ABŞ və Avropa İrana qarşı sanksiyaları ləğv etdi; Dünya yeni dönəmə girdi VİDEO

iran-bayraq1

Tehran beynəlxalq təcriddən çıxdı: maliyyə əməliyyatlarına, idxal və ixraca qoyulan qadağalar aradan qalxdı

Gözlənilən tarixi gün gəlib çatdı. ABŞ və Avropa Birliyi (AB) Iranın nüvə proqramı ilə bağlı bu ölkəyə qoyduğu sanksiyaları ləğv etdi. Bu barədə Vyanada Iranla “altılıq” ölkələrinin apardığı yekun müzakirədən sonra ABŞ və Avropa Birliyinin xarici siyasət idarələrinin rəhbərləri bəyanat verdilər.

Sanksiyaların götürülməsini təmin edən Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) ötən ilin yayında Iranın nüvə anlaşmasına uyğun üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyini elan etməsidir.

MAQATE-nin açıqlamasında göstərilir ki, Iran nüvə anlaşmasının qüvvəyə minməsi üçün bütün addımları atıb. Bu artıq yeni bir mərhələ, beynəlxalq ictimaiyyət üçün yeni bir gündür.

MAQATE Iranın öz öhdəliklərini yerinə yetirdiyinə dair hesabatını BMT Təhlükəsizlik Şurasına da göndərib.

Öz növbəsində BMT, ABŞ və AB MAQATE-nin hesabatı ilə nüvə anlaşmasında yeni səhifəyə keçildiyini bildirərək Irana qarşı sanksiyaların götürüldüyünü elan ediblər.

Obama sərəncam verdi

Obama artıq sanksiyaların dayandırılması barədə sərəncam imzalayıb”. Bunu, ABŞ dövlət katibi Con Kerri MAQATE-nin son məlumatlarını təsdiqlədiklərini deyib və Irana qarşı sanksiyanı dayandırdıqlarını bildirib: “ABŞ-ın Irana qarşı nüvə proqramı ilə bağlı sanksiyaları dayandırdığı haqda müvafiq sərəncamı ölkə başçısı imzalayıb. Barak Obama həmçinin öz sərəncamı barədə Senat və Nümayəndələr Palatasını da məlumatlandırıb”.

AB-nin xarici işlər və təhlükəsizlik siyasəti komissarı Federika Mogerini də təmsil etdiyi qurumun Irana qarşı nüvə sanksiyalarını aradan qaldırdığını elan edib.

BMT-nin Vyana ofisində amerikalı və iranlı həmkarları Kerri və Zəriflə birgə keçirdiyi mətbuat konfransında Mogerini bildirib ki, Iran üzərinə götürdüyü öhdləikləri yerinə yetirdiyi üçün ona qarşı tətbiq olunan çoxtərəfli və beynəlxalq iqtisadi və maliyyə sanksiyaları aradan qaldırılır: “Iranın nüvə proqramı ilə əlaqədar iqtisadi və maliyyə sanksiyaları ləğv olunur. Bununla da valyuta transferi, sığorta əməliyyatları, eləcə də neft, qaz və digər təbii ehtiyatların idxal-ixracına qoyulan qadağa aradan qalxır. Eyni zamanda, Iranın aviaşirkətlərinə yenidən Avropa Birliyi ərazisindəki hava limanlarına reyslər həyata keçirməyə icazə verilir”.

3-cü ölkələrlə neft ticarəti qadağası aradan qalxdı

ABŞ Iran neftinin üçüncü ölkələrlə alış-satışına tətbiq etdiyi sanksiyaları da ləğv edib. ABŞ ÿMaliyyə Nazirliyinin məlumatına görə, sanksiyalar Iran neftini əldə edən və ya Iran iqtisadiyyatının neft sahəsinin tələbatları üçün müvafiq məhsullar satan üçüncü dövlətlərin nümayəndələrinin üzərindən götürüləcək. Beynəlxalq fəaliyyətlə məşğul olan istənilən şirkətə qarşı birtərəfli qaydada tətbiq edilən sanksiyalar ABŞ-a Iran iqtisadiyyatını ciddi şəkildə məhdudlaşdırmağa imkan verirdi (apa).

Ruhani: “İran xalqının əzəməti və səbri qarşısında baş əyirəm”

Iran prezidenti Həsən Ruhani sanksiyaların ləğv edilməsi münasibəti ilə xalqını təbrik edib. Ruhanı nüvə sazişini Iranın tarixində qızıl səhifə adlandırıb.

Prezident iqtisadi sanksiyaların ləğvi ilə bağlı həmyerlilərinin qarşısında çıxış edib: “Mən bu qələbə münasibəti ilə Iran xalqını təbrik edirəm. Bu saziş ölkənin iqtisadi inkişafında dönüş nöqtəsidir. Mən hesab edirəm ki, bu razılaşma milli özünə əminliyi artıracaq”.

Iran prezidenti qeyd edib ki, nüvə problemi üzrə beynəlxalq vasitəçilərin (Çin, Fransa, Almaniya, Rusiya, Böyük Britaniya və ABŞ) Tehranla razılaşmasını müsbət qarşılayır.

Ruhani “Tvitter” səhifəsində yazıb: “Mən bu uğura görə Allaha minnətdaram və Iran xalqının əzəməti və səbri qarşısında baş əyirəm. Bu şərəfli qələbə münasibəti ilə hamını təbrik edirəm!”.

Bəzi qadağalar qüvvədə qalır

BMT Təhlükəsizlik Şurasının iyulun 20-də Iranın nüvə proqramı üzrə sazişin dəstəklənməsinə dair qəbul etdiyi ÿ2231 saylı qətnaməsinə əsasən, Beynəlxalq Atom Enerjisi Agentliyindən müvafiq bildiriş daxil olduqda, 2006-2010-cu illərdə Irana qarşı sanksiyaların tətbiqi barədə qəbul olunan bütün qətnamələr ləğv edilir.

2231 saylı qətnamə əvvəlki sanksiya rejiminin əvəzinə bəzi məhdudiyyətlərin saxlanılmasını nəzərdə tutur. Belə ki, Irandan silah ixracına qoyulan qadağa bundan sonra beş il, ölkəyə nüvə texnologiyaların verilməsinə qoyulan qadağa isə 10 il davam edəcək. Bundan başqa, Irana 8 il müddətində nüvə başlığı daşıya biləcək ballistik raketlərin istehsalından imtina etməsi tövsiyə edilir. 

Qeyd olunan qətnamədə, Iranın sövdələşməni pozduğu halda, əvvəlki məhdudiyyətlərin tətbiqinin bərpa edilməsi mexanizmi nəzərdə tutulub.

İsraildən sərt təpki gəldi

Iranın ABŞ və Avropa Birliyinin sanksiyalarından azad olmasına Israil baş naziri Binyamin Netanyahudan sərt reaksiya gəlib.

Netanyahu deyib ki, Iran hətta “altılıq” ölkələri ilə saziş imzalayandan sonra belə, nüvə silahı əldə etmək istiqamətindəki cəhdlərini dayandırmayıb. Üstəlik, Tehran Yaxın Şərqdə sabitliyi pozmaqda və bütün dünyaya terror yaymaqda davam edir: “Iran beynəlxalq aləm qarşısında götürdüyü öhdəlikləri rahat şəkildə pozur. Israil Iranın ”altılıq” ölkələri ilə sazişinə əməl edib-etmədiyini diqqətlə izləməyə davam edəcək”.

Baş nazir dünya güclərini bu məsələdə diqqəti Iranın üzərindən ayırmamağı çağırıb.

Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru Yukiya Amano isə hesab edir ki, Iran nüvə proqramı ilə bağlı bütün öhdəlikləri yerinə yetirib.

Qeyd edək ki, Netanyahu ilk gündən məlum sazişə və Tehranla Qərb arasındakı danışıqlara qarşı çıxıb. Və Iranı beynəlxalq aləmi aldatmaqda ittiham edib.

“İran regionda daha konstruktiv siyasət yürüdücək”

İranla Qərbin münasibətlərinin normallaşması Azərbaycanın da yerləşdiyi regiona nə vəd edir?

Ekspertlərə görə, uzun illər ərzində Iranın Qərb dünyası, o sıradan ABŞ-la münasibətləri son dərəcə gərgin olub. Bu münasibətlərin gərginləşməsində Iranın nüvə proqramı xüsusi rol oynayıb: “ABŞ başda olmaqla Qərb ölkələri Tehranın nüvə proqramından imtina etməsi üçün çox ağır sanksiyalar tətbiq etməyə başladılar. Nəticədə Iran iqtisadiyyatına ağır zərbə dəydi. Tehran rəhbərliyi ölkədə sosial-iqtisadi vəziyyətin sürətlə pisləşməsindən çox ciddi narahatçılıq keçirməyə, bir müddət əvvəl Iranla Qərb ölkələri arasında Tehranın nüvə proqramı ilə bağlı danışıqlar aparmağa başladı. Etiraf etmək lazımdır ki, ölkənin çox ciddi təcrid vəziyyətinə düşməsi rəhbərliyi Qərblə münasibətləri yaxşılaşdırmağa vadar etdi. 2015-ci ilin iyununda uzun müddət davam edən danışıqlardan sonra Iranla ”altılıq” ölkələri arasında razılaşma imzalandı. Ötən müddət ərzində Iran razılaşmalarda nəzərdə tutulan öhdəliklərin icrası istiqamətində zəruri addımları atdı. Bu proses ABŞ və Avropa Birliyinin Irana qarşı sanksiyalarının əsas hissəsinin götürülməsi ilə nəticələndi. Iran faktiki olaraq beynəlxalq təcrid vəziyyətindən çıxdı və ölkə Qərb investisiyalarını cəlb etmək imkanı əldə etdi. Irana qarşı tətbiq olunan ağır sanksiyalar ölkənin sənaye potensialını əhəmiyyətli dərəcədə zəiflədib.

Qərblə yaxınlaşma ölkənin digər sahələrinin də inkişafına böyük investisiyaların cəlbini və iqtisadi çiçəklənməni təmin edəcək”.

Ekspertlər hesab edir ki, Qərblə yaxınlaşma Iranı regionda daha sivil qaydalara və beynəlxalq hüquq normalarına uyğun siyasət aparmağa da sövq edəcək. Sanksiyaların götürülməsi eyni zamanda, Iranın Avropanın neft bazarına qayıtmasına səbəb olacaq ki, bu da neft qiymətlərinin bir az da düşməsinə şərait yaradacaq.

Xəyal