elnurastanbeyli@gmail.com
Bizdə özünü ağıllı hesab edən xeyli adam var, onların fikrincə, hakimiyyətdən yaxşı, düz işlər gözləyiriksə xalq olaraq, özümüz məsələn, yolu yeraltı keçiddən adlamağı öyrənməliyik, yaxud küçədə bağıra-bağıra danışmamalı, yerə tüpürməməliyik və s. və i. Guya mən işıqforu qırmızı işıqda keçirəmsə, bu, hansısa nazirin büdcəni yeyib-dağıtmasına əsas yaradır, bəraət qazandırır. Bir sözlə, “hər xalq öz hakimiyyətinə layiqdir”, filan-bəsməkan.
Əvvəla, xalqın öz hakimiyyətinə layiq olması üçün həmin hakimiyyətin mənbəyi xalq olmalıdır. Qoy öncə ölkədə azad, demokratik seçkilər keçirilsin, xalq öz hakimiyyətini forrmalaşdıra bilsin, milli iradə təcəlla etsin, xalqın seçdiyi həmin hakimiyyət talançılıqla, zülmkarlıqla məşğul olsun, ondan sonra deyək ki, bəli, bu xalq öz hakimiyyətinə layiqdir. Yoxsa mən seçmədiyim, dünya tarixində misli-bərabəri olmayan saxtakarlıqla, anti-demokratik yollarla formalaşmış bir hakimiyyətə niyə layiq olmalıyam?!
Ikincisi: hər bir hakimiyyətin o ölkədə ictimai şüur səviyyəsindən asılı olmayaraq, bir nömrəli vəzifəsi, əsas missiyası öz xalqına doğru tərcihlər təklif etməkdir. Bir xəstə düşünün – dar görüşlüdür, cahildir. Bəyəm bu həkimə əsas verirmi ki, onun müayinə və müalicəsindən imtina etsin, onu sağaltmaq əvəzinə ağzına yastıq basıb öldürsün, desin ki, cahildir, deməli yaşamaq haqqı yoxdur. Hakimiyyətlər üçün də eyni məntiq keçərlidir. Toplumun ciddi mənəvi çatışmazlıqları ola bilər, ancaq bu ona qarşı aqressiv olmağa, onun haqlarına təcavüz etməyə, onun cibinə girməyə əsas yaratmır. Əksinə, hakimiyyətdəkilərin borcudur ki, xalq üçün müsbət nümunələr yaratsınlar, onu doğru yola yönləndirsinlər, onu ali dəyərlərə istiqamətləndirsinlər. Hərçənd mən Azərbaycan xalqının potensialına inanıram, təkcə ötən çağın əvvəllərində və sonlarında müşahidə etdiyimiz pozitiv tendensiyalar, meyllər, ortaya çıxan işıqlı insanlar bizim xalqın yüksək dəyərlərə müsbət reaksiya vermək imkanlarını, gücünü göstərir. Yaptokratiya istəsəydi, məhz xalqın bu potensialına “stavka” edər, onun həmin imkanlarını dəyərləndirər, nəticədə Azərbaycanın çağdaş, modern dünyanın bir parçası olması istiqamətində ötən 22 ildə xeyli məsafə qət edərdi. Bunun əvəzində rejim toplumun neqativ vərdişlərinin daha da çoxalması, yayılması, dərinləşməsi üçün münbit şərait yaratdısa, daha biz onu niyə məsuliyyətdən azad etməyə çalışmalı, bunun üçün min dərədən su gətirməli, yeganə günahkar qismində ancaq xalqı göstərməliyik?!
Kimsə elə düşünməsin ki, mən xalq amilini tamamilə istisna edirəm. Əsla! Şərtlər nə olursa olsun, hər bir vətəndaş öz ölkəsinin bugünki və gələcək taleyinin müəyyənləşməsində iştirak etməyə can atmalıdır, siyasiləşməkdən qorxmamalıdır, haqsızlığa, ədalətsizliyə təpki verməyi bacarmalıdır. Unutmamalıdır ki, əgər bu gün zalımın zülmü ondan yan keçirsə, o demək deyil sabah da belə olacaq. Ədalətsiz rejimlərdə kimsənin mal və can güvənliyi olmaz. Zülm əvvəl-axır hər kəsin qapısını döyür. Ona görə də növbənin ona çatacağı günü gözləmədən hər vətəndaş haqsızlığa diş qıcamaq cəsarətini göstərməlidir. Bunu da bacarmırsa, heç olmasa, zülmün cərgəsində yer almamalıdır.
Bax məhz bu nöqtədə xalqın məsuliyyəti təbii ki, istisna edilə bilməz. Ancaq unudulmamalıdır ki, bir ölkənin tərəqqisində həlledici amil hakimiyyətdir. O bir nömrəli cavabdehdir. Əgər bu gün rejim çağımızın ən böyük təbliğat silahı telekanallardan ictimai şüuru zəhərləmək, səməd səmədovları, rəqsanələri, elgizləri dəyər kimi insanlara sırımaq üçün istifadə edir, amma telekanalların təbliğat gücündən toplumu ali ideallara, bəşəri dəyərlərə təşviq etmək üçün yararlanmağı ağlının ucundan keçirmirsə, daha biz nədən danışır, xalqdan nə umub-küsürük? Yaxud rejimin məqsədli siyasəti nəticəsində ölkədə təhsil sistemi çökdürülüb, məktəb rüşvət yuvasına çevrilib, müəllim adı isə seçki saxtakarlığı ilə assosiasiya olunursa, soruşmağa ayıb olmasın, xalq mütərəqqi fikrə harda yiəyələnməli, cəhalət girdabından necə qurtulmalıdır?!