mn

Orduda maaş məsələsinə nazirlikdən reaksiya

mnMüdafiə Nazirliyi hərbi qulluqçuların pul təminatının azalması ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 2016-cı ildə müdafiə sahəsi üçün nəzərdə tutulan xərclər ötən illə müqayisədə xeyli miqdarda artıb. Hərbi qulluqçuların pul təminatı azalmayıb, Silahlı Qüvvələrin ümumi sayında heç bir dəyişiklik yoxdur. Əksinə, mərkəzi aparatda və qərargahlarda aparılan ştat-struktur dəyişikliyi nəticəsində optimallaşmaya nail olunub, ön xətdə yerləşdirilən yeni döyüş təyinatlı hərbi hissələrdə ixtisaslı vəzifələrin sayı çoxalıb. Bunun hesabına hərbi qulluqçuların maaşları faiz baxımından artıb, şəxsi heyətin və ailə üzvlərinin sosial təminat bazası gücləndirilib.

***

Bu ilin yanvar ayından etibarən Müdafiə Nazirliyinin tabeliyində olan onlarla hərbi hissədə xidmət edən minlərlə hərbi qulluqçunun məvacibi 30-50 faiz civarında aşağı salınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Xəzər” Hərbi Tədqiqatlar İnstitutu (Caspian Defense Studies Institute) Azərbaycanın Silahlı Qüvvələri Baş Qərargahındakı mənbəyə istinadən məlumat yayıb. Məlumata görə, sözügedən qərar Silahlı Qüvvələrin 3 mindən artıq zabit və gizirini əhatə edir. Belə ki, həmin zabit və gizirlərin məvacibləri 2016-cı ilin yanvar ayından etibarən müxtəlif səviyyədə aşağı salınıb. Bəzilərinin məvacibləri 30-50 faiz azaldılıb, bəzilərinin əmək haqqısı isə iki qatdan bir qata keçirilib.

Maraqlıdır ki, bu barədə hərbçilərin əksəriyyətinə məlumat verilməyib. Baş Qərargahdakı mənbə bunu Silahlı Qüvvələrin şəxsi heyətində ajiotajın yarana biləcəyi ehtimalı ilə əlaqələndirib. Mənbə bildirib ki, Müdafiə Nazirliyinin baş aparatında və Baş Qərargahda orta vəzifələr tutan onlarla yüksək rütbəli zabitin bir çoxusu yaxın vaxtlarda indiki vəzifəsi ilə vidalaşacaq və onlar müxtəlif hərbi hissələrə – daha aşağı vəzifələrə göndəriləcəklər. Sözsüz ki, onların məvacibləri daha az olacaq.

Mənbə bildirib ki, son iki ay ərzində – dekabr və yanvar aylarında Müdafiə Nazirliyinin tərkibindəki bir sıra hərbi birləşmələr ləğv edilib, eyni zamanda Korpusların rəhbərliyində ixtisarlara start verilib. Yaxın vaxtlarda Silahlı Qüvvələrdə ciddi ştat-struktur dəyişiklikləri gözlənilir. “Məqsəd orduda idarəetmə aparatındakı heyətin sayını azaltmaq və bununla da hərbi xərclərə müəyyən qədər qənaət etməkdir” , – deyə mənbə bildirib.

Bütün bu dəyişikliklər neftin qiymətinin aşağı düşməsi və Azərbaycan manatının devalvasiyası ilə əlaqələndirilir. Verilən məlumatlara görə, Silahlı Qüvvələrə aid hərbi hissələrdə tikinti və təmir-bərpa işlərinin əksəriyyətinin təxirə salınması barədə qərar verilib. Eyni zamanda zabit və gizirlər üçün mənzillərin tikintisi prosesi qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Bütün bunlarla yanaşı 2016-cı ildə Silahlı Qüvvələrin həyata keçirəcəyi hərbi təlimlərin sayının azaldıldığı bildirilir.

Hərbçilərə və ehtiyatda olan minlərlə hərbi qulluqçuya müxtəlif ödənişlərin verilməsi prosesində də fasilələr yaranıb. Bununla bağlı ciddi narazılıqlar özünü göstərir.

Yaxın vaxtlarda Azərbaycan Silahlı Qüvvələrinin ehtiyacları üçün xaricdən silah və hərbi texnika alınması prosesində də ciddi dəyişikliklərin olması gözlənilir.