Səbəb neftin qiyməti yox, yarıtmaz idarəetmədir
Manatdan bu günlərdə çox yazıldı,çox danışıldı və yəqin ki, bundan sonra da uzun müddət bu mövzu cox dartışılacaq. Əlbəttə,manatın öz dəyərini qızıla, dollara, eləcə də, digər sərbəst dönərli valyutalara nisbətdə belə qəfil, kəskin şəkildə itirməsi,heç şübhəsiz ki, cəmiyyətdə cox ciddi sosial -iqtisadi problemlər yaratmaqla yanşı, həm də insanlarda ciddi suallar yaratmış oldu. Doğrudan da 2015-ci ildə dövlət rəsmiləri tərəfindən ən yüksək səviyyədə təminatlar verilməsinə rəğmən, niyə manat öz dəyərini bu ildə 100%-dən bir az artiq səviyyədə itirmiş oldu və milli valyutamızın bu duruma duşməsinə səbəb nə oldu, kimdir günahkar?
Müstəqil iqtisadçılar haqlı olaraq manatın bu “taleyi” yaşamasını haqq etmədiyini, buna layiq olmadığını əsaslandırırlar.Onlar hesab edirlər ki, manat hokumətin apardığı yarıtmaz sosial-iqtisadi siayasətin, xüsusilə də, olkədə mövcud olan,oturuşmuş korrupsiya-rüşvət şəbəkəsinin, idxalda hökmranlıq edən və mən deyərdim ki, sahibkarlara münasibətdə reket qanunları ilə davranan süni inhisarçığın qurbanıdır. Lakin hokumət təmsilçiləri, onları haqlı-haqsız dəstəkləyənlər bu vəziyyətin təbii bir proses olduğunu, dünyada hökm sürən iqtisadi böhranın, eləcə də, neftin dünya bazarında qiymətinin kəskin düşməsinin nəticəsi hesab edir.
İstərdim ki, təkrarçılığa yol vermədən bəzi məqamlarla bağlı öz fikirlərimi bölüşüm. Bəri başdan bildirmək istəyirəm ki, mən müstəqil iqtisadçı-ekspert dostlarımın bu mövqeyini tam bölüşürəm. Əlbəttə, Azərbaycan zamanında Dünya Ticarət Təşkilatına üzv olsaydı, idxal mafiyasına yox desəydi, iqtisadiyyatın real sektorlarına, xüsusilə, aqrar sektor, emal sənayesinə gərəkən,məqsədyönlü dövlət dəstəyi verilsəydi, orta və kiçik sahibkarlığın inkişafını stimullaşdırmaq üçün sahibkarlara lazım olan ciddi vergi güzəştlərinin tətbiq edilməsini,onların aşağı faizli, bir çox hallarda faizsiz kreditlərə maneəsiz, rüşvətsiz, hər hansı süründürməçiliyə yol vermədən əlçatanlığı təmin edilsəydi, sahibkarlıq fəaliyyətinə DİN, MTN və s. digər aidiyyəti olmayan dövlət orqanlarının qanunsuz və reketçi müdaxiləsi dayandırılsaydı, istehsalı iqtisadiyyatın prioritet istiqaməti elan edib, bu işə həm daxili,həm də xarici investorları cəlb etmək, onların Arabulun,Zülfiqarlı qardaşlarının və başqa bu qəbilədən olan sahibkarların gününə düşməməsi üçün ciddi qanunvericilik bazası yaradılsaydı, istehsalın ilk illərində onları əsas vergilərdən azad etmək şərti ilə onlara qarşı mülayim vergi siyasəti tətbiq edilsəydi və qısası, korrupsiya və rüşvətə son verib,ölkədə azad və rəqabətə söykənən bazar iqtisadiyyatı formalaşsaydı, indi bizim ölkənin büdcəsi və ÜDM-in həcmi indikindən heç olmasa 2-3 dəfə çox olardı, istehlak bazarında qiymətlər indikindən ən azı 2-3 dəfə aşağı olardı, maaş və pensiyalar indikindən ən azı 2-3 dəfə çox və əhalinin məşğulluq səviyyəsi 30-40 % artmış olardı. Əlbəttə, belə olan halda Dövlət büdcəsinin formalaşması üçün Neft Fondunun transferlərinə də ehtiyac qalmazdı və bu gun üçün Neft Fondunun rezervleri,yığıma yönəldilmiş vəsaitlərinin həcmi indikindən 2-3 dəfə çox olardı.
Neft Fondundan söz düşmüşkən, ARDNF yaradılanda demək olar ki, model olaraq Norveç Pensiya Fondunun(əvvəllər Neft Fondu adlanırdı) struktur və fəaliyyət mexanizmi əsas götürülmüşdir. Bu baxımdan hər iki fondun oxşar cəhətləri coxdur. Lakin fərqli olan əsas cəhət bu tipli fondların demək olar ki, əsas fəlsəfəsini,mahiyyətini təşkil edən yığımla bağlıdır. Beləliklə, Norveç Pensiya Fondunun bu günə olan yığıma yönələn vəsaitinin, rezervlərinin həcmi 830 milyard dollar olduğu halda, bizim Neft Fondundakı rezervlərin həcmi 35,5 milyard dollar təşkil edir. Yəni, bir norveçlinin Neft Fondundakı şərti payı 163 min dollar olduğu halda, bir zəhmətkeş azərbaycanlının payı təqribən 3,5 min manatdır.Yəni, 47 dəfə az!
Təsəvvür edin ki, 2001-2015-cü illər ərzində bizim Neft Fondunun daxilolmaları 127,5 milyard ABŞ dolları səviyyəsində olmuş və bu vəsaitin düz 92 milyard ABŞ dolları (72 %-i) xərclənmişdir. 2016-cı il isitisna olmaqla, son 5 ildə isə Neft Fondundan dövlət büdcəsinə olan transferlərin həcmi, nə az, nə cox, təqribən 50 milyartd dollara yaxın olmuşdur.
Norveç Pensiya Fondunun yarandığı 1990-cı ildən bu günə 830 milyard daxilolmalarının , demək olar ki, bir senti də xərclənməmiş və 100% yığıma yönəldilmişdir. Norveçlilər haqlı olaraq deyirlər ki, bu fond və ora yığılan vəsaitlər bizim deyil, gələcək nəsillərindir. Gələcəkdə elə stiuasiyalar yarana bilər ki, biz bu vəsaitlərdən,məhz, o zaman ölkəmiz və övladlarımız naminə istifadə edərik!
Bir məqamı da vurğulayım ki, 2002-ci ildən Norveç hökuməti fondun vəsaitlərindən ölkə daxilində istifadə etmək hüququ əldə edə bilmişlər və onlar hər il büdcənin cari ehtiyaclarına ayrılmalı olan həddi də müəyyənləşdirmişlər. Bu hədd 4%-dir! Lakin bu hədd Pensiya Fondunun ümumi həcminin,yaxud illik daxilolmaların 4%-ni deyil, bu vəsaitlərin idarə olunmasından əldə olan illik gəlirlərin 4%- i həcmində ola bilər. Hətta bu da son deyil, onlar bu 4%-lik məbləği necə istəsələr xərcləyə də bilməzlər.Bu vəsaitlər yalnız yeni dəyər yaratmaq prespektivində olan sahələrə,istehsala,intellektual mülkiyyətin, elmin inkişafına yönələ bilər.
Əlbəttə ki, məqsədim heç də Neft Fondunun gəlir və xərclərini,rezrvlərini təftiş etmək , yaxud Norveç iqtisadiyyatının,idarəetməsinin daha şəffaf və uğurlu model olmasının,hətta, Norveç Pensiya Fondunun iki əsas məqsədindən birinin Norveç əhalisinin qocalmasıyla bağlı ortaya çıxan xərclərin öhdəsindən gəlmək olduğunu da bir daha xatırlatmaq deyil. Məqsədim,bir daha təkrar edirəm ki, Azərbaycanın Mərkəzi Bankının İdarə Heyətinin 21 fevral və 21 dekabr qərarları ilə milli valyutamızın dəyərdən salınmasının(devalvasiya) səbəbləri haqqında subyektiv fikirlərimi bildirməklə yanaşı, manatın bu vəziyyətə düşməsinin səbəbkarları ( hökumətmi, sadə vətəndaşlarmı, yoxsa dünyada və ölkəmizdə baş verən hansısa fors-major hallar, siyasi,iqtisadi böhranlarmı) haqqında da bəzi mülahizələrimi bölüşməkdir.
1.Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsinin 1.05 AZN səviyyəsində müəyyən edildiyi zaman bu qərarın milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək məqsədilə qəbul edildiyi bildirilmişdir.
Amma hesab edirəm ki, qərarın bu cür əsaslandırılması heç də əsaslı və məntiqli deyil. Çünki hökumət həqiqətən milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətliliyini və ixrac potensialını gücləndirməyi səmimi istəyirdisə iqtisadiyyatın şaxələndirilməsi işini indi yox, çoxdan həyata keçirməli, monopoliyaları indi yox, çoxdan götürməli (daha doğrusu yaradılmamasına evvəldən imkan verməməli ), dövlət büdcəsini Neft Fondu vəsaitləri hesabına deyil, Norveçdə olduğu kimi, məhz, şaxələnmiş iqtisadiyyatın hesabına doldurmalı və nəhayət, kəskin devalvasiyaya yox, yumşaq devalvasiyaya, özü də indi deyil, zamanında-neft gəlirlərinin pik dövründə və daha öncə getməli idi. Həm də, qəfil, əhalini dövlət başcısı, baş bankir səviyyəsində arxayın saldıqdan sonra yox, xüsusi maarifləndirici tədbirlər həyata keçirdikdən sonar getməli idi.
Rəsmi statistika da 21 fevral qərarının əsaslandırılmasını, xüsusilə də ixrac potensialını gücləndirmək fikirinin yanlış olduğunu təsdiq edir. Belə ki, 2015-ci ilin ilk üç ayında ixracın həcminin, müvafiq olaraq 1.277, 1.056 və 1. 049 milyard dollar olduğu halda, hesabatların açıqlandığı və bu qərarın qəbulundan 6 ay sonrakı dövrdə-sentyabr, oktyabr, noyabr aylarında bu rəqəmlər, uyğun olaraq, 0.586, 0.994 və 0. 849 milyard dollar olmuşdur. Göründüyü kimi 2015 ci ilin son 3 ayında ixrac əməliyyatının səviyyəsi məlum 21 fevral qərarından sonar kəskin artmalı olduğu halda, əksinə, ilk 3 ayın səviyyəsindən xeyli aşağı düşmüşdür.
Bu rəqəmlər qeyri neft-qaz ixrac əməliyyatları üzrə daha aşağıdır. Belə ki, yanvar-mart aylarında qeyri neft-qaz ixrac əməliyyatlarının həcmi müvafiq olaraq 0. 157, 0. 140 və 0. 057 milyard dollar olduğu halda, milli iqtisadiyyatın şaxələnməsinin stimullaşdırılması və ixrac potensialının daha da gücləndirilməsinə xidmət etməli olan 21 fevral qərarından keçən 6 aylıq müddətdən sonara, sentyabr-noyabr aylarında bu rəqəmlər uyğun olaraq 0.096 , 0. 147 və 0.134 milyard dollar olmuşdur. Yəni burada da artım yox, əksinə azlma müşahidə olunmuşdur. Əgər,doğrudan da bu qərar iqtisadiyyatın şaxələnməsinə azaçıq da olsa stimul versəydi, onda qeyri neft-qaz yönlü ixrac əməliyyatlarının ümumi ixracda xüsusi çəkisi əhmiyyətli dərəcədə artar, həm də aylar üzrə dinamikasında müsbət tendesnsiya hiss olunardı. Təəssüf ki, rəsmi statistik rəqəmlər bunun əksini deyir.
2. Mərkəzi Bankın manatın daha da dəyərdən düşməsinə xidmət edən 21 dekbr qərarında isə deyilir ki, cari ilin iyul ayının sonlarından etibarən neftin qiymətinin sürətlə aşağı düşməsi valyuta bazarına və məzənnəyə təzyiqi yenidən əhəmiyətli artırmış və tərəfdaş ölkələrdə davam edən devalvasiyalar milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinə mənfi təsir etməyə başlamışdır.Bu baxımdan yaranmış şərait valyuta bazarının və manatın məzənnəsinin yeni neft qiymətlərinə uyğunlaşmasını zəruri etmişdir.
Heç şübhəsiz ki, neftin dünya bazarında qiymətinin kəsgin azalması milli iqtisadiyyatlara və milli valyutaların məzənnəsinə təsirsiz ötüşməz. Lakin şaxələnmiş və azad rəqabətə əsaslanan milli iqtisadiyatlarda bu faktorun təsiri bir o qədər hiss olunmamlıdır. Yalnız iqtisadiyyatı əhəmiyyətli dərəcədə neftdən asılı olan ölkələrdə milli valyutanın 100%-lik dəyərsizləşməsi ilə nəticələnən devalvasiyalar müşahidə oluna bilər, necə ki, bizdə bu baş verdı.
Bəs görəsən 2015-ci ildə neftin qiymətinin kəskin aşağı düşməsi Azərbaycana qonşu və iqtisadiyyatı ona yaxın olan ölkələrə necə təsir edib? Bu ölkələrdə də milli valyutalar bir ilin icində manat kimi 100%-dən cox dəyərini itiribmi?
Bu məsələyə aydınlıq gətirmək üçün Rusiya Mərkəzi Bankının rəsmi məlumatları əsasında http://www.val.ru/ saytında yerləşdirilmiş bəzi ölkələrin milli valyutalarının ilin əvvəlinə və sonuna, rubla nisbəttə məzənnələrinə,həmçinin, ucuzlaşma (bahalaşma) səviyyəsinə diqqət yetirək.
1.1 Azərbaycan manatı 01.01.2015-ci il- 46. 68 rub; 01.01.2016-cı il – 84.6 rubl 81%
2.100 Ermənistan dramı 01.01.2015-ci il- 11.86 rubl ; 01.01.2016-cı il-15.14 rubl 27%
3. 1 Türk lirəsi 01.01.2015-ci il – 24.18 rubl; 01.01.2016-cı il- 24.99 rubl 3,3%
4. 10 000 Belarusiya rublu 01.01.2015-ci il – 38.78 rubl; 01.01.2016-cı il- 39.04 rubl 0,7%
5. 10 Moldova leyi 01.01.2015-ci il – 36.04 rubl; 01.01.2016-cı il-36.99 rubl 2,6%
6. 1 Bolqarıstan levi 01.01.2015-ci il – 34.95 rubl; 01.01.2016-cı il- 40.71 rubl 16,5 %
7.10 Norveç kronu 01.01.2015-ci il – 75. 68 rubl; 01.01.2016-cı il- 82.77 rubl 9,3 %
Əlbəttə,rubl regionda ciddi sərbəst dönərli valyuta kimi qəbul olunmasa da, hətta bu müddət ərzidə ABŞ dollarına nisbətdə öz dəyərini təqribən 30% itirsə belə, məlumatlardan göründüyü kimi, yuxarıda sadaladığım 7 ölkənin milli valyutaları içərisində rubla nisbətdə öz dəyərini ən çox Azərbaycan manatı itirmişdir,özu də nə az,nə cox,düz 81%!
MB-nin rəsmi məzənnə kursuna gorə isə bu gün 1 ABŞ dolların 1,5682 AZN nisbətində müəyyənləşdirilməsinə baxmayaraq, hətta banklarda belə manatla dollar almaq olduqca muşkül bir problemə çevrilib.Qara bazarda isə 1 dolları,demək olar ki, 1.80- 2.0 manat arası dəyişirlər. Əgər biz bu kursla götürsək onda manat dollara nisbəttə öz dəyərini 130-150% itirmişdir.
Bu fakt bir daha onu təsdiq edir ki, Mərkəzi Bankın 21 dekabr – kəskin devalvasiya qərarının neftin dünya bazarındakı qiymətinin ucuzlaşması ilə əsaslandırması heç də reallığa söykənmir.
Əslində isə manatın kəskin şəkildə dəyərdən düşməsinin izahı bir başa iqtisadi amillərlə, iqtisadi qanunlarla bağlıdır. Yəni, milli valyuta o zaman hörmətli olur ki, onun arxasinda azad bazar qanunları ilə idarə olunan, süni monopoliya və inhsarçılıqdan uzaq, dünya bazarları üçün rəqabət qabiliyyətli mal və məhsul istehal edən və yüksək keyfiyyətli, peşəkar xidmətlər təklif edən və nəhayət ,şəffaf idarəetməyə malik olan iqtisadiyyat dursun!
Əgər belə olsaydı indi nə baş verərdi və ən əsası, dövlətimizin əsas simvollarından olan milli valyutamızın durumu nece olardı, arxasında hansı iqtisadi potensial dayanardı?
Təbii ki,əgər arzuladığımız azad və rəqabət qabiliyyətli iqtisadiyyat zamanında formalaşsaydı, onda Norveçdə olduğu kimi bizdə də bütün xərclər Dövlət büdcəsi tərəfindən ödənilsəydi, onda Neft Fondunda bu gün yığıma yönəldilmiş vəsaitin həcmi 35 milyard yox, heç olmazsa 100 milyard dollar səviyyəsində ola bilərdi.
Yaxud, kölgə iqtisadiyyatının səviyyəsi haqqında Dünya Bankının 60%-lik həddini götürsək, onda Dövlət Büdcəsinin illik gəlirləri faktiki səviyyəsindən ən azı 60% çox olardı. Yəni, misal üçün, son 10 ildə budcə gəlirləri üst-üstə təqribən 140 milyard dollar ətrafında olduğu halda, reallıqda bu rəqəm heç olmazsa 50%,yəni 70 milyard çox ola bilərdi. Deməli, üst-üstə 65+70=135 milyard dollar!
Eləcə də, Milli iqtisadiyyatımızda yuxarıda qeyd etdiyimiz neqativ hallar olmasaydı, əlbəttə, bu gün 10 minlərlə kiçik və orta sahibkarlıq subyekti artmış olardı və bu da 10 minlərlə vergi ödəyicisi, milyardlarla büdcə vəsaiti demək olardı və s.
Apardığımız bu kiçik təhlil göstərir ki, Milli valyutamızın indiki durumuna görə məsuliyyəti, tacirlik və biznes vərdişləri baxımdan böyük tarixi ənənələrə malik olan xalqımız deyil, birbaşa Azərbaycan hökuməti daşıyır. Odur ki, hökumət manatın kəskin dəyərdən düşməsi səbəbindən xalqın istehlak və xidmət bazarında itirdiklərini , eləcə də, dollarla olan bank kredilərininin məzənnə fərqindən yaranmış əlavə ödəişlərini təxirə salmadan kompensasiya etmək haqqında ciddi düşünməli və tədbirlər görməlidir.
Yeri gəlmişkən, bu zaman hökumətin də ele ciddi bir qayğısı olmamalıdır.Yəni, yaranmış vəziyyətin səbəbkarları olan beş-üç süni monopolist oliqarx-məmurları bu işə cəlb etsə, onlar da illərlə yığdıqları, xalqdan oğurladıqları pulların 1-2 milyardını kompensasiyaların verilməsinə sərf etsə, düşünürəm ki, heç də pis olmaz. Həm xalqımızın vəziyyəti, həm də bankların problemləri ilkin mərhələdə qismən də olsa həll edilə bilər. Nəzərə alsaq ki, banklar da elə dolayısı ilə həmin məmur-oliqarxlara aiddir, onda təklifim tam yerinə düşmüş olar!
Siz nece düşünürsünz, dostlar?