Nemət Əliyev: «Bizim dövlət orqanları dünyada analoqu olmayan qiymət diqtə etdikləri üçün heç kim bu xidmətlərdən istifadə etmək istəmir»
Ölkədə yükdaşımaların qiyməti keçən illə müqayisədə bir neçə dəfə artıb. Boru kəməri nəqliyyatı ilə neftin nəql olunmasının qiyməti dekabrda 13,5 faiz, qazın nəqlinin qiyməti isə 15,9 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsinin məlumatın görə, hava nəqliyyatı üzrə yükdaşıma qiymətləri 17 faiz, dəmir yolu və dəniz nəqliyyatı üzrə isə yükdaşıma qiymətləri müvafiq olaraq 15,6 faiz və 18,1 faiz bahalaşıb. Avtomobil nəqliyyatı üzrə yükdaşıma qiymətlərində 1,1 faiz ucuzlaşma müşahidə olunub.
Ümumilikdə, nəqliyyat sektorunda yükdaşıma qiymətləri əvvəlki ayla müqayisədə 12,4 faiz bahalaşıb.
Yükdaşımalarda qiymət artan kimi, ölkədə bahalaşma dalğası müşahidə olunur. Görəsən, yükdaşıma xərclərini necə həyata keçirmək lazımdır ki, o, birbaşa qiymətlərə təsir göstərməsin?
Iqtisadçı ekspert Nemət Əliyev deyir ki, ölkədə ən pis vəziyyətdə olan sahələrdən biri məhz nəqliyyat sistemidir. Dəmiryollarında, dəniz nəqliyyatında yükdaşımaların, sərnişinlərin sayının azaldığını deyən ekspert hava yollarında sərnişindaşıma və yükdaşımada tətbiq olunan tariflərin çox yüksək olduğunu vurğulayır: “Tarifləri qaldırarkən yükdaşıma xərclərinin çox olduğunu demirlər. Yükdaşıma xərclərinin çox olmasına görə tariflərin qaldırılması haqqında verilən rəsmi bəyanatların, açıqlamaların heç bir əsası yoxdur. Sadəcə, bu sahədə korrupsiya, rüşvətxorluq halları geniş yayılıb. Dövlət büdcəsindən xərclərin süni şəkildə şişirdilməsi hallarına yol verilir. Onların rəsmi hesabatlarına baxanda xərclərin gəlirləri üstələməsi halları müşahidə edilir”.
Nemət Əliyev qeyd edir ki, problemi həll etmək üçün normal, sağlam idarəçilik qurmaq, dərhal rüşvətxorluq və korrupsiya əleyhinə genişmiqyaslı əməliyyatlara başlamaq lazımdır: “Növbəti addım isə iqtisadi strukturların sərnişindaşıma, yükdaşıma həcminin artırılmasıdır. Bizim dövlət orqanları dünyada analoqu olmayan qiymət diqtə etdikləri üçün heç kim bu xidmətlərdən istifadə etmək istəmir. Dəmiryolu, hava və dəniz nəqliyyatında da bərbad vəziyyətdir. Onların tarif siyasəti yanlışdır. Qiymətləri artırmaq yox, aşağı endirmək lazımdır ki, müştərilərin diqqətini cəlb etsin, eləcə də yükdaşıma dövriyyəsinin artırılmasına nail olunsun”.
Nigar