Məhəmməd Talıblı: «Bu iki ölkə arasında yaranmış siyasi gərginlik iqtisadi sfera da özünü göstərməkdədir»
Dünyada neftin qiymətində qeyri-sabitlik davam edir. Neftin qiyməti artıq 30 dollarlıq psixoloji həddi keçib. Bu isə artıq qiymətin bir qədər də enməsinə zəmin hazırlayır. Davosda keçirilən beynəlxalq iqtisadi forumda çıxış edən Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin neftin qiymətləri ilə bağlı fikirlərini açıqlayıb.
Onun sözlərinə görə, “qara qızıl”ın dünya bazarlarındakı qiyməti yaxın vaxtda 18 və ya daha da aşağı, 16 dollara qədər düşə bilər.
“Biz bu gün neftin qiymətlərinin ucuzlaşması üçün çoxlu sayda faktorlar görürük. Məsələnin müşkül tərəfi ondadır ki, biz hələ ən minimal qiymətin həddini belə proqnozlaşdıra bilmirik. Neftin qiymətləri biz gördüyümüzdən daha da aşağı düşəcək”, deyə Kudrin bildirib.
Burada bir məqamı da qeyd etmək lazımdır ki, dünya bazarına yeni neft satıcısı kimi daxil olacaq Iran artıq indidən bəyan edir ki, neftini bazardakı qiymətlərdən 7 faiz ucuz satacaq. Bu isə o deməkdir ki, artıq Iranın dünya bazarına daxil olması ilə neftin qiyməti bir qədər də enəcək. Ekspertlərə görə, Iranın rəqibi Səudiyyə Ərəbistanının bu təşəbbüsə biganə qalmayacağı gözlənilir. Hətta Səudiyyənin nefti Iranın satacağı qiymətdən də aşağı endirə biləcəyi ehtimal edilir. Bəs, Iranla Səudiyyənin neft savaşı dünya bazarına nə vəd edir?
Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, bu iki ölkə arasında yaranmış siyasi gərginlik iqtisadi sferada özünü göstərməkdədir. Səudiyyə Ərəbistanı çalışır ki, dünyada neft hasilatındakı aparıcı mövqeyindən istifadə edib Irana dərs versin: “Iranın ən zəif yeri də məhz budur – neft kanalı ilə daxil olan valyuta həcmini azaltsın. Yəni neftin qiymətinin aşağı düşməsi Irana da az zərbə olmaz. Bu resurs iqtisadiyyatı olan ölkələri xeyli sarsıdır. Nəzərə alaq ki, Səudiyyə Ərəbistanı OPEK-in elə bil üç tikəsindən ən böyüyüdür. 1970-ci illərdə də analoji addımı başqa bir ölkələrə tətbiq etmişdi. Ona görə öz hasilatı vasitəsilə dünya neft bazarına böyük təsir edir və buna ciddi-cəhdlə çalışır”.
M.Talıblının fikrincə, açıq etiraf etmək lazımdır ki, neftin iniki qiymət səviyyəsi (29 dollar) kifayət qədər aşağı həddir. Daha bundan aşağı nisbi düşməsi istisna olunmur. Amma bu həddə qədər eniş artıq çoxsaylı resursla zəngin ölkələr üçün kritik həddir: “Bu tendensiya davam edəcəyi təqdirdə isə neftin 1 barreli 20-25 dollara qədər də düşə bilər. Qeyri-neft ixracatından gəliri olmayan ölkələr üçün bu, makroiqtisadi göstəricilərin ciddi sürətlə pisləşməsi deməkdir. Iranın bu qiymət həddinə müyyən qədər dözmək üçün daxili imkanları olacaq, amma uzun müddətə Iran gərək özünü pis sürprizlərə hazırlasın. O sıradan neftlə zəngin ölkələr də”.
Xəyal