Molla rejimi cəhalətin, YAP rejimi müasirliyin «fatihə»sini oxuyur
Dünya sürətlə dəyişir. Artıq avtoritarizm epidemiya kimi qiymətləndirilir və dünya öləkləri bu epidemiyadan yaxa qurtarmaq istəyir. Müsbət məqam bundan ibarətdir ki, bu məsələylə bağlı dünyada bir həmrəylik yaranıb və avtoritarların sırası getdikcə zəifləyir. Indi avtoritarizmin “xaç atası” olan Rusiyanın da pəncələri qırılmaqdadır.
Uzun müddət Qərblə münasibətlərdə “buz dövrü” yaşayan ölkələr də başa düşürlər ki, dövlətin və millətin mənafeyi naminə buzları əritmək lazımdır. Ona görə də Iran hakimiyyəti ciddi addımlar atdı və dünyadan təcrid siyasətinin effektsiz olduğunu təsdiqlədi. Bəli, artıq Irana qarşı sanksiylar ləğv olundu, Iran öhdəliklərə əməl etdi və casusluqda ittiham olunan məhbusları azadlığa buraxdı. Iranın XIN başçısı bəyan edib ki, sanksiyaların ləğvi həm Iran, həm də bütünlükdə Yaxın Şərq üçün müsbət haldır. Bəli, Iran rəhbərliyi başa düşür ki, dünyaya inteqrasiyanın, demokratik idarəetmənin alternativi yoxdur və ənənəvi siyasətin davamı fəlakətə xidmət edir. Onu da qeyd edək ki, sanksiyaların götürülməsini təmin edən Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) ötən ilin yayında Iranın nüvə anlaşmasına uyğun üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyini elan etməsidir. MAQATE-nin açıqlamasında göstərilir ki, Iran nüvə anlaşmasının qüvvəyə minməsi üçün atmalı olduğu bütün addımları atıb. Bu artıq yeni bir mərhələ, beynəlxalq ictimaiyyət üçün yeni bir gündür. ABŞ-ın Irana qarşı nüvə proqramı ilə bağlı sanksiyaları dayandırdığı haqqında müvafiq sərəncamı da artıq ölkə başçısı Barak Obama imzalayıb. Bundan başqa, ABŞ hökuməti Amerika həbsxanalarında olan 7 iranlıya “mərhəmət göstərilməsi” qərarına gəldiyini bəyan edib.
Bütün bunları xatırlatmaqda məqsədimiz Azərbaycan hakimiyyətinə daha bir nümunəni təqdim etməkdir. Iran kimi qapalı, mühafizəkar, demokratik dünya ilə körpüləri yandırmış bir ölkə yenidən dünya ilə əməkdaşlığa can atır. Iran hökuməti hətta casusluqda ittiham olunan məhbusları azad edir. Azərbyacan hökuməti isə hələ də antiAvropa kampaniyası aparır, siyasi rəqiblərini iyrənc ittihamlarla həbsə atır, beynəlxalq öhdəliklərə əməl etməmək üçün manevr imkanları axtarır və s. Artıq YAP hakimiyyətinin “sendviç” arqumentləri tamam məhv olur. Iran nümunəsi göstərdi ki, Azərbaycan hakimiyyətinin “ikili standartlar”, “dünya bizə paxıllıq edir”, “ABŞ-ın tələbləri milli maraqlarımıza təhdiddir” kimi təbliğatı nağıldı.
Görünən budur ki, Iran hökuməti şəxsi maraqları dövlət maraqlarından üstün tutmadı və ən düzgün qərarı verdi. Ölkəni sosial-iqtisadi fəlakətdən qurtarmaq üçün bu addım atılmalıydı. Bundan sonra Iranın iqtisadi və siyasi həyatı daha rəngarəng olacaq və ölkə sürətli inkişaf yoluna keçəcək. Amma Iran da YAP hakimiyyəti kimi “bizim öz yolumuz var” şüarına sadiq qala bilərdi. Sadəcə olaraq gördülər ki, ən yaxşı yol demokratik dünya ilə əməkdaşlıq yoludur. Həm də bunu Azərbaycan kimi kiçik bir ölkə deyil, Iran kimi böyük bir ölkə etdi.
Göründüyü kimi, Azərbaycan hakimiyyəti israrla ölkəni geriyə aparmaqdadır. Və statistik rəqəmlər göstərir ki, aparılan siyasət ölkəni Ermənistandan da arxaya atıb.
Bir sözlə, baş verənlər göstərdi ki, Iran hakimiyyəti Azərbaycan hakimiyyətindən daha çox dünyəvidir. Eyni zamanda məlum olur ki, hökumətin öyündüyü “multikulturalizm” də Iranın siyasətində daha çox hiss olunur. Çünki, Avropa dəyərlərini aşağılayıb, çoxmədəniyyətli olmaqdan danışmaq absurddur. Molla rejimi yeni rejimə keçdi, Azərbaycan hökuməti isə hələ də müasirliyin fatihəsini oxuyur.
İlham



