Xaricə valyuta köçürmələrindən 20 faiz icbari haqq tutulacaq

pul

“Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilir. Vətəndaş xaricə 50 min ABŞ dollarından yuxarı məbləğdə apardığı xarici valyutanın 20%-ni dövlət büdcəsinə ödəyəcək.

“Marja”nın məlumatına görə, dəyişikliyə əsasən, rezidentlər və qeyri-rezidentlər tərəfindən milli valyutanın Azəırbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması qaydaları Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir.

Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər (dövlətin tam mülkiyyətində olan, habelə kapitalında dövlətin iştirak payı 50  faizdən çox olan müəssisə və təşkilatlar istisna olmaqla) aşağıdakı miqdarda icbari yığımı tam məbləğdə dövlət büdcəsinə ödəməklə Azərbaycan Respublikasından kənara xarici valyutanı köçürə bilərlər:

– rezident və qeyri-rezident fiziki və hüquqi şəxsin (banklar və sığorta təşkilatları istisna olmaqla) birbaşa investisiya (gəlir əldə etmək və müəssisənin idarə edilməsində iştirak etmək hüququna malik olmaq məqsədilə müəssisənin nizamnamə kapitalına qoyulan sərmayə) əməliyyatı üzrə – əməliyyatın məbləğinin 20  faizi miqdarında;

– rezident və qeyri-rezident fiziki və hüquqi şəxs (banklar və sığorta təşkilatları istisna olmaqla) tərəfindən qiymətli kağızların əldə edilməsi əməliyyatı üzrə – əməliyyatın məbləğinin 20  faizi miqdarında;

– rezident və qeyri-rezident fiziki və hüquqi şəxs tərəfindən torpaq və yerin təki də daxil olmaqla binalar, qurğular, eləcə də yerləşdiyi ölkənin qanunvericiliyi ilədaşınmaz əmlaka aid edilən digər əmlak üzərində mülkiyyət hüququnun, habelə daşınmaz əmlak üzərində başqa hüquqların əldə edilməsi əməliyyatı üzrə –  əməliyyatın məbləğinin 20 faizi miqdarında;

– rezident hüquqi şəxsin Azərbaycan Respublikasından kənarda yerləşən törəmə cəmiyyətləri, filial, nümayəndəlik və digər sruktur bölmələrinə köçürmələr üzrə  –   təqvim ili ərzində 50 min ABŞ dolları ekvivalentindən yuxarı məbləğin 20 faizi miqdarında.

Fiziki şəxsin özünün və (və ya yaxın qohumunun (əri (arvadı), valideynləri, o cümlədən ərinin (arvadının) valideynləri, babaları və nənələri, övladları, övladlığa götürənləri (götürülənləri), qardaşları və bacıları) adına xarici ölkədə açılmış hesablara 50  min ABŞ dolları ekvivalentindən yuxarı məbləğdə vəsaitin köçürülməsi üzrə –  təqvim ili ərzində 50 min ABŞ dolları ekvivalentindən yuxarı məbləğin 20  faizi miqdarında icbari yığımı tam məbləğdə dövlət büdcəsinə ödəməklə köçürə bilər. Bu halda fiziki şəxs tərəfindən həmin təqvim ili ərzində fiziki şəxsin hesab açmadan xarici valyutada apardığı pul köçürməsi əməliyyatları da nəzərə alınır.

Aşağıdakı məqsədlər üçün rezident və qeyri-rezident fiziki şəxslər tərəfindən xarici valyutanın (təsdiqedici sənədlər əsasında) köçürülməsin zamanı faiz tutulmayacaq:

a) müalicə haqqının ödənilməsi ilə bağlı xarici ölkədə yerləşən səhiyyə müssisəsinin hesabına ödənişlər;
b) təhsil haqqının ödənilməsi ilə bağlı xarici ölkədə yerləşən təhsil müəssisəsinin hesabına ödənişlər;
v) xarici ölkələrin məhkəmə və hüquq mühafizə orqanları qərarlarının icrası ilə bağlı ödənişlər.

Valyuta əməliyyatları ödəniş kartları vasitəsilə həyata keçirildikdə rezident və qeyri-rezident fiziki və hüquqi şəxs bu barədə əməliyyatın aparıldığı gündən bir ay müddətində ödəniş kartının emitenti olan müvəkkil banka əməliyyatın məbləğinin 20 (iyirmi) faizi miqdarında dövlət büdcəsinə icbari yığımın ödənilməsini təsdiq edən sənədi təqdim etməlidir. Belə sənəd banka təqdim olunmadıqda bank müvafiq valyuta əməliyyatlarının aparılması ona məlum olduğu vaxtdan 5 iş günündən gec olmayaraq bu barədə məlumatı ödəniş kartı ilə müvafiq əməliyyatın aparılmasını təsdiq edən sənədlərlə birgə Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edir.

Dövlətin tam mülkiyyətində olan, habelə nizamnnamə kapitalında dövlətin iştirak payı (səhmləri) 50 (əlli) faizdən çox olan müəssisə və təşkilatların siyahısı və onlar tərəfindən valyuta əməliyyatlarının aparılması qaydaları Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırılmaqla müvafiq icra hakimiyyəti orqanı  tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikasının Mərkəzi Bankı valyuta əməliyyatlarına nəzarətin təşkili məqsədilə rezident və qeyri-rezident fiziki və hüquqi şəxslərin valyuta əməliyyatları barədə vahid məlumat bazasını yaradır, onun formalaşdırılması və valyuta agentləri tərəfindən istifadə qaydalarını müəyyən edir.