Adil Hüseynovun mənimsədiyi iddia edilən məbləği kredit götürən şəxs azadlığa buraxılıb; Fuceyrədəki zavodlar isə satışa çıxarılıb
Cahangir Hacıyevin dövründə Azərbaycan Beynəlxlaq Bankının kreditləri hesabına tikilmiş iki müəssisə satışa çıxarılıb. Söhbət Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Fuceyrə əmirliyində inşa olunan tekstil fabrikindən və poladtökmə zavodundan gedir. Məlumat üçün deyək ki, bu zavodların inşasına nəzarəti ABB-nin BƏƏ-dəki nümayəndəliyinin rəhbəri, hazırda həbsdə olan Adil Hüseynov həyata keçirib.
Adil Hüseynov “Qara polkovnik” kimi tanınan mərhum Fətulla Hüseynovun oğludur. O, 2015-ci ilin mayın 13-də həbs olunub. Ailə üzvlərinin mətbuata verdiyi açıqlamaya görə, səhhətilə bağlı vətənə dönən Adil Hüseynov DIN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə çağırılıb və saxlanılıb. Daha sonra barəsində cinayət işi başlanaraq həbs olunub. Adil Hüseynov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə ittiham olunur. Adil Hüseynovun vəkili Kamandar Nəsibov mətbuata açıqlamasında bildirib ki, ittihamda onun guya ABB-dən götürülən 319 milyon manat vəsaiti mənimsədiyi iddia olunur.
Vəkil bildirib ki, əslində isə həmin vəsait Fuceyrədəki müəssisələrin inşasına sərf olunub. Digər tərəfdən konkret olaraq Adil Hüseynov bu məbləği ABB-dən kredit götürməyib.
“Azadlıq”a daxil olan məlumata görə, kredit həmin müəssisələrin inşasını həyata keçirən şirkətin icraçı direktoru Fərid Əmiraslanovun adına götürülüb. Kreditin məbləği isə 319 milyon yox, 250 milyon dollar olub. Bəs necə olub ki, 250 milyon dollar 319 milyon manata çevrilib? Bildirilir ki, məbləğ fevralın 21-də baş verən 34 faizlik devalvasiyaya görə “şişib”.
Məlumatda o da deyilir ki, Adil Hüseynovla yanaşı Fərid Əmiraslanov həbs olunub. Lakin Fərid Əmiraslanov həmin məbləğin zavodlara yönəldiyini isbat edəndən sonra barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib və o, azadlığa buraxılıb. Beləliklə, aydın olur ki, Adil Hüseynov ABB-dən kredit götürməyib. Fərid Əmiraslanovun götürdüyü məbləğ isə zavodların inşasına sərf olunub. Adil Hüseynov sadəcə bu zavodların tikintisinə nəzarət edib. Zavodların biri işlək, digəri isə istifadəyə hazır vəziyyətdədir. Bu da pulların mənimsənilmədiyini deməyə əsas verir. Zavodların sahibi Xəqani Bəşirovla, Hüseyn Marayev adlı iş adamlarıdır.
Bəs o zaman Adil Hüseynov niyə hələ də həbsdə saxlanılır?
“Azadlıq”ın məlumatlarını təsdiqləyən vəkil Kamandar Nəsibov da hesab edir ki, artıq Adil Hüseynov azadlığa buraxılmalıdır. Vəkil qəzetimizə açıqlamasında bildirib: “Bəli, sizin əldə etdiyiniz məlumatlar tamamilə doğrudur. Zavodlar satışa çıxarılıb. Hər halda hər gün kimlərsə gedib zavodlarla maraqlanırlar. Belə bir məlumat da var ki, zavodların sahibləri Xəqani Bəşirov, Hüseyn Marayev və Beynəlxalq Bank arasında hansısa anlaşma imzalanıb. Bu anlaşmaya görə zavodlar satışa çıxarılır. Amma məsələ burasındadır ki, bu zavodlar Beynəlxalq Bankın girovluğundadır. Faktiki olaraq zavodlar dövlətə məxsusdur. Dövlətin malını kim alıb, kim satır, bütün bunlar nə deməkdir, anlaşılan deyil. Məsələnin digər tərəfinə gəlincə, Adil Hüseynov bu zavodlara görə həbs olunub. Yaxşı əgər o bu pulları mənimsəyibsə, bu zavodlar necə inşa edilib? Və yararsız müəssisəni kim alar? Deməli, Adil Hüseynov işini şəffaf görüb. O özü də deyir ki, yoxlama aparıla bilər. Zavodların inşası üçün kredit götürən şəxs azadlığa buraxılıb. Əlbəttə ki, biz buna sevinirik. Amma bu halda Adil Hüseynov da azadlığa buraxılmalıdır”.
Kamandar Nəsibov əlavə edib ki, 8 aydır həbsdə olan Adil Hüseynov yalnız iki dəfə dindirilib.