Iqtidar cəmiyyəti konqresmenlərə deyil, magistrə inanmağa çağırır
ABŞ-dan Azərbaycan hakimiyyətinə qarşı sanksiyaların tətbiqi real olduğu bir zamanda rəsmi Bakı xilas üçün saman çöpü axtarmaqdadır. Ilk cəhd dövlət başçısı Ilham Əliyevin ABŞ-da keçiriləcək Nüvə Sammitinə dəvətini başqa rakursda tətbiq etməklə başladı. Bu dəvət ABŞ-la Azərbaycan münasibətlərinin normallaşması kimi təqdim olundu. Amma reallığın tam başqa cür olduğunu və münasibətlərin normalaşmasının Azərbaycan hakimiyyətinin insan haqları, demokratik prinsiplərə münasibətdən asılı olduğu inkarolunmaz səviyyəyə çatdı.
Hazırda hakimiyyət ABŞ-ın ölkəmizə qarşı sanksiyaları ilə bağlı daha bir cəhddə bulunur. Hakimiyyətin nəzarətində olmayan mətbuatda bu sanksiyaların tətbiq olunmayacağı fikri yaradılmağa çalışılır. Bu istiqamətdə istinad nöqtəsi isə çox maraqlı bir məqalədir. Məqalə “Vaşinqton Post” qəzetində dərc edilib. Yazının müəllifi Oksford universitetinin magistri Semuel Ramanidir. Müəllif Smitin layihəsinin qəbul edilməyəcəyini məqaləsində əsaslandırmağa çalışıb. Amma gətirilən arqumentlə heç də Azərbaycana qarşı sanksiyaların ikinci plana keçməsinə ciddi əsas ola bilməz.
Ekspertlərin fikrincə, “Vaşinqton Post” qəzetində Böyük Britaniyada təhsil alan bir tələbənin ABŞ-Azərbaycan münasibətləri ilə bağlı məqaləsi çoxdan aktuallığını itirmiş məsələlərin yenidən təkrarlanmasından başqa bir şey deyil. Illər öncə Azərbaycan-ABŞ münasibətlərində mühüm əhəmiyyət kəsb edən amillər faktiki çoxdan tarixin arxivinə gedib. Bu müddət ərzində dünya və regionda çox böyük dəyişikliklər baş verib. Azərbaycan hakimiyyətinin ABŞ-la münasibətlərdə əsaslandığı Iran, Əfqanıstan və enerji məsələləri çoxdan aktuallığını itirib. Iki ölkə arasında münasibətlərin pisləşməsinin başlıca səbəbi Azərbaycanda hakimiyyətin apardığı repressiyalardır. Bunun nəticəsi olaraq ABŞ-ın Helsinki komissiyası Azərbaycan hakimiyyətinə qarşı ciddi sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini hazırlayıb. Bu tipli sənədlər adətən xeyli vaxt ərzində çox ciddi götür-qoy edildikdən sonra parlamentə təqdim olunur. Sənədin ortaya çıxmasında Azərbaycan hakimiyyəti özünün repressiv siyasəti ilə müstəsna rol oynayıb. “Vaşinqton Post” demokratik mətbuat ənənələrinə uyğun hərəkət edərək Böyük Britaniyada təhsil alan bir tələbənin ABŞ-Azərbaycan münasibətləri ilə bağlı mövqeyini dərc edib. Əvvəldə qeyd etdiyimiz kimi, məqalədə xüsusi vurğulanan amillər çoxdan aktuallığını itirib. Bu arada xüsusi qeyd etmək lazımdır ki, keçmiş ABŞ diplomatları Kozlariç və Kremer son açıqlamalarında bəyan ediblər ki, ilk növbədə siyasi məhbuslar azad olunmayınca sanksiyaların tətbiqi qaçılmazdır. “Vaşinqton Post”da dərc olunan bir məqalədən sevinənlər unudurlar ki, Helsinki Komissiyası ABŞ dövlətinin insan hüquqları sahəsində müstəsna əhəmiyyət kəsb edən strukturlarından biri kimi mühüm əsas olmadan sənəd qəbul etmir.
Xəyal