Acı hekayətin sonundakı acı alma

saadet-cahangir-koseSəadət Cahangir

Hələ ölkəyə neft bumu gəlməmişdən əvvəl ticarət bumu gəlmişdi. Xırda ticarət bumu. Çoxunuz xatırlayırsınız, hər halda. Cəlilabadda Iran malları, aeroport tərəfdə Çin malları havada oynayırdı. Azad ticarətə yolların açıq vaxtı idi. Insanlar 28 may metrosu meydanına qədər gətirib çıxarmışdılar onu. Ölkənin ağır vaxtlarında nə qədər ailəyə çörək yeri oldu o iş. Arada xeyli zənginləşən, böyük pullar qazanan da oldu. O zaman bu işin içində qanunla qanunsuzluğun cizgisi dəqiq bəlli deyildi, amma insanlar əngəl olmadan gündəlik çörək pullarını qazanıb keçinirdilər. Əhalinin alıcılıq qabiliyyəti aşağı olduğuna görə, ona da sərf edirdi bu ucuz alış-veriş, malların keyfiyyəti aşağı olsa belə. Ölkə yeni müstəqillik qazanmışdı, müharibə, işsizlik, kasıblıq bir-birinə qarışmışdı. Sonra böyük ticarət kanalları yol açdı ölkəyə. 28 may meydanından ticarəti təmizlədilər. Türkiyə və başqa ölkələrin daha keyfiyyətli malları yol açdı bazara. Yeni ticarət mərkəzləri, yarmarkalar açıldı. “Hər şey yaxşı olacaq” ümidi yandı çoxlarının ürəyində. Bu həm də o zamanlardı ki, neft bumu başlamışdı artıq ölkədə…

Hər şey yaxşı ola bilərdi. Olmadı amma. Neft bumu ilə gələn böyük ticarət müqavilələri böyük tamahkarları hərəkətə gətirdi. Xırda ticarətçiləri də küncə-bucağa sıxışdırıb, hər şeyi əllərində cəmləşdirdilər. Bu bazarda adi ticarətçi olaraq qalmaq belə qalmamağa bərabər idi, şərtlər ağır və amansızdı çünki. Ölkəyə böyük pullar axmağa başlamışdı, amma həmin o azad, kustar ticarətçilər də müflis olub bazardan çıxarılırdı gündən-günə. Bir qrup adam dayanmışdı ortada, qazanc onların əllindən keçib görünməz böyük kassaya gedirdi. O üzdən ticarət bumunun arxasınca gələn neft bumu ölkə insanının üzünü güldürmədi heç. Həmin o qrup şişib zənginləşdikcə, sadə insanlar müflisləşib yetim-yesirə döndü. Peşəkar ticarətçilər, sahibkarlar, kiçik müəssisə sahibləri belə zorla meydandan çıxarıldı. Azad ticarətdən, sərbəst qazancadan əsər-əlamət qalmadı. Hər şey bir mərkəzdə cəmləşdi sonunda, kənarda kimsənin qəpik qazanmasına belə icazə yoxdu artıq. Qanunla qanunsuzluğun tənzimlənməsi adı altında tam bir inhisar şəbəkəsi yaradıldı ölkədə və bədbəxt ölkə bir daha boğazına keçmiş o tordan çıxa bilmədi…

Bütün bunlar yaşadığımız son 23 ilin içində baş verib. Ömrümüzü yeyən, həyatımızı cəhənnəmə çevirən, xəyallarımızı oğurlayan 23 il. Kimlər dərddən-sərdən köçüb getdi vaxtsız-vədəsiz. Kimlər gənc və enerji dolu illərini çürütdü bu qəddar düzənin dəyişməsi üçün. Kimlər həbsxanalara düşdü, kimlər sürgünlərə getdi, kimlər dərdini süfrə edib kənarında oturub qaldı eləcə. 23 il keçdi. Bumlar dövrü bitdi artıq. Neftdən götürdüklərini götürdülər, yığdıqlarını yığdılar, dağıtdıqlarını dağıtdılar. Daha neft yoxdur. Insanların əlindən çıxarıb, öz inhisarlarına aldıqları o ticarət köşkləri də iflas edə-edə gedir. “Sədərək”, “Amay”, “Laçın”, indi də “Binə”… Bu ticarət yarmarkaları bağlanıb artıq. Orda çalışan minlərlə insan işsizlərin sırasında. Əslində, o mərkəzləri bağlamamaq da olardı, əgər ordan gələn qazanc qanuni şəkildə yerbəyer edilsəydi. Yəni orda alver edənlərin işi dövlətə qanuni vergi ödəməklə bitsəydi. Mərkəzlər yalnız ona görə bağlandı ki, onlar artıq həmin inhisarçılara milyonlar qazandıra bilmirdi. Yalnız onların kassasına az pul getdiyi üçün minlərlə insanı çörəksiz buraxdılar o ticarət köşklərində. Bu, bizim 23 illik acı hekayətimizdir. Acı hekayətlərin sonunda göydən alma düşmür. Yaxşı ki, düşmür. Indi düşsə belə, yeyiləcək olmazdı, 23 ilin acısı hopub onun şirəsinə…