Böhrandan çıxmaq üçün nə qədər vəsait lazımdır?

nemet-eliyev1Nemət Əliyev: «Hökumət zamanı itkiyə verməklə hazırkı böhrandan çıxış üçün tələb olunan maliyyə vəsaitinin miqyasını daha da böyüdür»

Dünya bazarında neftin qiyməti durmadan enir. Bu prosesin hələ davamlı olacağı proqnozlaşdırılır. Qərblə Iranın razılığa gəlməsi Tehranın da neft bazarına yeni oyunçu kimi girməsinə səbəb olacaq. Bu isə neftin qiymətinin bir qədər də aşağı düşməsi deməkdir. Amma Azərbaycan hakimiyyəti əvvəlki iqtisadi siyasətinə heç bir dəyişiklik etmir. Hökumət vəziyyətdən bir neçə ay ömrü olan fərmanlarla çıxmaq niyyətindədir. Amma bu addımlar həm effektivsizdir, həm də əhalinin dəstəyini qazanmır. Ölkənin yaranmış vəziyyətdən necə çıxacağı və bunun üçün nə qədər vəsaitin tələb olunduğunu hökumət nəinki gündəmə gətirir, heç hesablamır da.

Iqtisadçı Nemət Əliyevin fikrincə, hazırkı dövr çox çətin və mürəkkəbliyi ilə xarakterizə olunur. Hakimiyyətin ölkə iqtisadiyyatını tamamilə neftdən asılı vəziyyətə saldığını deyən N.Əliyev bildirdi ki, yalnız neftin qiymətinin aşağı düşməsi və milli valyutanın dəyər itirməsi səbəbindən çox az zamanda ölkənin daxili mənbələri hesabına kapital qoyuluşu 3.8 milyard manat məbləğində azalıb: “Bütövlükdə ölkə üzrə 10 faizə yaxın, təxminən 1.7 milyard məbləğində kapitalın azalması üzə çıxıb. Əgər ölkənin həyatına kapital yatırılmırsa, onun gələcəyi haqqında danışmaq çox çətin olur. Indiki dövrdə hökumət üzərinə düşən məsuliyyəti dərk edib, sözdə, hər ay bir fərmanı ləğv etməklə deyil, ardıcıl və sistemli şəkildə düşünülmüş islahatlar aparsa, düşünürəm ki, vəziyyətdən çıxmaq mümkündür. Bunun üçünsə ali siyasi iradə tələb olunur”.

Ölkənin iqtisadiyyatına ciddi investisiyaların cəlb olunmalı olduğunu deyən N.Əliyev bildirdi ki, amma bu investisiyanı cəlb etməkdən ötrü xarici investorları qaçaq salan əlverişsiz mühit aradan qaldırılsın: “Korrupsionerlərin, rüşvətxlorların, haqsız rəqabətdə xüsusi payı olanların tamahkar iştahlarına qarşı mübarizə aparmaq lazımdır. Onlara qarşı getmək gərəkdir. Bunlar o zaman ciddi əhəmiyyət daşıya və dəstəklənə bilər ki, bunun əlamətlərini əməli şəkildə xalq görsün. Ona görə bu istiqamətdə təsirli tədbirlərdən biri növbədənkənar parlament seçkilərinin keçirilməsidir. Əgər bu addım atılmazsa, hansı addımı atmalarından asılı olmayaraq xalq onlara inanmayacaq”.

Iqtisadiyyatın düşdüyü vəziyyətdən çıxarılması üçün konkret hansı addımların atılmasına gəlincə, N.Əliyev vurğuladı ki, hər itirilən gün Azərbaycan üçün qızıla bərabər anlardır: “Hökumət zamanı itkiyə verməklə hazırkı böhrandan çıxış üçün tələb olunan maliyyə vəsaitinin miqyasını daha da böyüdür. Bu günləri tutalım, böhranın çözümü üçün bir neçə milyard tələb olunursa, sabahkı gün bu, beş-on milyarda yüksələcək”.

Xəyal