Vətəndaşlara texniki kartof satılır

vahid-meherremov1Gömrük Komitəsi təkzib, mütəxəssis isə israr edir

Vahid Məhərrəmov: «Təxminən 3-4 qəpiyə ölkəyə idxal olunan, hazırda isə 1 manata təklif olunan kartof birmənalı olaraq texnikidir»

Texniki təyinatlı və heyvandarlıqda yem kimi istifadə olunan kartof məhsulunun satışda olması məsələsi cəmiyyətdə əməlli-başlı ajiotaj yaradıb. Lakin Gömrük Komitəsi məsələyə münasibət bildirərək, deyilənlərlə razılaşmayıb. Komitənin mətbuat xidmətindən Modern.az-a daxil olan məlumatda bildirilir ki, səsləndirilən bu kimi fikirlərin heç bir əsası yoxdur.

Komitədən bildirilib ki, ölkəyə idxal olunan bütün ərzaq məhsulları qanunvericiliklə müəyyən edilən sertifikatlar və müvafiq mal müşayiət sənədləri ilə təmin olunur. Bu qəbildən olan malları gömrük sərhədindən keçirmək istəyən fiziki və hüquqi şəxslər Kənd Təsərrüfatı Nazirliyinin idxal karantin icazə məktubunu, Səhiyyə Nazirliyinin gigiyenik sertifikatını gömrük orqanına təqdim edir, daha sonra isə  gömrük-sərhəd buraxılış məntəqəsində bitki karantin xidməti şöbəsinin əməkdaşları mallara vizual baxış keçirir:

“Gigiyenik sertifikat idxal olunması nəzərdə tutulan məhsullar laborator müayinədən keçirildikdən sonra verilir.  Əks halda sənədləri qanunvericiliyin tələblərinə cavab verməyən istənilən mal ölkə ərazisinə buraxılmır”.

Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov söyləyir ki, texniki kartofun satışda olması məsələsi ilk dəfə deyil. Ekspert hələ bir neçə il öncə bu məsələnin televiziya kanalında müzakirə edildiyini yada salaraq idxal nəticəsində texniki kartof məhsulunun ölkəyə gətirildiyini söyləyir. Həmçinin, çəkisi təxminən 600 qram olan kartofu bugünlərdə “ANS”in efirində nümayiş etdirdiyini deyir:

“Kartofun tamamilə texniki sort olduğunu tam əminliklə televiziya tamaşaçılarına bildirdim. Texniki sort kartofu ərzaq kartofundan fərqləndirən ilk növbədə onun xarici görünüşüdür. Ərzaq üçün nəzərdə tutulan kartof hamar, texniki sort isə kələ-kötür olur. Həmçinin, texniki sortda gözcüklər az və dərində olur. Texniki sortu torpaqdan çıxarandan sonra bir müddət sahədə saxlayırlar və günəş şüasından onda salanin adlı maddə alınır. Həmin maddə məhsulu uzun müddət saxlamaq və zərərvericilərdən qorumaq üçündür. Ərzaq üçün olan kartofda isə bunu etmək mümkün deyil. Çünki salanin insan orqanizmi üçün olduqca zərərlidir. Həmin kartofun çox qəbul edilməsi insanın həyatı bahasına başa gəlir”.

V.Məhərrəmov söyləyir ki, bütün parametrlərinə görə bu gün satışa çıxarılan və çox ucuz qiymətə, təxminən 3-4 qəpiyə ölkəyə idxal olunan, hazırda isə 1 manata təklif olunan kartof birmənalı olaraq texniki sortdur. Ekspert idxal zamanı bu məsələyə göz yumulduğunu, müəyyən anlaşmaların olduğunu, ancaq əlaqədar qurumların bunu boyunlarından atdığını söyləyir. Rəsmi qurumların texniki sort kartofun satışda olduğunu təkzib etməsinə baxmayaraq, ekspert bu istiqamətdə çoxlu faktlar aşkarlandığını vurğulayır.

Nigar