Nemət Əliyev: «Sberbankın manatın gözlənilən məzənnəsinə dair açıqlaması daha realdır»
Rusiyanın ən böyük bankı olan Sberbankın “Sberbank Investment Research” qrupu manatla bağlı proqnozlarını açıqlayıb. “Sberbank Investment Research” analitiklərinin açıqlamasına görə, Brent markalı neftin bir barrel üçün qiymətinin 25 dollara düşməsi, manatın zəifləməsinə və nəticədə 1 dollar 2 manat səviyyəsinə çata bilər.
“Manatın hansı həddə dayanacağı sualı hələ ki açıq qalır. Səbəb isə bazarın neft qiymətləri ilə bağlı qeyri müəyyənliyidir və hazırda neftin minimal hansı qiymətə qədər düşməsini proqnozlaşdırmaq mümkün deyil. Neftin qiyməti düşməkdə davam etsə, o zaman manat dollar məzənnəsinin hazırkı rəsmi məzənnəsi olan 1.6-dan zəifləyərək 2 manata yaxınlaşması mümkündür”- investisiya şirkətinin icmalında belə deyilir (banker.az).
Beynəlxalq maliyyə təşkilatlarının da xəbərdarlıqlarına baxmayaraq Azərbaycan məmurları, Mərkəzi Bankın rəhbərliyi manatın məzənnəsinin stabilləşdiyini bəyan edir. Vurğulanır ki, ölkədə dollar qıtlığı yaşanmır.
Amma reallıq tam başqadır. Valyutadəyişmə məntəqələrinin bağlanmasından sonra dollar ajiotajı davam edir. Banklarda əhalinin tələbatına uyğun dollar yoxdur. Ərzaq məhsullarının və xidmətlərin qiyməti durmadan artır. Ölkədən kapital axının qarşısını almaq üçün müxtəlif qaydalar tətbiq olunur. Amma nəticələr göstərir ki, hökumətin atdığı addımlar fayda vermir.
Iqtisadçı Nemət Əliyev hesab edir ki, Sberbankın manatın gözlənilən məzənnəsinə dair açıqlaması daha realdır. Çünki manatın devalvasiyası büdcəyə, büdcə isə neftə bağlıdır. Dövlət büdcəsində neftin qiymətinin 50 dollardan götürüldüyünü deyən N.Əliyev vurğuladı ki, hazırda isə neftin bir barreli 30 dollardan aşağıdır: “Neftin qiyməti ilə bağlı büdcədə yaranmış boşluğu kompensasiya etmək üçün növbəti devalvasiya həmləsinə ehtiyac var. Mən manatın növbəti devalvasiyasını və Rusiya bankının dediyi həddə çatmasını tam real sayıram. Hazırda bazarda bir dollar hətta 1.7 manata da satılır. Bu isə o deməkdir ki, iki manata bir şey qalmayıb”.
E.Rüstəmov və başqa rəsmilərin mesajlarına gəlincə, N.Əliyev vurğuladı ki, məmurların bəyanatlarına, vədlərinə artıq heç kəs inanmır: “Bu cür ifadələrin tez-tez dövriyyəyə buraxılması Mərkəzi Bank başçısının iş üslubudur. Bu adamlar hər devalvasiya qabağı insanların başının altına yastıq qoyub, sakitləşdirirlər. Daha sonra isə öz işlərini görürlər. Odur ki, Mərkəzi Bank müdirinin manatla bağlı narahatçılığa ehtiyac olmadığını vurğulaması inandırıcı deyil: ”Vəziyyət doğrudan da çox ağırdır. Amma biz hökumətin hələ ki böhrandan çıxış davranışlarının şahidi ola bilmirik. Proseslərin bu məcrada inkişafı, bank sektorunun valyutaya olan tələbatı ödəməməsi, qiymət artımı və əhalinin sürətlə kasıblaması davam edir. Diqqət edin, dövlət əməkhaqqı və müavinətlərə 10 faiz artım etdi. Amma bazarlarda ərzaq 50-60 faiz arasında yüksəlib”.
N.Əliyev onu da bildirdi ki, dövlətin artımı az bir kəsimi əhatə edir. N.Əliyevin sözlərinə görə, qeyri-neft sektorlarında çalışanların gəlirləri əvvəlki səviyyədə qalıb.
Xəyal