Məhəmməd Talıblı: «Mərkəzi bankın arxayınçılığı yerində olan davranış deyil»
Mərkəzi Bankın sədri Elman Rüstəmov jurnalistlərə açıqlamasında valyuta kursunun qaldırılması məsələsindən danışıb. O qeyd edib ki, son dönəmdə müəyyən möhtəkirlər valyuta kursunun qaldırılması istiqamətində fəaliyyət göstərib: “Atılan vacib addımlardan biri bankdan kənarda valyuta mübadiləsi aparan məntəqələrin ləğvi olub. Həmin məntəqələr müəyyən ajiotaj yaradırdı”.
Baş bankirin açıqlamasına görə, 200-dək valyutadəyişmə məntəqəsi ləğv edilib və mübadilə əməliyyatları bankların daxilində aparıldığından bu amil ajiotajın aradan qalxmasına səbəb olacaq.
E.Rüstəmov həmçinin söyləyib ki, hazırda valyuta bazarında situasiya sabitləşib. Son auksionda isə təklif edilən valyutanın hamısı alınmayıb: “Dəvət etdiyimiz 35 bankdan cəmi 28 bank auksionda iştirak etmişdi. Bu onu göstərir ki, bazarda artıq sabitləşmə prosesi gedir. Lakin məzənnə üzür, üzməkdə davam edir”.
Baş bankir qeyd edib ki, manatın kursu ilə bağlı elektron saytlarda şayiələr yayılır, lakin bunların heç bir əsası yoxdur.ÿÿ
“Bu gün şayiələr gəzir ki, guya dolların məzənnəsi 2 – 2,5 manat olacaq. Bu söz-söhbətlər həqiqəti əks etdirmir. Bütün iqtisadi proseslər sabitləşməyə xidmət etməlidir və bu sabitləşmə üzərində iqtisadiyyatın qurulmasıdır”.
O, qeyd edib ki, cəmiyyəti bu gün ən çox düşündürən məsələ manatın sabitliyidir. Mərkəzi Bank təmsilçisinə görə, manat valyuta deyil, dövlət simvoludur:
“Digər tərəfdən, çox ümumiləşdirilmiş iqtisadi məfhumdur. Bu gün Azərbaycan iqtisadiyyatını ifadə edən milli valtyuta onun məzənnəsidir. Nefti ətrafında yaşanan situasiya yeni inkişaf mərhələsinə aparan çağırışdır və biz bunun öhdəsindən gələcəyik”.
Xatırladaq ki, manatın dollar qarşısında məzənnəsi artıq 1.60-ı keçib. Dollar üçün banklarda uzun növbələr var. Mərkəzi Bank isə dolların iki manat olmayacağını iddia edir. Mərkəzi Bank və hökumət fevral devalvasiyası öncəsi də cəmiyyətə mesajlar verərək ölkədə devalvasiyanın olmayacağını bəyan edirdi. Onlar bazarda doyma prosesinin getdiyini və sabitliyin olduğunu söyləyirdilər. Devalvasiyanın olmayacağı idda edilsə də, bir ildə iki devalvasiya prosesi baş verdi. Hazırda cəmiyyətdə növbəti arxayınçılıq yaratmaq istəyirlər. Görəsən, Mərkəzi Bankın bu arxayınçılığının iqtisadi əsası varmı?
Iqtisadçı-ekspert Məhəmməd Talıblı hesab edir ki, Mərkəzi Bank pul-kredit bazarında çoxsaylı ajiotajın tək səbəbkarı deyil. Ekspert səbəblər toplusu və səbəbkar iqtisadi qurumların bunu bir yerdə etdiyini söyləyir:
“Ola bilməz ki, bu, sadəcə, Mərkəzi Bankın səlahiyyətləri və funksiyaları ilə yekunlaşsın. Amma bütün bunlara baxmayaraq, Mərkəzi Bankın indiki iqtisadiyyatda dollar qıtlığı yarandığı bir momentdə özünü arxayın aparması yerində olan davranış deyil. Mənə hələ də çox təəcüblü gəlir ki, ölkənin iqtisadi xətt qurumları bu vəziyyətdə belə ardıcıl və təşəbbüskar addımlar atmağa cəhdlər etmir. Təşəbbüskarlıq və iqtisadi proseslərə yön vermək imkanı faktiki olaraq sıfıra enib. Valyuta bazarında dollar qıtlığı və ona artan tələbı qarşılamaq üçün heç bir praktik addım atılmır. Sadəcə, bu motivlə etiraz edənlərə inzibati təzyiqlə qarşılıq verilir. Halbuki, bazar iştirakçıları davakar uşaqlar kimi özlərini aparmırlar. Onlar ölkəyə gətirdikləri məhsulları manatla satıb, həmin ehtiyatlarındakı manatı dollar konvertasiya edib yenidən biznes əməliyyatlarını həyata keçirmək istəyir. Mərkəzi Bank isə bunu təmin etmir və ya edə bilmir. Bu vəziyyətdə sahibkar və ya fərdi surətdə sahibkarlıq fəaliyyəti həyata keçirən haqlıdır, yoxsa bazarda dollar-manat proporsiyasını təmin etməyə borclu olan Mərkəzi Bank? Təbii ki, Mərkəzi Bank haqlı deyil. Bu mənada onun arxayın və heç nə olmamaış kimi özünü aparması qəbul olunan hal deyil. Nəzərə alanda ki, gün-gündən artan dollar tələbini qarşılamaq üçün heç bir preventiv tədbirlərin yoxluğu zəif funksionallığın olmasını meydana çıxarır. Ona görə, iqtisadi proseslərə inersiya və ədalətlə yox, təşəbbüskarlıq və hazırlıqlı olmaqla reaksiya vermək daha doğrusudur”.
Nigar