, əxlaqsızlığı inkişaf etdirdiniz.
Qismətdə, əkdiyinizi biçmək də var imiş.
Samir



