«Azərbaycanın sovet dövründəki 360 milyardlıq əmlakı 533 milyona özəlləşdirilib»
Nemət Əliyev: «Böyük ehtimal ilə hakimiyyət energetika sektorunu xarici investorların sərəncamına verəcək»
Son müşavirədə iri dövlət şirkətlərinin özəlləşdirilə biləcəyinə dövlət başçısının eyham vurması, bir sıra suallar doğrur. Azərbaycanda hansı dövlət şirkətləri özəlləşdirilə bilər? Əgər bu mümkün olarsa, Azərbaycan şirkətləri xarici investorlar üçün maraqlı olacaqmı? Bu, böhrandan uğurlu çıxış yolu sayıla bilərmi?
Məsələn, “Bizim yol” qəzetinin apardığı araşdırmalardan belə görünür ki, ölkəmizdə özəlləşdirmənin əsas mərhələsi başa çatsa da, verilən hesabata əsasən, 2000-2013-cü illər ərzində dövlət əmlakının dövlətsizləşdirilməsindən daxilolmalar 533 milyon 841 min manat təşkil edib. Deyilənə görə, çeklərin böyük hissəsi istifadə edilib və nəzərdə tutulan əmlakın çoxu özəl əllərə verilib. On üç ildə ölkənin əmlakının əhəmiyyətli hissəsini yarım milyard dollara satıblar. Bu, proseslərin rəsmi tərəfidir.
Azərbaycanın Sovet dövründə bir neçə yüz milyardlıq mülkiyyətinin olduğu barədə vaxtaşırı qeyd edilir. Bu əmlakın dəyərini aparılan özəlləşdirmə siyasətinə uyğun hesablayıb təqribi rəqəmə çatmaq olar. Deməli, ölkədə 8 milyon əhalinin sayına uyğun özəlləşdirmə payı buraxılmışdı, hər payda da 4 çek vardı. Bir çek təxminən 8 min dollar dəyərləndirilirdi. Yəni hər vətəndaş o vaxtkı qiymətlərlə 32 min dollarlıq mülk sahibi olmalıydı. Insanlar 70 il Sovet hökumətinə xidmət etmişdilər, özəlləşdirmə payları əmlakı əvəzləşdirmək üçün verilən qiymətli kağız idi. Xalq da o kağızları istifadə edib həmin dəyərə uyğun mal-mülk götürməliydi. Amma camaata havayı mülkiyyət vermək istəmədilər. Bütövlükdə ölkə üzrə 256 milyard dollarlıq əmlaka uyğun çek paylanmışdı. Səhmlərin 55%-i açıq hərracda satılır, 15%-i də kollektivlərə çatan hissə idi. Nəzərə alsaq ki, əmlakın 70%-nin çek, qalan 30%-nin investisiya yolu ilə özəlləşməsi nəzərdə tutulurdu, 104 milyard dollar da pullu özəlləşmədən daxil olmalıydı. Bütövlükdə Azərbaycanın o zamankı mülkiyyətini 360 milyard dollar civarında təxmin etmək olar. Amma ortada 360 milyarda qarşı 533 milyon 841 min manatın hesabatı var.
Özələşdirilə biləcək müəssisələr sırasında əsasən “Azərenerji”nin, “Azərsu”nun, “Azərişıq”ın, “Azəriqaz”ın adları çəkilir. Yəni əsasən təbii inhisarçılar özəlləşdirmənin hədəfi ola bilər.
Iqtisadçı Nemət Əliyevin fikrincə, dövlət başçısının bəyanatları ölkədəki maliyyə böhranının ən yüksək səviyyədə etirafıdır. N.Əliyev, ölkənin bu duruma düşməsinin bir səbəbinin də hökumətin reallığı qəbul etməməsində olduğunu deyir: “Azərbaycan hazırda çox iri maliyyə vəsaitlərindən məhrum olub, manat kəskin şəkildə dəyərini itirib, vətəndaşa ciddi maliyyə zərbəsi dəyib, büdcədə böyük boşluq yaranıb, hökumət üzərinə düşən öhdəlikləri maliyyə çatışmazlığından icra edə bilmir. Belə bir vəziyyətdə ölkənin kreditləşdirilməsində, maliyyə yatırımında əhəmiyyətli rol oynaya biləcək banklar da heç nəyə yaramır. Indi bəyan edirlər ki, maliyyə cəlb etmək, xaric investorları dəvət etmək lazımdır. Son müşavirədən məlum oldu ki, bir istiqamət kimi ölkədəki hansısa müəssisələrin xarici investorlara satılması nəzərdə tutulub. Azərbaycanda bu sahələr hansılar ola bilər? Biznes və iqtisadi mühiti kifayət qədər ağırlaşmış, qeyri-neft sektoru zəif inkişaf edən ölkəyə kim kapital yatırımı edər? Bu, xarici investorlar üçün diqqət çəkən suallardır. Azərbaycanın qeyri-neft sektorunda cəlbediciliyi ilə seçilən elə bir sahə qalmayıb. Deməli, xarici investorların azdan-çoxdan diqqətini cəlb edən sahə yenə də ölkənin neft, energetika sektoru olacaqdır”.
N.Əliyevin sözlərinə görə, hakimiyyətin xaricdə təbliğ etdiyi, dövriyyədə daha çox istifadə etdiyi sahə energetika sektoru olub. Böyük ehtimal ilə hakimiyyət energetika sektorunu xarici investorların sərəncamına verəcək. Ya enerji istehsalı, ya da enerji paylayıcı sahə özəlləşdirilə bilər: “Eyni zamanda bank sektoru özəlləşdirilə bilər. Artıq hakimiyyət bu istiqamətdə bir sıra addımlar atıb. Beynəlxalq Bankın 51 faizi dövlətə məxsus idi. Yəqin bu bankın xarici ölkələrdə aktivləri var. Bu bankın payını satıb, onu özələşdirə bilərlər”.
Ölkənin xarici borcalmaya girməsiylə bağlı təşəbbüsün çox riskli olduğunu düşünən N.Əliyev bildirdi ki, dövlət zəmanəti ilə alınan bu borclar gələcək nəsillərə bir yük ola bilər: “Bunlar hesab edirlər ki, dövlət zəmanəti ilə xaricdən borc cəlb etsinlər. Illər uzunu ölkədə oturuşmuş korrupsiya və inhisarın, rüşvətxorluğun, yarıtmaz idarəçiliyin gətirdiyi fəsadları yalnız bu nəslin deyil, gələcək nəsillərin də boynuna yükləmək istəyirlər. Hökumət bu yolları seçib. Bu addımların nə dərəcədə effektivli olacağını zaman göstərəcək. Amma hazırda vəsaitlərini xarici ölkələrə daşımış məmurların üzərinə gedilməli və o vəsaitlərin ölkəyə gətirilməsinə çalışılmalıdır”.
Xəyal



