Lazımsız qurumlar vasitəsilə milyardlar mənimsənilir
Ölkə başçısı Ilham Əliyevin son müşavirədəki çıxışı haqqında geniş şərhlər yazmışıq. Ümumilikdə ölkə başçısının səsləndirdiyi bütün fikirlər yarıtmaz idarəetmənin, ölkədəki qanunsuzluğun, korrupsiyanın etirafıdır. Amma son müşavirədə ölkə başçısı bir məqama da toxundu ki, həmin məqama xüsusi diqqət etmək lazımdır.
Bu isə bir-birini təkrarlayan strukturların ləğviylə bağlıdır. Bəli, Ilham Əliyev bildirdi ki, lazımsız strukturlar, əhəmiyyətsiz qurumlar ləğv edilməlidir və bu qurumların fəaliyyətinə ehtiyac yoxdur. Amma məsələ burasındadır ki, bu lazımsız qurumlar ölkə başçısının gözü qarşısında “boya-başa” çatıb və əgər neftin qiyməti aşağı düşməsəydi, bu strukturların ləğvi gündəmə gəlməzdi. Əksinə, yeni-yeni qurumların yaradılmasına start veriləcəkdi.
Əvvəla qeyd edək ki, uzun illər ərzində müxtəlif beynəlxalq təşkilatlar, yerli ekspertlər lazımsız strukturların ləğv edilməsi haqqında tövsiyə və təkliflərini hökumətin diqqətinə çatdırıb. Bu gün ölkədə kifayət qədər bir-birini təkrarlayan, eyni funksiyanı yerinə yetirən strukturlar fəaliyyət göstərir. Təbii ki, bu strukturlar islahat, inkişaf məqsədi ilə deyil, dövlət büdcəsindən daha çox vəsait mənimsəmək üçün yaradılıb. Bu mənasız layihələrə xərclənən vəsaitləri real iş yerlərinin açılmasına, bölgələrdə vəziyyətin yaxşılaşdırılmasına, sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına sərf etmək olardı.
Ona görə də Ilham Əliyevə sual etmək lazımdır ki, niyə bu lazımsız qurumların yaradılmasına göz yummusan, məqsdəin nə idi?
Nazirlər Kabinetinin strukturuna 20 nazirlik, 10 dövlət komitəsi, 2 dövlət administrasiyası, 4 dövlət xidməti və 1 dövlət fondu daxildir və onların hamısı dövlət büdcəsindən maliyyələşdirilir. Azərbaycanda dövlət nazirliklərinin sayı hətta Avropa ölkələri ilə müqayisədə çoxdur. Məsələn, dövlət nazirliklərinin sayı Italiyada 14, Almaniyada və Belçikada 11, Ispaniyada 9-dur. ABŞ-da da nazirlik səviyyəsində olan 11 federal hökumət qurumu fəaliyyət göstərir. Azərbaycan hökuməti və Prezident Administrasiyası var. Həm hökumətdə, həm də administrasiyada bir-birini təkrarlayan strukturlar var. Məsələn, hökumətdə Kənd Təsərrüfatı Nazirliyi fəaliyyət göstərir, paralel olaraq Prezident Administrasiyasında kənd təsərrüfatı ilə bağlı şöbə mövcuddur.
Yaxud ölkədə Neft Akademiyası boyda böyük bir təhsil ocağı var. Amma eyni zamanda hökumət Ali Neft Məktəbi də yaradıb. BDU-nun hüquq fakültəsi var, eyni zamanda müxtəlif təhsil ocaqlarında hüquq sahəsi öyrədilir. Belə olan halda Ədliyyə Akademiyası niyə yaradılıb? Ölkədə həm Pedaqoji Universitet var, həm Müəllimlər Institutu var, həm də müəllim istehsal edən müxtəlif kolleclər var. Nəticədə bütün bu müəssisələr eyni məqsədə xidmət edir. Bütün nazirliklərin istintaq təcridxanası mövcuddur, prokurorluğun işini görən müxtəlif orqanlar var, Səhiyyə Nazirliyinin həyata keçirə biləcəyi missiyanı üzərinə götürmüş qurumlar var.
Həmkarlar Ittifaqı Konfederasiyası adlı qurum var ki, bu qurum nazirlərə məxsus istirahət mərkəzlərinə ezamiyyət təşkil etməklə məşğuldu. Bugünlərdə “Bulvar” və “Bayraq” idarəsi ləğv olundu ki, bunun kimi olarla lazımsız idarələr mövcuddur. Təkcə ARDNŞ-nin tərkibində xeyli sayda lazımsız departamentlər fəaliyyət göstərir.
Bu siyahını genişləndirmək də olar. Görünən budur ki, uzun illər ölkəyə daxil olan milyardlar müxtəlif adlar altında oğurlanıb, israf edilib, silinib. Əslində, bütün bu sadladıqlarımız cinayətdir. Ölkədə xeyli sahələr var ki, həmin sahələrə ciddi maliyyə dəstəyi lazımdır. Amma uzun illər bu sahələrə maliyyə yatırılmayıb, qəpik-quruşun ümidinə buraxılıb. Məsələn, dünya səviyyəsinə çıxacaq heç bir film çəkilməyib. Hətta bu sahə də monopoliyaya alınıb və Heydər Əliyev haqqında xeyli filmlər çəkilib. Yaxşı ssenarilər isə kağız üzərində qalıb. Dövlət üçün zəruri olan təhsil sahəsinə də lazımi diqqət göstərilməyib. Müəllimlərin maaşına, tələbənin təqaüdünə nəzər salanda, real vəziyyəti aydın görmək olur. Hələ də ölkənin xeyli hissəsində su, qaz, kanalizasiya xətti yoxdur. Məcburi müalicəyə ehtiyacı olan 100-lərlə insan var. Amma heç vaxt milyardlar zəruri ehtiyacların ödənilməsinə sərf olunmadı.
Demək istəyirik ki, bu gün ölkənin bu vəziyyətə düşməsinin əsas məsuliyyəti ölkə başçısının üzərindədir. Ölkə başçısı bu gün “lazımsız” aldlandırdığı strukturları, uzun illər “lazımlı” kimi təqdim edib. Bu da dövlətin milyardlarının məhv edilməsinə xidmət göstərib. Ona görə də bu gecikmiş ləğvetmələri cəmiyyətə islahat kimi təqdim etmək mümkün deyil. Bir-birini təkrarlayan strukturların hesabına külli miqdarda gəlir əldə etdikdən sonra, bu strukturları ləğv etmək asandır. Əsas odur ki, həmin gəlirlər dövlət büdcəsinə qaytarılsın və hökumət iradə nümayiş etdirsin.
Samir