Boş qalan çörək təknəsi

saadet-cahangir-koseSəadət Cahangir

Insanları çörəklə sınağa çəkmək zülmün son həddidir. Ondan o yanası yoxdur. Bir adam evdəki ac uşağını kiritmək və xilas etmək üçün nəyə desən, hazırdır. Çünki çörək ət və yağ deyil. Bayram və ya məclis yeməyi, çərəz-filan da deyil. Çörək sadəcə, insanın həyatda sağ qalmaq və acından ölməmək şansıdır. Bu şans həyat minimumudur, ən aşağı minimum. Uzağa getmirəm, elə yaxından – qardaş Türkiyədən bir neçə misal gətirim. Bu ölkədə çörəyin qiymətinin qalxmasıyla bağlı məsələ gündəmə gələndə hər kəs ayağa qalxır. Hələ adi insanları kənara qoyaq. Söhbət səlahiyyətli qurumlardan və şəxslərdən gedir. Yaxşı xatırlayıram, 2013-cü ilin iyun ayında Sakarya Ticarət və Sənaye Odası 300 qramlıq çörəyin çəkisinin 50 qram azaldılaraq 1 lirəyə satılmasına qərar vermişdi. Qurum bunu qazın, suyun, unun qiymətlərinin artması ilə izah etmişdi. Amma Sakarya Valiliyi(Icra hakimiyyəti) qərara qəti etiraz etdi, səsi eşidilməyincə də məhkəməyə baş vurdu. Məhkəmə də Valiliyin xeyrinə qərar çıxardı, çörəyin çəkisi və qiyməti dəyişməz olaraq qaldı. Eyni məsələni keçən il Eskişehir Bələdiyyəsi qaldırmış və 250 qramlıq çörəyin 75 quruşdan 90 quruşa qədər artırılması qərarı ləğv edilmişdi. Buyurun, Azərbaycanda da belə dövlət orqanları və ya səlahiyyət sahibləri varsa, mənə də göstərin…

Ölkə dərin böhranın qucağındadır artıq. Hökumət ya özünü görməzliyə vurub, ya da onunku “dəvədən yıxılıb höt-hötü yerə qoymamaq” məsələsidir. Əhalinin gündəlik istifadə etdiyi 30 qəpiklik zavod çörəyinin qiyməti 40 qəpiyə qalxıb. Ərzaq səbətində çörək əsas qida sayılan böyük ailələr üçün bunun nə demək olduğunu xırdalamağa dəyməz. Durum gerçəkdən ağırdır. Maaş artımı yox, insanlar aylardır əmək haqlarını ala bilmir, devalvasiya ilə bağlı kredit borcluları depressiya içində. Hökumət isə tədbir görmək əvəzinə, barmaq silkələyir. Füzulidə və ya Siyəzəndə insanlar doğrudan çörək davası edirlərsə, onların üstünə qoşun göndərmək nədir? Bu “oyunun” necə qorxulu məcraya aparıb çıxaracağını düşünürsünüzmü heç? Anlayın ki, təknəsi boş olan insanı heç silahla da dayandıra bilməzsiniz. Bundan o yana nəylə qorxudacaqsınız daha onu? Məsələ bir quru candırsa, daha onu saxlamaq da imkansız. Insanlar boşuna intihar edir, elə bilirsiniz? Insanlar özlərini daha heç nəyə yaramayan əşya kimi gördükləri üçün çarəsizlikdən asırlar. Həyatlarının anlamsız və gərəksiz olduğunu düşündüklərinə görə yandırırlar insanlar özlərini. Düşdükləri borc bataqlığından çıxmağın mümkünsüz olduğunu hiss etdiklərindən, çıxış yolu  kimi ölümü seçirlər. Indi siz onları silah-sursatla necə durduracaqsınız, heç ağlınızdan keçirdinizmi?

Bəli, durum çox ağırdır. Həm də ona görə ki, əhali artıq təkcə özünü böhranın qurbanı deyil, həm də hakimiyyətin qurbanı sayır. Artıq hər kəs anlayır ki, bu çıxılmazlıq yarıtmaz idarəçiliyin məhsuludur. Hamı anlayır ki, ölkənin bu tənəzzül girdabına gəlib düşməsi kasıblıqdan və yoxluqdan deyil, talan və oğurluqdan baş verib. Neft milyardları ölkə insanının güzəranına və güclü iqtisadiyyat qurulmasına yönləndirilmək əvəzinə, xüsusi ciblərə axıb. Ölkədən o qədər “qara qızıl” gedib, amma qaragün vətəndaşın cibində siçanlar oynayır. Işsizlik, bahalıq, borclanma o həddə çatıb ki, artıq əhalinin təknəsində çörək də tükənməkdə. Vətəndaşlarını taleyin ümidinə buraxmış yarıtmaz hökumət anlamalıdır ki, bu gedişin axırı xeyrə deyil. Bu böhranla heç ola da bilməz…