“Şairi həbs etmək sizə baş ucalığı gətirməz…”

saday shekerliYaxın günlərdə şərlənərək həbs olunan şair Saday Şəkərlinin xanımı Şəkərova Əminə qəzetimizə məktub göndərib. Məktubu olduğu kimi təqdim edirik:

-Mən olanlar haqda danışmaq istəmirəm, çünki Saday Şəkərli öz məktubunda hər şeyi açıq- aydın hamıya çatdırmışdı. Bircə onu demək istəyirəm ki, o, şantajla ittiham olunursa, bəs niyə son kitabı olan “Qurd ürəyi” aftobioqrafik romanı evdən protokola salınmadan, şahid çağırılmadan son nüsxəsinə kimi müsadirə edilib? Mən bizim çəkdiklərimizi, hiss etdiklərimizi onu şərləyərək həbs etdirən nazirin ailəsinə çatdırmaq istəyirəm. Siz sıradan birini həbs etdirməmisiniz, şairi həbs etdirmisiniz! Başımıza gətirdiyiniz bu müsibəti heç sizə də arzulamıram. Hər gün axşam evinizə gedəndə, balalarınızı görməyə tələsəndə bir ailəni sahibsiz qoyduğunuzu yadınıza salın. Hər gecə nəvələrimi yatırdanda verdikləri sualın altında əzilirəm “nənə, babam nə vaxt gələcək, axı biz onunçün darıxmışıq?”.

Bu məmur özbaşınalığına son qoyulacağı günü səbirsizliklə gözləyirəm. Düşünürəm ki, görəsən, bu toru şairin başına keçirən o məmurun vicdanı sızlayırmı? Heç fikirləşirmi ki, bu boyda günahı ömrü boyu necə daşıyacaq? Onsuz da çətin olan həyatımızı kabusa çevirdiyinin fərqindədirmi? Yadınıza salın, Nəsimini, Müşfiqi, H. Cavidi, Ə.Cavadı… Şairi həbs etmək sizə baş ucalığı gətirməz. Onu da deyim ki, Saday Fazil Məmmədovun, doğrudan da, şeirə, şairə böyük rəğbəti olduğunu bildirirdi. Buna görə də, şairin ona yüksək hörməti vardı. Ailəmiz heç istəməzdi F. Məmmədovun adı belə biabırçı bir həbsdə hallansın. Mən Allahıma güvənirəm, şairlər Allahın seçilmiş bəndələrindəndir. Bu işlə məşğul olan bütün istintaq orqanlarına bildirmək istəyirəm ki, Saday Şəkərli günahsızdır, əllərini vicdanlarına qoyub düzgün qərar çıxartsınlar. Çox şeydən narahatam. Son vaxtlar səhhətiylə bağlı problemləri var idi. Şəkəri vardı, ürəyi, qaraciyəri onu incidirdi. Bu vəziyyətdə onun məhbəsdə necə qaldığını təsəvvür belə edə bilmirəm. Mən bu işi aparanlardan ədalət gözləyirəm. İnanıram ki, haqq nazilər, üzülməz!