Vahid Məhərrəmov: «Inhisarçılar müştərinin artdığını görən kimi, qiyməti qaldırırlar»
Məlum olduğu kimi, manatın 21 dekabrda ikinci dəfə kəskin devalvasiyasından sonra ölkədə kütləvi bahalaşma oldu. Hökumət inzibati yollarla un və çörəyin qiymətini aşağı saldı. Amma sahibkarlar ciddi problemlərlə üzləşib. Çünki kəpək və yarmanın qiyməti iki dəfəyədək bahalaşıb. Sahibkarların sözlərinə görə, kəpək 0,9 qəpikdən 16 qəpiyə, yarma isə 18 qəpikdən 36 qəpiyə qalxıb. Kəndlərdəki fermerlər etiraz edərək, qiymətlərin əvvəlki səviyyəyə endirilməsini tələb edirlər.
Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov deyir ki, aqrar sahədə hələ də ciddi problemlər yaşanmaqdadır. Ekspert heyvandarlıqla məşğul olan fermerlərin yem istehsalıyla məşğul olmasını daha məqsədəuyğun hesab edir:
“Qüvvəli və qaba, şirəli yemi fermer özü istehsal etməlidir. Özü istehsal edə bilmirsə, o zaman ölkədə daha ucuz yem istehsal olunmalıdır. Yem istehsalında hazırda ciddi problem var. Qüvvəli yem məsələsi 2008-2015-ci il dövlət proqramında da nəzərdə tutulmuşdu. 2015-ci ildə 2 milyon ton nəzərdə tutulmasına baxmayaraq, statistik məlumatlara görə, cəmi 47 min ton yem istehsal olunub. Bu isə aparılan siyasətin düzgün müəyyən olunmamasından, yemçiliyə diqqət yetirilməməsindən xəbər verir. Yem istehsal olunmadığı halda, ölkəyə hər il çoxlu sayda cins mal-qara gətirilir və onların sayı artırılır. Nəticədə məhsuldarlıq azalır”.
Vahid Məhərrəmov qeyd edir ki, kəpəyin qiyməti bahadırsa, fermerlər artıq özləri istehsal barədə düşünməlidir. Malın, məhsulun baha olması istehsalı stimullaşdırmalıdır.
Məsələnin acınacaqlı tərəfi isə bir neçə il əvvəl minə yaxın dəyirmanın bağlanmasıdır. Fermerlər buğdanı üyüdüb heyvanlar üçün yem ala bilmirlər. Hazırda kəpəyi, unu, çörəyi satın alan fermerlərin biznes qurmasından danışmağın faydasız olduğunu deyən ekspert, onların istehsal etdiyi məhsulun rəqabət qabiliyyətli olmasını mümkünsüz sayır: “Fermerlər çalışıb istehsalla məşğul olmalı, birləşib xüsusi yem istehsal edən dəyirman əldə etməli, kimdənsə asılı olmamalıdır. Çünki inhisarçılar müştərinin artdığını görən kimi, qiyməti qaldırırlar”.
Nigar