Rayonlarda başlayan etiraz aksiyaları səngimək bilmir. Dünən daha bir rayonda – Beyləqanda əhali etiraz aksiyası keçirib. Əhali bahalıq, işsizlik və bu kimi başqa sosial problemlərdən doğan tələblərini səsləndiriblər.
Rayon rəhbərliyi əhalinin aramsız sualları qarşısında aciz qalıb. Polis aksiyanın başlanğıcında etirazçılara qarşı zor tədbiq etmək istəsə də, toplaşanların kəskin reaksiyasından sonra geri çəkilib.
Rayondakı mənbələr aksiya zamanı heç kimin saxlanmadığını bildirir.
Sakinlər yanvarın 19-da Icra Hakimiyyəti başçısının qəbuluna gedib, tələblərini orada da səsləndirmək niyyətindədirlər.
Daha bir aksiya Bakının Hovsan qəsəbəsində keçirilib. Hövsan sakinləri avtobusların sonuncu dayanacağı olan dairəyə toplaşıblar. Bu barədə Meydan TV-yə aksiya iştirakçıları məlumat verib. Bildirilir ki, aksiya yerinə dərhal 30-cu polis bölməsinin rəisi, icra nümayəndəsi Ağasəlim Əliyev və 6-7 post patrul maşını gəlib. Etirazçılar tələblərini səsləndirdikdən sonra sakinlərdən bir necəsi Suraxanı rayon Icra Hakimiyyətinə yollanıblar. Aksiyaçılar bildiriblər ki, əgər bir həftə ərzində tələbləri yerinə yetirilməsə, gələn bazar günü təkrar aksiyaya başlayacaqlar.

Bundan sonra aksiya başa çatıb. Heç bir qarşıdurma olmayıb.
Qubada isə aksiyanı çəkən şəxs saxlanılıb. Meydan TV-nin məlumatına görə, yanvarın 15-də gecə saatlarında Quba rayonunun Vladimirovka kənd sakini Çingiz Alışanov evindən aparılıb. Səbəb onun gündüz Quba şəhərində keçirilən aksiyanı telefonuna çəkməsidir: “Polislər aksiyanı dağıdanda onun telefonu əlindən düşdü. Polislər də telefonu aparıb, onu buraxdılar. Gecə vaxtı gəlib özünü də aparıblar”.
Yaxınları Çingiz Alışanovun hara aparıldığından xəbərsizdir. Bu barədə heç bir rəsmi məlumat yoxdur.
Siyəzəndə də həbslər davam edir. Dünən Müsavat Partiyası başqanının şimal regionu üzrə müşaviri Mərdan Mehdi Siyəzən Rayon Polis Şöbəsinə çağrılıb və saxalnılıb. Virtualaz.org məlumat verir ki, polisə çağırış iki gün öncə rayon mərkəzində baş vermiş etiraz aksiyası ilə bağlıdır.
Müsavat Partiyasl Mərkəzi Aparatının rəhbəri Gülağa Aslanlı müxalifətçinin polisə əmisinin müşayiətilə getdiyini deyib. Sonra isə əmisinə istintaqa cəlb edildiyi deyilib.




