ABŞ SOCAR-ın Gürcüstanda vurulmasını dəstəklədi

abs gurcustanda sefirABŞ gözlənilmədən Gürcüstan bazarında SOCAR-ın sıxışdırılmasına və Rusiyanın “Qazprom” şirkətinin, habelə İranın bu bazara girməsinə dəstək verib.

Birləşmiş Ştatların Tiflisdəki səfiri Yan Kelli “İmedi” telekanalına müsahibəsində Gürcüstan hökumətinin “Qazprom”la danışıqlarında qəribə heç nə görmədiyini bildirib. Lakin əlavə edib ki, hökumət bu danışıqlarda daha çox şəffaflığı təmin etməlidir.

Yan Kellinin bildirdiyinə görə onun “Qazprom”la danışıqlara dair hökumətdən aldığı məlumat “çox əhatəlididir”. “Gürcüstan təkcə bir təchizatçıdan asılı olmalı deyil”-səfir Gürcüstanın qazla təchizatının 90 faizinin Azərbaycandan təmin olunduğuna eyhamla əlavə edib.

Diplomat bildirib ki, Tiflis “Qazprom”la danışıqlarda ölkənin energetika müstəqilliyini saxlamaq üçün mümkün olanı etməlidir. “Ölkə təkcə bir enerji mənbəyindən asılı olmalı deyil. Ona görə də diversifikasiya barədə fikirləşmək lazımdır və Gürcüstan hökumətinin Rusiya ilə danışıqları uzaqgörən, müdrik addımdır”-Yan Kelli vurğulayıb.Səfirin fikrincə energetika siyasəti cəmiyyətdə suallar yaratmalı deyil. Ona görə də hökumət ictimaiyyəti daha çox məlumatlandırmalıdır. (Virtualaz.org)