elnurastanbeyli@gmail.com
Yapçıların təhsil naziri Mikayıl Cabbarov Londonda keçirilən ənənəvi Dünya Təhsil Forumunda çıxış edib, deyib ki, “Azərbaycanın təhsil təcrübəsi beynəlxalq maraq doğurur”. Indi xeyli adam Mikayıl müəllimin bu sözlərinə dodaq büzür. Əslində isə onun dediklərində böyük həqiqət vardır.
Əvvəla, dünyanın harasında qoruq müdirini təhsil naziri təyin edirlər? Bu doğrudan da cahanşümul hadisədir, heyrətamiz faktdır. Gərək digər ölkələr də bizim bu təcrübədən dərs çıxarsınlar, ibrət götürsünlər, onu diqqətlə öyrənib özlərində tətbiq etsinlər.
Ikincisi, dünyanın harasında “müəllim” sözü seçki saxtakarlığı ilə assosiasiya olunur? Müəllim ki, seçki qutusuna topa-topa bülleten doldurmadı, seçki karuselində məntəqə-məntəqə dolaşmadı, həmin müəllimdən nə gözləmək olar? Onun şagirdləri, tələbələri hansı biliyə, savada yiyələnə, hansı elmi uğura imza ata bilər?!
Üçüncüsü, Azərbaycanın təhsil təcrübəsi göstərir ki, müasir dövrdə məktəbi “süpürgəpulu”suz, “fondpulu”suz, “8 mart pulu”suz təsəvvür etmək mümkün deyil. Çünki uşaqlar rüşvəti hələ məktəbli vaxtlarından dadmalıdırlar ki, gələcəkdə peşəkar korrupsionerə çevrilə bilsinlər, yoxsa Avropada-zadda olduğu kimi, maymaq, fərsiz böyüməsinlər. Məsələn, təzəlikcə orada bir nazirin siftəsi kor olmuşdu, ömründə ilk dəfə aldığı rüşvət dərhal ifşa edilmiş, həmin nazir də məcbur olub istefa vermişdi. Belə fərasətsiz kadrlara ölkə tapşırmaq olar? Halbuki bizdə çinovniklərin rüşvət almadığı, büdcə pullarını basıb yemədiyi gün, saat, dəqiqə yoxdur, amma uca millət, sevgili xalq bunun mində birindən xəbər tuta, ya tutmaya. Niyə? Çünki bizdə belə bacarıqlı, peşəkar kadrları hələ uşaq bağçasından yetişdirməyə başlayırlar, orta məktəblərdə onların rüşvət barədə bilik və bacarıqları daha da artırılır, universitetlərdə isə artıq onlar potensial rüşvətxor kimi təkmilləşirlər.
Yeri gəlmişkən, Mikayıl Cabbarov Londonda Azərbaycanın təhsil təcrübəsinin beynəlxalq maraq doğurması barədə “qızıl xırdalayarkən”, burada bir ali məktəbdə, daha dəqiq desək, Gəncə Dövlət Universitetində tələbələr ayağa qalxdılar, onlardan imtahan dövründə alınan rüşvətin artırılmasına etiraz etdilər.
Çox haqlı etirazdır, ikiəlli dəstəkləyirəm. Bəyəm rüşvət də xaricdən idxal olunur ki, o da yağın, çayın, qəndin qiyməti kimi, qalxsın?! Rüşvət ki ölkəmizdə boldur, hətta biz dünyaya rüşvət ixrac edən ölkəyə çevrilmişik, bir də baxırsan, hansısa ölkədə bizdən aldığı rüşvətə görə özlərinin deputatlarını, vəzifəli adamlarını yıxıb-sürüyürlər, ya da hansısa beynəlxalq idman yarışında rüşvətlə medal almağımız barədə yazıb-pozurlar. Yaxşı, bütün bunlardan sonra niyə Azərbaycanda rüşvət də qalxmalıdır? Bu cinayətdir, vicdansızlıqdır, dövlətə xəyanətdir.
Düzdür, bəzi ağzıgöyçəklər deyirlər ki, tələbələrin onlardan yerli-dibli rüşvət istənilməməsini tələb etmək əvəzinə, rüşvətin artırılmasına etiraz etmələri biabırçılıqdır, Azərbaycanın xoşbəxt, işıqlı gələcəyinə inamı azaldır. Daha nə bilim, nə. Bunlar, əlbəttə, boş söhbətlərdir, ölkəmizdəki inkişafı görməyən qara qüvvələrin sayıqlamalarıdır. Necə yəni yerli-dibli rüşvət olmasın? Bu yaxınlarda çox hörmətli yazıçımız-deputatımız Aqil müəllim Abbas tamamilə haqlı olaraq, müdrikcəsinə qeyd etdi ki, Gürcüstanda ona görə rüşvət yoxdur ki, orada pul yoxdur, pul yoxdursa, camaat necə rüşvət versin!
Mən bu dərin elmi-analitik təfəkkür qarşısında ehtiramla baş əyərək, ölkəmizin inkişafını gözü götürməyən, onun paxıllığını çəkən qara qüvvələrdən soruşuram: indi siz “rüşvət yerli-dibli olmasın” deməklə nə istəyirsiniz? Istəyirsiniz ki, biz də düşək Gürcüstanın gününə? Arzulayırsınız ki, pulsuzlayaq, bir həsir qalaq, bir Məmmədnəsir? Qoy rüşvət həmişə olsun. Rüşvət varsa, deməli, pulumuz da var.
Sonda isə Mikayıl müəllimə arzulayıram ki, Londondan geri – Bakıya uçarkən təyyarədə öz ənənəsinə sadiq qalsın, nəticədə onun vəzifəsini daha da böyütsünlər. O qədər böyütsünlər, nəinki təhsilin, bütün sahələrin naziri olsun.
Amin!