“Keyfiyyət aşağı, qiymət baha”

vahid-meherremov1

Vahid Məhərrəmli: ” Ölkəmizə gətirilən buğdanın keyfiyyəti aşağı olduğu üçün həmin xammaldan alınan unun da keyfiyyəti aşağıdır”

Manatın kəskin ucuzlaşmasından sonra ölkədəki kəskin bahalaşma çörəyin qiymətində də özünü göstərdi. Doğrudur, sonradan qiymət əvvəlki vəziyyətə qaytarılsa da, çörəyin keyfiyyəti il bağlı suallar qalmaqdadır. Bəzi rəsmilər Azərbaycanda un və çörəyin qonşu ölkələrdən ucuz olduğunu iddia edir. Ekspertlər isə ölkəyə gətirilən buğdanın keyfiyyətinin aşağı olduğunu, bu səbəbdən çörəyin ucuz başa gəldiyini deyir.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli də bu məsələyə aydınlıq gətirib:

“İqtisadiyyat Nazirliyi iddia edir ki, Azərbaycanda un və çörək qonşu ölkələrdən ucuzdur. Ümumiyyətlə son zamanlar hökumət məmurları un və çörəyin qiymət artımını əsaslandırmağa çalışırlar. Hətta Azərbaycandakı qiymətləri Gürcüstan bazarındakı qiymətlərlə müqayisə edirlər. Qeyd etməliyəm ki, aparılan müqayisələr reallığı özündə əks etdirmir və qüsurludur. Ona görə ki, ölkəmizə gətirilən və unüyütmədə, çörəkbişirmədə istifadə olunan buğda ərzaq buğdası deyil, keyfiyyəti aşağı olan, yemlik, yəni 4-cü və 5-ci sinif buğdadır. Gürcüstanda hələ Saakaşvili dönəmində 4-cü və 5-ci sinif buğda idxalına qadağa qoyulub. Dünya bazarında 4-cü sinif buğda ilə 3-cü sinif buğda arasında qiymət fərqi 35-40 faizə qədərdir. Ərzaq buğdası hesab olunan 3-cü sinif buğdanın 1 tonunun qiyməti 200 dollardan baha olduğu halda, Rusiya treyderləri 4-cü sinif buğdanı140 dollara, 5-ci sinif buğdanı isə 125 dollara təklif edirlər. Ona görə də sözügedən məhsullar üzrə qiymət müqayisəsi aparmaq qeyri-ciddidir. Ölkəmizə gətirilən buğdanın keyfiyyəti aşağı olduğu üçün həmin xammaldan alınan unun da keyfiyyəti aşağıdır. Ölkəmizdə istehsal olunan unun keyfiyyətini nəzərə alsaq, təklif olunan məhsulun (50 kq) qiyməti 17 manatdan baha olmamalıdır. Azərbaycanda un və çörəyin qiyməti keyfiyyətinə uyğun deyil. Əgər idxaldan və un bazarından monopoliya tamamilə götürülərsə, ölkəyə gətirilən unun satış qiyməti 17 manat civarında olar. Bu gün Azərbaycan bazarında aşağı keyfiyyətli buğdadan alınan unun qiyməti yüksək olaraq qalır”.