General biznesmenin qətlində ittiham olunur

 

rovsan_ekberovUkrayna Baş Prokurorluğunun məktubu və Avropa Məhkəməsinin qərarında general Rövşən Əkbərov barədə nələr yazılıb?

Səmayə Əliyeva: «Qəbələdə Ilham Əliyevin əlindən yapışdım, ona yalvarıb dedim ki…»

Korpus komandiri, general Rövşən Əkbərovun adı qətl hadisəsində hallandırılır. Bakı sakinləri Səmayə Əliyeva və Fəday Əliyev 2001-ci ildə 29 yaşında qətlə yetirilmiş yeganə oğulları – iş adamı Elçin Əliyevin ölümündə generalı günahlandırır. Hələ 2002-2003-cü illərdə dəfələrlə mediada bu barədə açıqlamalar verən valideynlər övladlarının qətlilə bağlı cinayətin üstünün açılmaması, günahkarın cəzalandırılmaması ilə əlaqədar yenidən mətbuat konfransı keçiriblər.

“Oğlum yuxuma girir, deyir ki, ”ana, yaramdan qan gəlir”

Səmayə Əliyeva deyir ki, onun iddiaları konkret faktlara əsaslanır. Ukraynada baş vermiş qətl hadisəsilə əlaqədar bu ölkənin Baş Prokurorluğundan göndərilmiş möhürlü, imzalı məktubda yazılıb: “Elçin Əliyevin qətlində Əkbərov Rövşən Telman oğlunun iştirakına dair sübutlar əldə olunub. Lakin Rövşən Əkbərov Azərbaycan vətəndaşı olduğundan və hazırda da bu ölkənin ərazisində yaşadığından prokurorluğun böyük müstəntiqi tərəfindən bu cinayət işi Azərbaycanın müvafiq orqanlarına göndərilib. Ukrayna Baş Prokurorluğu Azərbaycanın Baş Prokurorluğuna Rövşən Əkbərova qarşı cinayət təqibinin həyata keçirilməsi barədə müraciət edib”.

Səmayə Əliyeva deyir ki, ötən on beş il ərzində döymədiyi qapı qalmayıb, hətta prezidentin regionlara səfərində də onu addım-addım izləyib ki, görüşüb ona sözünü desin və buna nail olub da: “2002-ci ildə – Heydər Əliyevin vaxtında Sədərəyə çıxmışam. Orada ”yoldaş prezident” çığıranda ağzımdan tutdular, eşitmədi, çox boylandı, məni görmədi. Dedilər, Mehriban xanım Əlillər Evindədi, ora getdim, amma görə bilmədim. Dedilər, prezident gedir Sabirabada, mən də ora getdim, uzaqdan çağırdım, məni sürüdülər. Ilham Əliyev dedi, imkan ver, danışıb qurtarandan sonra səni qəbul edəcəm. Amma sözünü qurtarandan sonra getdi mindi maşına, yenə arxasınca qışqıra-qışqıra qaldım. Axırıncı dəfə Qəbələyə getdim. Heydər Əliyev parkının açılışında prezidentlə Mehriban xanım gələndə mən Ilham Əliyevin əlindən yapışdım, ona yalvarmağa başladım, dedim ki, səni and verirəm getdiyin ziyarətgahlara, övladımın qatilini mənimlə üz-üzə qoyma, yaşaya bilmirəm. Qayıtdı ki, “ana, mən sənə kömək eləyəcəm”. Ukrayna prokurorluğunun məktubunu da verdim ona. Amma nəticəsi olmadı. Mən gecə yatanda oğlum yuxuma girir, deyir ki, “ana, yaramdan qan gəlir”. Mən hamıya yalvardım, dedilər ki, sənin işin prezidentlikdir. Axırda Fuad Ələsgərovun görüşünə getdim. O da dedi ki, mənlik deyil…”

Komitə sədri də həqiqəti bilir…

Diasporla Iş üzrə Dövlət Komitəsinin sədri Nazim Ibrahimovun həmin dövrdə Ukraynada səfir vəzifəsində çalışdığını və Elçin Əliyevlə dost olduğunu deyən ananın sözlərinə görə, orada Azərbaycan səfirliyinin binasının bir hissəsi oğluna məxsus olub: “Nazim Ibrahimov özü də bu işləri, Elçinin necə öldürüldüyünü yaxşı bilir. Bildiyimə görə, oğlum kafedə oturub, bir qədər sonra Rövşən Əkbərov da ora gəlib. Orada nəsə mübahisə düşüb. Mübahisədə oğlum kafedən çıxıb. Oğlum çıxıb maşının yanına çatanda hərbi bıçaqla ürəyindən vurulub və evinin yaxınlığında canını tapşırıb”.

Səmayə Əliyevanın sözlərinə görə, Ukraynadan cinayət işi göndəriləndən sonra əvvəlcə Hərbi Prokurorluğa, daha sonra Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər Üzrə Istintaq Idarəsinə verilib. Ana deyir ki, indiyə qədər bir neçə müstəntiq dəyişilib, bəziləri cinayətkarı cəzalandırmaq istəsə də, buna imkan verilməyib, həmin müstəntiq işdən uzaqlaşdırılıb. Bir qismi də ona açıq şəkildə deyib ki, bu cinayətin üstünün açılması mümkün deyil.

Yeri gəlmişkən, bu iş Avropa Məhkəməsinə də gedib çıxıb. Avropa Məhkəməsi 2014-cü il iyulun 31-də çıxardığı qərarla Səmayə və Fəday Əliyevlərin haqlı olduğunu təsdiqləyib. Qərarda bu iş üzrə Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ) maddəsinin pozulduğu təsdiqlənib. Qeyd olunub ki, ərizəçilərin oğlunun ölümü ilə bağlı düzgün və effektiv araşdırma aparılmayıb.

Avropa Məhkəməsinin qərarı niyə icra olunmur?

“Azərbaycan hökuməti üzərinə Avropa Məhkəməsinin qərarlarının icrası barədə öhdəlik götürsə də, nədənsə, iki ilə yaxındır ki, dövlət orqanları bu qərarın icrası istiqamətində heç bir addım atmır. Rəhmətlik Elton Quliyev bizim vəkilimiz idi və bir müddət əvvəl Avropa Şurası Nazirlər Komitəsinə müraciət etmişdi. Çünki Avropa Məhkəməsinin qərarlarının icrasına bu orqan nəzarət edir. Müraciətdə xahiş olunurdu ki, bu cinayət işi üzrə istintaqın təzələnməsi və Rövşən Əkbərovun məsuliyyətə cəlb olunması təmin olunsun. Keçən ilin noyabrında bizə məlum oldu ki, nəinki tələblərimiz yerinə yetirilməyib, avqust ayında ümumiyyətlə, cinayət işi üzrə icraat dayandırılıb. Özü də bu barədə bizə noyabr ayında məlumat verilib”, – deyə Fəday Əliyev bildirib.

Valideynlərin sözlərinə görə, Avropa Məhkəməsinə şikayətlərilə bağlı kommunikasiya mərhələsində yazılaşmalar zamanı prokurorluq göstərib ki, Rövşən Əkbərovun bu işə aidiyyəti olmaması ilə əlaqədar onunla bağlı iş hələ 2003-cü ildə ayrılıb. Səmayə Əliyeva deyir ki, amma bu günə qədər həmin qərarı görməyiblər: “Hesab edirəm ki, belə bir qərar olmayıb. Vəziyyətdən çıxmaq üçün köhnə tarixlə onu düzüb-qoşublar”.

Sonda valideynlər bir daha dövlət başçısına üz tutaraq, ondan kömək istəyir: “Mən yaşaya bilmirəm. Rövşənin doğrudan da günahı yoxdursa, tutulmasını istəmirəm. Mənim istədiyim ədalətin olmasıdır. Bala adamı yandırır…”

Informasiya şöbəsi