“Bankdan hər gün kreditə görə zəng vururlar”
“Mən nə istəyirəm ki?! 10 min istəmirəm, 15 min istəmirəm, heç olmasa, maaşımı versinlər. Bu boyda ailənin yükü mənim üstümdədi. Bankdan da kreditə görə hər gün zəng eləyirlər…”
Bunu dekabrın 4-də “Günəşli” yatağında baş verən yanğın zamanı ağır xəsarət almış Bəxtiyar Ələkbərov deyir.
Platformada yanğından əvvəl partlayış baş verərkən 54 yaşlı Bəxtiyar Ələkbərov quyuları yoxlayırmış. Həkimlərin dediyinə görə, dördüncü dərəcəli yanıq xəsarətləri alıb – başı, əlləri, ayaqları yanıb. Hazırda Yanıq Mərkəzində müalicə olunan Bəxtiyar Ələkbərovun üzərində ağır cərrahiyyə əməliyyatı aparılıb, təxminən on gün əvvəl reanimasiyadan çıxarılıb.
Rövnəq Abdullayev yaralananlarla maraqlanmır
Hadisə baş verən gün olanları belə xatırlayır: “Bərk külək oldu, boru qırıldı, partlayış oldu. Partlayışdan dərhal sonra güclü yanğın başladı, mən də düz hadisə yerində idim, canımı güclə qurtardım, bir yerə qaçdım. Gördüm camaat qarışıb bir-birinə. Ondan sonra əmr verildi, qayıqlara mindik, 63 nəfər idik, iki yerə bölündük. Biz 26 nəfər olmaqla, birinə mindik, qalanı da o birisinə. Xaricilərin platformaları bizə yaxındı. Bundan əvvəl də bizdə hadisələr olub, adamlar dənizə düşüb, onda xaricilərin gəmiləri dərhal gəlib kömək eləyiblər. Amma bu dəfə yaxınlaşa bilmədi. Gecəni qayıqda keçirdik, külək vururdu, platformadan sallanan qayıq da ora-bura dəyirdi. Başı əzilən, əl-ayağı sınanlar oldu. Hadisə ayın 4-də axşam saat 6-ya qalmış olmuşdu, 18 saat qayıqlarda qaldıq. O vaxtdan yanıq mərkəzindəyəm…”
Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, onun müavinləri, ümumiyyətlə, SOCAR rəhbərliyinə daxil olan şəxslərdən heç kim bu günə qədər neftçinin vəziyyətilə maraqlanmayıb: “Sağ olsunlar, Həmkarlar İttifaqından tez-tez maraqlanırlar. Emin müəllim, Mətləb müəllim mən əməliyyat olunan gün əməliyyat başlanandan qurtarana qədər burada olub. Öz idarəmizdən Məhəmməd müəllim gəlmişdi. Səhiyyə naziri Oqtay Şirəliyev, Ombudsman gəlib baş çəkib. Amma Neft Şirkətinin rəhbərliyindən heç kim gəlməyib…”
Bu yerdə həyat yoldaşı müdaxilə edir: “Bizi onun yaddan çıxmağı narahat edir. 33 ilin işçisi bu vəziyyətdədi, amma rəhbərlikdən heç kimin yadına düşmür”.
“Heç olmasa, oğlumu işə götürsünlər”
Bəxtiyar Ələkbərov Yanıq Mərkəzinin tibbi heyətindən razıdır. Deyir ki, dərmanla təmin olunur. Hətta elə hal olub ki, həkim dərmanı öz puluna alıb: “Dizdən yuxarı ayaqlarımdan qarnıma qədər dərimi soyub yanan hissələrə, o cümlədən başıma, əllərimə, ayaqlarımın altına yapışdırıblar. Bir dərman var, yapışqan kimidir, dərini yapışdırmaq üçün lazım olur, həmin dərmanı Şöhrət həkim öz cibindən aldı”.
Neftçini narahat edən əsas məsələ isə maaşının tam verilməməsidir: “Aylıq təxminən 950-1000 manat maaş alırdım. Dekabr ayı üçün cəmi 600 manat pul veriblər. Onun da dörd gününü özüm işləmişəm – günü 65 manatdan hesablayandan elə 260 manat öz əməkhaqqımdı. Deməli, mənə təxminən 350 manat bülleten pulu veriblər. Bu da azdır. Nəzərə alsaq ki, yanvarda ümumiyyətlə, işləməmişəm, deməli, bu ay üçün lap az verəcəklər. Sığorta pulunu hələ verməyiblər. Bir dəfə 1000 manat Həmkarlar İttifaqı verib. Sığorta puluna görə kürəkənim getmişdi, deyiblər veriləcək, amma hələ verilməyib. Əl barmaqlarımın ikisini kəsiblər. Heç inanmıram, bundan sonra məni işə buraxsınlar. Dövlətdən heç nə istəmirəm, yanmışıq, heç olmasa, maaşımızı versinlər. Bu boyda ailənin yükü mənim üstümdədir. Yoldaşım, oğlum, gəlinim – heç biri işləmir. Bankdan hər gün zəng eləyirlər, mən əməliyyatda olanda yoldaşım deyib ki, “narkoz altındadır”, cavab veriblər ki, onun uşağı-zadı yoxdur, gəlib ödəsin də. Uşağım da heç yerdə işləmir axı, hardan versin? Heç öz ailəsini saxlaya bilmir. Ya maaşımı vermirlərsə, heç olmasa, oğlumu işə götürsünlər, ailəmiz birtərəhər dolansın”.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev isə deyir ki, neftçilər dənizdə işlədikləri zaman onların maaşına “dəniz əmsalı” adlı bir hesablama mexanizmi əlavə edilir. Buna görə də onların maaşları, işlədikləri vaxtlarda yüksək olur. Hazırda isə həmin neftçilər iş başında olmadığı üçün onlardan bu əmsal tutulub: “Bu, qanuni prosesdir. Bundan başqa orada başqa bir neçə proses də var. Həmin proseslər də nəzərə alınaraq Bəxtiyar Ələkbərovun bülleteni az hesablanıb. Həm də bülletenə çıxan şəxsin maaşının iş vaxtı aldığı maaş miqdarında olması mümkün deyil”.
Aytən Məmmədova



