“Üsyankar” müstəntiq həbsdən ev dustaqlığına buraxıldı VİDEO

rufet-seferov-azad-edildi2

Rüfət Səfərov: «Əmin edirəm ki, şərəflə doğuldum, şərəflə yaşayıram, şərəflə də öləcəyəm!»

Bir ay əvvəl kütləvi qanunsuzluqlara, insan haqlarının pozulmasına etiraz olaraq, Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verən Rüfət Səfərov dünən həbsdən buraxılıb. Yanvarın 15-də onun barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.

Rüfət Səfərovun vəkili Bəhruz Bayramov müvəkkilinin barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi üçün Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdi. Dünən hakim Mirheydər Zeynalovun sədrliyilə bu vəsatətə baxılıb və təmin olunub.

Məhkəmədən sonra Bəhruz Bayramov “Azadlıq”a açıqlamasında qərarın təqdirəlayiq olduğunu bildirib. Qeyd edib ki, Rüfət Səfərov həbsdən buraxılsa da, onun barəsində cinayət işinin istintaqı davam edir: “Bundan sonra bütün diqqətimizi istintaqa yönəldəcəyik”.

Dünən saat 16.00-da Bakı Apelyasiya Məhkəməsində də Rüfət Səfərovun barəsində həbs-qətimkan tədbirinin seçilməsinə dair yanvarın 15-də çıxarılmış qərardan apellyasiya şikayətinə baxılmalı idi. Lakin bundan Binəqədi məhkəməsində Rüfət Səfərovun barəsində həbs-qətimkan tədbiri dəyişdirildiyinə görə bu məhkəmə iclası keçirilməyib. Vəkil bildirib ki, artıq müdafiə etdiyi şəxs həbsdən buraxıldığına görə həmin şikayətdən imtina ediblər.

Rüfət Səfərov özü isə məhkəmənin qarşısında ictimaiyyətə, xüsusən media nümayəndələrinə minnətdarlığını ifadə etməklə kifayətlənib. Keçmiş müstəntiq daha sonra bu barədə fikirlərini “facebook” səhifəsində də paylaşıb: “Azadlıqda xoş görüşdük. Əziz bacı və qardaşlarım! Vicdan və ədalət hissini gözardı etməyən insanlar! Azad media təmsilçiləri! Vətəndaş cəmiyyətinin ləyaqətli kəsləri! Mənə verdiyiniz dəstəyə görə sidq-ürəkdən minnətdarlıq edirəm. Mənə dəstək verənləri əmin edirəm ki, şərəflə doğuldum, şərəflə yaşayıram, şərəflə də öləcəyəm!”

Qeyd edək ki, Rüfət Səfərov YAP-ın qurucularından biri olan keçmiş deputat Eldar Sabiroğlunun övladıdır. Eldar Sabiroğlu və həyat yoldaşı Tahirə Səfərova oğlunun həbsdən buraxılmasına görə dövlət başçısı Ilham Əliyev və onun xanımı Mehriban Əliyevaya minnətdarlıq məktubu ünvanlayıb.

Xatırladaq ki, Rüfət Səfərov dekabrın 20-də Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verib. Bundan dərhal sonra Zərdab Rayon Prokurorluğunda yoxlama, onun yaşadığı evdə isə axtarış aparılıb, mənzildən onun kompüteri, telefonu götürülüb. Yanvarın 15-də isə Rüfət Səfərova qarşı CM-nin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsilə ittiham irəli sürülərək həbs olunub.

Aytən Məmmədova