Uşaqları yox, harın məmurları bələmək lazımdır
Bildiyiniz kimi neftin qiymətdən düşməsi, valyuta ehtiyatlarımızın azalması ölkədə ciddi böhran vəziyyəti yaradıb. Vəziyyət o həddə çatıb ki, uzun illər inkişaf nağılları danışan hökumət də reallığı etiraf etməli olub. Ölkə başçısı Ilham Əliyev qənaətdən, israfçılığa son qoyulmasından danışır. Amma müşahidələr onu göstərir ki, qənaət rejimi hökumətə yox, sadə vətəndaşa aiddir. Çünki, hökumətin xərcləri əvvəlki vəziyyətdə qalıb. Yəni vəzifəlilərin komfortundan heç nə kəsilməyib.
Təbii ki, bahalaşma əsasən kasıb təbəqəni vurur və zəruri tələbatlardan vaz keçmək mümkün deyil. Ona görə də ölkənin tanınmış pediatoru Vaqif Qarayev maraqlı anti-böhran təklifi verib. Deyib ki, pampersdən imtina edin, uşaqlarınızı bələyin.
Yəqin ki, belə təkliflərlə növbəti günlərdə daha çox qarşılaşacağıq. Məsələn, kimsə deyəcək ki, avtobusa pul verməmək üçün piyada gəzmək laızmdır və bu, sağlamlığa xeyirdi. Bir başqası təklif edəcək ki, ətdən imtina etmək lazımdır və bu adamı kökəldir. Başqa bir ziyalı “paltarlara pul verməyin, pastelə bürünün” təklifi ilə çıxış edəcək. Yəni ac milləti qənaət rejiminə keçirmək üçün xeyli təşəbbüslər meydaan çıxacaq. Bəlkə də Milli Məclis bu məsələni gündəmə çıxaracaq və gündə 3 dəfə yemək yeyən ailələrə cərimə tətbiq olunacaq.
Deməli, adamlar hökumətdən hesab sormaq, qənaətin hökumətdən başlanmasını tələb etmək əvəzinə, necə qənaət etməyin yollarını fikirləşirlər. Təbii ki, israfçılıq pis adətdir, qənaət etmək lazımdır. Amma pampersə öyrəşmiş körpə uşağı bələyə keçirmək çətindir. Dövr dəyişib və yeni tələbatlar ortaya çıxıb. Olmazmı ki, pampersin qiyməti ucuzlaşdırılsın? Hökumət gənc ailələri nəzərə alsın və pampers monopolistləri qiymətləri azaltsın. Məsələ təkcə pamperslə də bitmir. Uşaq yeməkləri var ki, kifayət qədər bahadır. Ana südü yoxdursa, bu yeməkləri almağa məcbursan. Bu boyda hökuməti qənaət rejiminə keçirmək mümkün olmayıbsa, körpə uşağı necə qənaətə məcbur etsinlər?
Əslində uzun illərdi ki, bu xalq qənaət edir. Hətta insanlar arzularına da qənaət edib, zəruri ehtiyacların ödəniləmsi üçün yaşayıb, istirahətdən, əyləncədən məhrum olub Indi hökumətin növbəsidir, milyardları ölkəyə qaytarsınlar, korrupsiyaya son qoysunlar, monopoliyalar ləöv edilsin, gömrük, vergi sistemi şəffaf işləsin və s.
Hörmətli pediatorun diqqətinə çatdırmaq istəyirik ki, 22 ildir məmurlar avtomobillərini, villalarını pampers kimi dəyişir. Məhz bunun nəticəsidir ki, vətəndaş körpəsinə pampers ala bilmir.
Tam məsuliyyətlə demək olar, indiki şəraitdə ən yaxşı qənaət bu hakimiyyəti yola salmaqdır. Normal hökumət olarsa, uşaqları bələməyə ehtiyac olmaz. Yəni çıxış yolu işbazları, harınları, cinayətkarları “bələmək”dən keçir.
Akif