natiqedilov

Xalqı kim və necə təhqir edir?

natiqedilov

Natiq Güləhmədoğlu

natnetaz@gmail.com

“Bir dənə fağır prezident tapmışdınız, sağdan da vururdunuz, soldan da…” – Əbülfəz Elçibəy ANS-ə müsahibəsində belə demişdi.

1992-93-ü AzTV-dən yox, səhih mənbələrdən, salehlərdən öyrənənlər bütün qüsurlarına rəğmən, Elçibəy hakimiyyətinin demokratik üstünlüyü ilə fərqləndiyini etiraf edər. O zaman, mübaliğəsiz desək, demokratiya əndazəsini də aşıb. Elə hadisələr vaqe olub ki, indiki nəsil onları fantaziya kimi qavrayar, bəzilərinə heç inanmaz da…

“92-93″ü ideallaşdırmaqdan çox-çox uzağam, Azərbaycanın xoşbəxtliyi keçmişdə yox, gələcəkdədir. Keçmiş nə qədər xoş, gözəl görünsə də, üzümüz gələcəyə olmalıdır. Bu ayrı söhbətdir. Gətirdiyim sitatda isə məqsədim Azərbaycanın elə bir zamanını yada salmaq idi ki, o zaman birinci şəxsi tənqid eləmək hava udmaq, su içmək qədər asan olub. Həm də dəxli oldu-olmadı; həm də prezident cavabdeh oldu-olmadı…

Mən Bəyin o şikayətlənməsinə şahidəm ki, deyirdi, bəzən qızı qoşulub qaçdığına görə də onu tənqid edənlər olub…

Azərbaycan xalqı indi heç zaman olmadığı qədər onu idarə edənlərin əlindən yanıqlıdır. Insanların hirsi-hikkəsi yeri-göyü dağıdır. Ancaq hirsi tökməyə ünvan yoxdur. Var əslində, ancaq bu çox təhlükəli işdir. Necə yəni, durub deyəsən ki, Ilham Əliyev korrupsiya piramidasının başında dayanır, cinayətkar məmurları o himayə edir, regionçuluq, qəddarlıq onun siyasətinin məhvərini təşkil edir? Yox, bunları demək olmaz, nə danışırsınız?!

Bəs enerji də harasa sərf olunmalıdır axı. Daha fərasətlilər ictimai-siyasi problemə görə müxalifəti yerdən-yerə vurmaqla, lənətləməklə, daha təhlükəsiz və daha populist yolla özlərinə toxtaqlıq verirlər.

Böyük bir qisim isə özünü sıxır-sıxır,ÿta ki, bir gün əlinə Cəbrayılın icra başçısıÿMahmud Quliyev kimi bir yetim düşənəcən. Bax, o günü Allah heç bir kafirə göstərməsin.

Mahmud Quliyev kimdir? Bu suala bəri başdan qısa cavab verək ki, səhv anlaşılma olmasın. Bu yoldaş köntöy, bu hakimiyyətin tipik təmsilçisidir. Maneralarından, fotolarından hiss olunur ki, xalqdan o qədər də qopmayıb. O mənada ki, bəziləri kimi özünü xüsusi elita zənn eləmir, necə deyərlər, “xeyir-şər adamı” obrazını qoruyur. Məsələn, mənə elə gəlir ki, o, çox məmnuniyyətlə bizim nazirlərin, məmurların şənlərinə sığışdırmadığı palatka toylarına gedər, hamıya qoşulub, orada tikə-bozbaşını yeyər, hələ çıxıb bir ağız Qarabağ şikəstəsini də oxuyar. Amma bunlar ehtimallardır, reallığa dönək. O adama həsr edilən məqalələri, “facebook” statuslarını oxudum, gördüm, köks ötürdüm. Heyfim gəldi o qədər enerjiyə, o qədər zəhmətə…

Bu, o qədər nifrətə dəyərdimi? Axı o nə boyda hədəfdir ki? Yazığın, rayonu da əlində deyil, neft buruğu yox, bankı yox, uzaqbaşı, arada məcburi köçkünlərin yardımlarına çəp baxa bilir, onu da ki, Allah kəssin, irindi-qandı. Siz neftdən çırpışdırılan gəlirlərlə qaçqından əkişdirilən vəsait arasında heçmi dad, məbləğ fərqi görmürsüz? Bu yoldaş aclığa görə etiraz edənlərə qarşı qeyri-etik və qeyri-adekvat ifadə işlədir, düzdür. Onun sonrakı açıqlaması göstərdi ki, bu adam heç işlətdiyi o sözləri təhqir-filan da hesab eləmir. Yəqin, işdə də bu cür “xoş ifadələrlə” kollektivi feyziyab edir. Bu cür əməl, davranış, xarakter tənqid edilməlidirmi? Təbii! Ancaq hansı səviyyədə? Şübhəsiz ki, daha üst səviyyədə və daha böyük miqyasda.

Kim onu vəzifəyə təyin edib? Kim illərdir onun fəaliyyətinə nəzarət edir? Bu adamlar məsuldur, bu adamlar danlanmalı, ictimai məzəmmətə layiq bilinməlidir. Guya başqa rayonların başçıları daha nümunəvi formadadılar ki?

Cəbrayılın başçısına mən ancaq bircə cəhətinə görə qəzəbliyəm. Onun kobudluğu, köntöy ifadəsi imkan yaratdı ki, daha yüksək səviyyəli dövlət orqanlarının elə həmin gün xalqı təhqir eləməsi gözdən itsin, arxa plana keçsin.

Təəccüblənirsiniz?

Təəccüblənməyin, öz hökumətindən çörək, iş tələb edən etirazçılara, vətəndaşlarımıza DIN və Baş Prokurorluq “radikal və dini ekstremist” və “destruktiv qüvvə” adı verdi – rəsmi bəyanatla.ÿDövlət orqanı xalqı daha necə təhqir eləməlidir ki?! Bəyanata “köpəyoğlu” yazası deyillər ki…