Mahmud Quliyevin ifşa arqumentləri

mahmud-quliyev-ihbRejim qaydalarını pozanlar sərt cəzalandırılır, vətəndaşı təhqir etmək isə səhv sayılmır

Son günlər mətbuatda, sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan biri də Cəbrayılın icra başçısı Mahmud Quliyevin vətəndaşı “köpəyoğlu” deyərək təhqir etməsidir. Bu məsələylə bağlı ötən yazılarımızda münasibət bildirmişik və hökumətin kadrlarının hansı səviyyədə olduğunu göstərmişik.

Sadəcə olaraq Mahmud Quliyev hər dəfə özünə bəraət qazandırmaq istəyəndə maraqlı məqamlara toxunur və biz də bu məqamları şərh etmək məcburiyyətində qalırıq.

Bu dəfə də icra başçısı Prezident Aparatına çağırılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib: “Məni çağırsalar çağıracaqlar, çıxarsalar çıxaracaqlar, töhmət versələr də verəcəklər. Amma hələ ki çağırmayıblar. Yalan məlumatdır. Qızara-qızara ağıllarına gələni yazırlar. Bilirlər ki, heç bir günahım yoxdur. Əgər günahım olsaydı, dərimi boğazımdan çıxarardılar. Amma onu dəqiq bilirlər ki, səhvə yol verən insan deyiləm, daim prezidenti dəstəkləmişəm, ölkə başçısı üçün canımla-qanımla çalışan şəxsəm”- deyə Mahmud Quliyev bildirib.

Bəli, icra başçısı deyir ki, səhv etmiş olsaydım Prezident Aparatında dərimi boğazımdan çıxarardılar. Deməli, Prezident Aparatında icra başçılarıyla necə davranırlarsa, icra başçıları da vətəndaşla elə davranır. Bu həm də onun etirafıdır ki, Prezident Aparatının maraqlarına zidd gedəndə, rejim qaydalarını pozanda məmurların dərisini boğazından çıxarırlar. Digər tərəfdən aydın olur ki, vətəndaşı təhqir etmək səhv iş deyil və aparatda bunu “çp” kimi qiymətləndirmirlər. Əgər prezidentə canla-başla qulluq edirsənsə, vətəndaşın başını yara da bilərsən. Əsas odur ki, əlahəzrət səndən razı olsun.

Göründüyü kimi, icra başçısı özünü təmizə çıxartmağa çalışdıqca, rejimin mahiyyətini də üzə çıxarmış olur.

Samir