Çörəyin diktaturası

xaqani-aliyev-koseXaqani Əliyev

xaqaniquzeyli@gmail.com

 

Ölkədə son günlər baş verənlərin tarixə necə düşəcəyini indidən söyləmək bir qədər tez olsa da, cəsarətlə demək olar ki, Azərbaycan xalqı yeni mərhələyə qədəm qoydu. Əliyevlərin 23 illik hakimiyyəti ərzində ilk dəfə olaraq, kütləvi şəkildə iradə nümayiş etdirdi və kitabında “güzəşt” sözü yazılmayan rejimi bir addım geri çəkilməyə məcbur etdi. Proseslər davam edir və dua edək ki, heç bir halda, ölkə xaosa sürüklənməsin.

Yazımın adı simvolikdir və ümid edirəm ki, ölkədəki proseslər çörəyin diktaturasına qədər gedib çıxmayacaq.

Hər şey manatın devalvasiyasından sonra başlasa da, kütləvi narazılıqları məhz bu amilə bağlamaq yanlışdır. Əhalinin ayağa qalxması illərdir həllini tapmayan sosial-iqtisadi problemlər, ölkədəki rüşvət, korrupsiya və s. amillərlə bağlıdır. Manatın devalvasiyası və ardından bahalaşma sadəcə, bir qığılcım rolunu oynadı.

Bəlkə də sizə qəribə gələcək, fikrimcə çörək bəhanədir, insanlar ədalətli cəmiyyət, pis çıxmasın, demokratiya istəyir. Yəni irəli sürülən şifahi tələblər paketinə rejim əməl etməyə başlasa, ölkədə demokratiya bərqərar olacaq.

Yəqin ki, siz də əyalətdən göndərilən video-süjetlərdən görürsünüz ki, tələblər yalnız çörək və un məmulatları ilə bağlı deyil. Əhalinin tələbləri hakimiyyətin yürütdüyü siyasətlə ziddiyyət təşkil edir. Əhali çörəyin bahalaşması ilə bərabər, yüksək faizli bank kreditləri, bərbad səhiyyə, təhsil, rüşvət, korrupsiya, hüquq-mühafizə orqanlarının özbaşınalığı, azad sahibkarlığın boğulması kimi məsələlərə etiraz edirsə, zənnimcə, bunun adı başqadır. Bütün bunlara evinə çörək ala bilməyən böyük bir kəsimi də əlavə etsək, məsələnin daha ciddi olduğunu etiraf etməliyik.

Tarix oxşar hadisələrlə zəngindir. Dəyişikliklər ərəfəsində tələblərin ilkin forması sosial-iqtisadi məzmunlu olur. Siyasi sistem bu tələbləri yerinə yetirə bilmirsə, yaxud imtina edib, zorakı tədbirlərə əl atırsa, kütlə taktikanı dəyişir. Azərbaycanın istisna olacağını deyə bilmərəm, lakin oxşar nümunələrin hamısında xalq istədiyini ala bilib.

Ötən yazımda Cəbrayıl sakinlərinin yerli icra hakimiyyəti nümayəndələrilə toqquşmasından yazmışdım. Icra başçısı ilə sakinlər arasında baş tutan əsəbi söhbətin video-lentindən də görünür ki, insanlar illərdir onlara edilən haqsızlıqların hesabını sorurlar. Və ölkədə nələrin baş verdiyini dərk etmək iqtidarında olmayan icra başçısı ənənəsinə sadiq qalaraq güc və təhqirə keçir.

Digər rayonlarda da yerli hakimiyyətin vətəndaşlarla dialoq cəhdləri olduqca əsəbi və qarşıdurma şəraitində keçir. Bu da təbiidir, çünki indiyə qədər yerli icra və hüquq-mühafizə orqanlarının işi-gücü yalnız əhaliyə zülm etmək, onların hesabına varlanmaq olub.

Onlarla əhali arasında qarşıdurmanın dərinləşməsi sözün əsl mənasında fəlakət ola bilər. Hələ illər əvvəl biz bunu Ismayıllı və Quba hadisələri zamanı gördük. Mərkəzi hakimiyyət əvvəlcə inad etsə də, sonda vəziyyətin çıxılmaz olduğunu gördü və onları azad etdi. Hazırda yenə həmin vəziyyətdir…

Hakimiyyət un və un məhsullarında əvvəlki qiymətlərin bərpa edilməsindən sonra da etirazların səngiməməsindən ciddi nəticə çıxarmalıdır. Vəziyyət hələ də gərgin olaraq qalır və kütləvi etirazların nə zaman, harda olacağını proqnozlaşdırmaq belə, mümkün deyil. Bir saat əvvəl küçələrində sakitlik hökm sürdüyü görünən rayon mərkəzi bir göz qırpımında qaynamağa başlayır.

Hakimiyyət istəsə, çörəyin qiymətini bir az da aşağı sala bilər. Lakin bu da çıxış yolu deyil.

Əsas problem əhalidə çörək almağa pulun olmasındadır.