Rasim Əliyevin anası məhkəmədə oğlunun ölümünə səbəb olan həkim məsuliyyətsizliyinin təfərrüatlarını açıqladı
Zərərçəkmiş təqsirləndirilən şəxslərə ağır cəza verilməsini istədi
Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində proses davam edir. Jurnalisti döyüb öldürməkdə təqsirləndirilən beş nəfərdən dördü əvvəlki məhkəmə iclaslarında dindirilib. Qalan bir nəfər – Samir Mustafayev də dünən ifadə verib.
“Müstəntiq ağzına gələni yazıb…”
Samir Mustafayev ifadəsində bildirib ki, onunla birlikdə mühakimə olunan şəxslərin heç birini hadisədən əvvəl tanımayıb. Onun sözlərinə görə, həmin şəxslərə Rasim Əliyevin görüş təyin etdiyi yeri aparıb göstərəndə də onların hansı məqsədlə getdiyini bilməyib: “Mənə Pərviz zəng eləyib dedi ki, dayısı oğlu Elşən ”Bayıl market”in qarşısında bir nəfərlə görüşüb çay içməlidi, amma oranı tanımır, aparıb göstərmək lazımdır. Mən də Bayılda oluram, maşınla gəldilər, elə ayaqla gəzə-gəzə aparıb göstərdim. Biz ora çatandan təxminən bir dəqiqə, dəqiqə yarım sonra rəhmətlik də gəldi. Mən nədən söhbət getdiyini bilmədiyim üçün kənarda dayanmışdım. Dava düşəndə də mənim elədiyim əl verib onu yerdən qaldırmaq olub. Bilsəydim ki, belə olacaq, heç aparıb göstərməzdim. Kim özünü oda atar?! Mən insanlığımı elədim, amma belə baxıram ki, insanlıq eləmək lazım deyilmiş.
Rəhmətlik durub qaçdı, ətrafda qadınlar vardı, onlar səs-küy saldı deyə, biz də bu biri tərəfə qaçdıq. Mən də namaz qılanam, bildim ki, məscidə ziyarət namazı qılmağa gedirlər, mən də onlarla getdim”.
Samir Mustafayevin məhkəmədə dediklərilə istintaqa ifadələri arasında ziddiyyət olduğundan hakim Eldar Ismayılov həmin ifadələri elan edib. Məsələn, o, məhkəmədə deyir ki, Elşən Ismayılovgilin Rasimlə görüşə dalaşmaq məqsədilə getdiyini bilməyib, ona çay içmək üçün görüşəcəkləri bildirilib. Amma istintaq ifadələrində yazılıb ki, Elşən Ismayılov ona Rasimlə əvvəlcə dayısı oğlu olan futbolçu Cavid Hüseynova, daha sonra isə onun özünü söydüyünə görə mübahisə yarandığını danışıb.
Samir Mustafayev istintaqa belə ifadə vermədiyini, müstəntiqin yalan yazdığını bildirib: “Müstəntiq ağzına gələni yazıb…”
Vəkillər bildirib ki, ifadələr tamamilə bir-birinin təkrarıdır, hətta hərf səhvlərinə qədər. Məsələn, ifadələrin birində “aydınlaşdırmaq” sözü necə səhv yazılıbsa, o birisində də eyni cürdür.
“Rasimi Cavid aldadıb evdən çıxarıb”
Dünənki məhkəmə iclasında həmçinin mərhum jurnalistin anası Teyfurə Əliyeva zərərçəkmiş qismində ifadə verib. O bildirib ki, hadisə baş verən gün həm futbolçu Cavid Hüseynov, həm də Elşən Ismayılov Rasimə 6-7 dəfə zəng edib. Əvvəlcə onların arasında telefon danışığı gərgin olsa da, sonradan mülayimləşib: “Birinci zəngdə gərgin danışırdı, amma mən onun ağzından söyüş eşitmədim. Danışandan sonra mənə izah elədi ki, futbolçu, bir dəfə stadionda, ikinci dəfə də jurnalistlərin qarşısında nalayiq hərəkət eləyib, mən də bu barədə yazmışam, deyəsən, xoşlarına gəlməyib. Cavid ona demişdi ki, məqsədi təhqir etmək olmayıb, Rasim də məsləhət vermişdi ki, mənim kimi çoxları səhv başa düşməsin deyə, bir açıqlama ver. Sonra yenə ardıcıl zənglər gəldi. Rasim dedi ki, indi də bibisi oğludur, məni çay içməyə çağırır. Bunların arasında mübahisə olmuşdu, Cavid axırıncı danışığında Rasimə demişdi ki, ”Elşənlə danışmışam, səndən üzr istəyəcək”. Rasim evdən çıxanda soruşdum ki, hara gedirsən, birdən aldadarlar səni? Dedi ki, “Cavidlə kişi kimi söhbət eləmişik”. Cavid danışıqlarda bilmişdi ki, biz də Cəbrayıldanıq. Cavid “yerli” adıyla aldadıb Rasimi evdən çıxarıb…”
Teyfurə Əliyeva ifadəsində qeyd edib ki, oğlunun ölümündə həkimlərin məsuliyyətsizliyi, səhlənkarlığının da rolu olub: “Mən hadisəni biləndə təxminən bir saatdan çox onu axtardım. Telefonuna zəng elədim, zəng çatmadı. Bir xeyli sonra evimizə zəng gəldi ki, xəstəxanadadır. Özü hadisədən sonra qaçıb yolu keçəndən sonra ağrıdan başını tutub qışqırırmış. Sonra birtəhər özünə gəlib maşına oturub xəstəxanaya gedib. Biz xəstəxanaya çatanda hələ heç nə eləməmişdilər. Deyəsən, elə baxımsızlığa görə Rasim etiraz eləmişdi, buna görə gərginlik olmuşdu. Bizim yanımızda rentgen elədilər. Babək həkim rentgetdən sonra mənə dedi ki, ”narahat olmayın, ciyəri təmizdir, qabırğalarında yerini dəyişməyən sınıqlar var”. Həkim Rasimə dedi ki, “gəzmə, ciyərinə maye dolar”. O da cavab verdi ki, “çarpayı verin ki, uzanım da”. Axşam 11-ə qədər yanında oldum, sonra evə getdim ki, yemək, geyim gətirim. O vaxta qədər danışırdı, hər şey qaydasında idi. Düzdür, ağrısı var idi, qabırğa nahiyələrini tuturdu. Ona sistem qoşmuşdular. Polisə də mənim telefonumla özü zəng elədi. Mən evdə olanda Cavid meneceri ilə gəlibmiş. Evdən Rasimə zəng elədim, onda mənə xəbər verdi ki, üzrxahlıq eləməyə gəlibmiş. Dedi ki, “indi xəstəxanaya qayıdacaqsan, gələrsən, qalanını sonra danışaram”. Elə evə təzəcə çatıb bir stəkan çay içmək istəyirdim ki, 1-ə qalmış Babək həkim zəng elədi, dedi ki, Rasimin vəziyyəti pisləşib, əməliyyata aparmalıyıq, təcili gəlin. Tez getdim. Reanimasiyanın qarşısında Saday həkim dedi ki, qabırğaları hər iki tərəfdən sınıb, ciyəri dağılıb, dalaq yoxdur… Babək həkim də yanında idi, ona dedim ki, bəs niyə bunları mənə bayaq demədiniz? Dedilər ki, əməliyyat qurtarıb. Dedim, mənə zəng eləyəndə bildirdiniz ki, əməliyyata aparırıq, bu cür ağır əməliyyat yarım saata, bir saata necə qurtara bilər? Siz adam dolayırsız? Reanimasiyaya girdim, gördüm ki, ağzı aralı, gözü açıqdı, özüm də tibb işçisiyəm, başa düşdüm ki, Rasim artıq yoxdur. Ona süni nəfəs aparatı qoşmuşdular. Rasim cərrahiyyə əməliyyatı olunmadan ölmüşdü, yalan deyirdilər. Ölmüş adamı xəstə adı ilə səhərə qədər saxlayıb bizi aldatdılar. Rasimin vəziyyəti o dərəcədə ağır idisə, niyə dərhal heç nə eləmədilər, yox, yüngül idisə, niyə öldü?”
Zərərçəkmiş qeyd edib ki, səhlənkarlığa yol vermiş həkimlərin cəzalandırılması üçün prezidentdən tutmuş, baş prokurora qədər müxtəlif dövlət orqanlarına müraciət edib, Bakı şəhər prokuroru Əziz Seyidovun qəbulunda olub.
Teyfurə Əliyevanın sözlərinə görə, futbolçu və meneceri xəstəxanada Rasimin yanında olarkən polislər gəlib, bu zaman Cavid Hüseynovgil durub gedib: “Günahı yoxdursa, niyə qaçırdı?”
Sonda Teyfurə Əliyeva məhkəmədən təqsirləndirilən şəxslərə ağır cəza verilməsini istəyib: “Bu adamlara qanunda nəzərdə tutulan ən ağır cəza nədirsə, onun verilməsini istəyirəm. Çünki onların burada belə danışmaqlarına baxmayın, hamısı hara və niyə getdiklərini yaxşı bilirdilər”.
Məhkəmə prosesi yanvarın 26-da davam edəcək.
Aytən Məmmədova



