Onlar Allahın nəzərində olsalar da, allahsız hakimiyyət buranın sakinlərini çoxdan unudub
2010-cu ildə Kür çayının daşması nəticəsində Imişli rayonunun Allahmədətli kəndi bir müddət sel sularına qərq oldu. O zaman əhalinin Imişli-Kürdəmir avtomobil yolunun əks tərəfinə – Telişli kəndinin yüksəklikdə yerləşən ərazisinə köçürülməsi planlanmışdı. Bu məqsədlə həmin yerdə yeni qəsəbə salındı. Amma kənd sakinləri dirəniş göstərib, köhnə yurd yerlərini əllərindən buraxmaq istəmədi. Mərkəzi icra hakimiyyət orqanları ilə razılaşmadan sonra allahmədətlilər həm daşqınlara qədər mülkiyyətində olmuş həyətyanı və pay torpaqlarından, həm də yeni qəsəbədən istifadə etməyə başladılar. Iki yaşayış məntəqəsinin olmağı bəzi üstünlüklərlə yanaşı, narahatlıqlar da yaradıb. Üstəlik, hər birinin ayrıca çatışmazlığı var…
Ilham Əliyev: “Bu, nümunəvi qəsəbədir”
Imişli-Kürdəmir avtomobil yolu ilə irəlilədikcə çöllü-biyaban, miskin həyat lövhələri görünür. Birdən qəfil sanki şəhər kənarından keçirsən – asfalt örtüklü yollar, səliqəli bordürlər, uca dirəklərdən asılmış gecə lampaları, qırmızı və yaşıl “baş örtüklü”, “limon yanaqlı” binalar, dəmir tor çərçivəli çəpərlər, səliqə ilə hörülmüş hovuzlar…
“Allahmədətli” adlanan bu yaşayış məntəqəsi 6 il əvvəl təbii fəlakətdən zərər çəkən Imişli rayonunun üç – Allahmədətli, Telişli və Hacımustafalı kəndlərinin ümumilikdə 629 sakini üçün salınıb. 40 hektarlıq ərazidə 104 yaşayış evi, məktəb, tibb məntəqəsi, poçt binası, mədəniyyət evi inşa edilib, modul tipli sutəmizləyici qurğu quraşdırılıb. Hər bir ailəyə 12 sot həyətyanı torpaq sahəsi ayrılıb.
Noyabrın 1-də prezident Ilham Əliyev bu məntəqənin açılışında iştirak edərkən deyib: “Bu, əslində nümunəvi bir qəsəbədir. Yəni bəlkə də Azərbaycanın bölgələrində belə gözəl qəsəbəyə nadir hallarda rast gəlmək olar. Burada ancaq gözəl yaşamaq, işləmək, dincəlmək lazımdır”.
Evlərin yarıdan çoxunun qapısı qıfıllıdır
Qəsəbədə sakitlikdir. Küçələrdə qarşına heç kəs çıxmır. Bulaqların “gözü” quruyub. Tikililərin başı üstünə ağ rəngli, 500 litr tutumlu plastik su qabları quraşdırılıb. Evlərin bacasından boz tüstü çıxır. Kiçik talvarların altında odun yığınları, təzək qalaqları gözə dəyir. Bəzi həyətləri dizədək kol-kos, qara çərən basıb, zəncirdən asılmış qıfılları pas atıb.
Qəsəbə sakini Xanoğlan Aslanov deyir ki, buradakı evlərin yarıdan çoxu boş qalıb: “Açarlar paylanandan sonra cəmi bir neçə ay yaşayış olub. Sonra hərə öz kəndinə çıxıb getdi. Adamlar divarları qucaqlayıb qalmayacaqdı ki. Burada nə əkin əkmək imkanı var, nə də mal-qara saxlamaq. Su olmamağı da ciddi problemdir. Indi qəsəbədə ən çoxu 50 evdə yaşayış var. Burada qalanların da ya yaşamağa başqa yeri yoxdur, ya haradasa işi var, ya da övladları məktəbə gedir. Çoxunun da çörəyi kənddən gəlir”.
“Cənnətməkan”da işsizlik, aclıq və səfalət hökm sürür
Həyətdə odun çilikləyən Vahid Salmanov deyir ki, övladları xəstə olduğundan burada qalmaq məcburiyyətindədirlər: “3 azyaşlı uşağımız var, onlardan 2-si talassemiya xəstəliyindən əziyyət çəkir. Hər ay onlara qan köçürülür, vaxtaşırı müayinə və müalicə olunur. Qış vaxtı kənddən çıxmaq çətindir. Fərdi əməklə məşğul oluram, hərdən balıq tuturam. Birtəhər dolanırıq. Uşağın birini əməliyyat etdirəndə bankdan kredit götürmüşdüm, dollar bahalaşandan bəri onu ödəyə bilmirəm”.
Gülyanə Salmanova da iş yeri olmamağından gileylənir: “Bu evdə gənc oğlumla qalıram, ikimiz də işsiz. Oğlum maşını ilə hərdən ”xaltura” edir. Indi millətdə pul var ki, ona da verə? Inanın ki, 2 kilo kartofu güclə alıb gətirir. Bizə əlac edin, harada iş yeri bilirsinizsə, deyin”.
“Uşağı məktəbə göndərə bilmirəm”
73 saylı evdə yaşayan Gülsabah Məmmədova isə vəziyyətinin daha dözülməz olduğunu dilə gətirir: “Həyat yoldaşımdan ayrılmışam, 9 yaşlı qızım var. Məktəbli forması, çanta, dəftər-qələm ala bilmədiyimdən uşağı məktəbə göndərə bilmirəm. Onun dişləri xəstədir, ağrıdan səhərədək yata bilmir. Imkansızlığa görə həkimə apara, dərman ala bilmirəm. Gəlin baxın evə, görün qazanım qaynayırmı? Heç çay içmək üçün qəndimiz də yoxdur. Adıma torpaq yoxdur, heç yerdə işləmirəm deyə, ailəmə ünvanlı dövlət sosial yardımı təyin etmirlər. Prezidentə, Səlim Müslümova etdiyim müraciətlərə cavab gəlməyib. Indiki vaxtda bizə qonşular yardım edir”.
Övladları qəsəbədə yaşayan Dayandur Əmiraslanov deyir ki, su olmadığından 6 il ərzində burada ağac yetişdirmək mümkün olmayıb: “Yeraltı boruların ağzını elə ilk gündən bağlayıblar. Həftədə bir dəfə su verilir ki, o da ancaq içməyə sərf olunur, ağacları suvarmağa çatmır. Görün bu qədər ərazidə bir dənə qol-budaqlı ağac varmı. Yayda burada cəhənnəm əzabı yaşanır”.
Köhnə məskən və ya “Təcili yardım” üçün keçilməz yollar…
Allahmədətli kəndi Nazirlər Kabinetinin qərarı ilə “Rayon mərkəzindən uzaqda yerləşən və gediş-gəlişi çətin olan yaşayış məntəqələrinin siyahısı”na daxil edilib. Onu Imişli şəhərindən 35 kilometr məsafə ayırır. Gediş-gəliş üçün əsas çətinlik Imişli-Kürdəmir avtomobil yolundan kəndə sarı burulandan sonra başlanır. Sakinlərin sözlərinə görə, yağıntılı günlərdə cəmi 6 kilometrlik bu yol hissəsi elə vəziyyətə düşür ki, o, bəzi avtomobillər, o cümlədən “Təcili yardım” üçün keçilməz olur.
Kənd sel və daşqının yaratdığı sarsıntıdan hələ də ayılmayıb. Bəzi yerlərdə təbii fəlakətin nişanələri – uçub-dağılmış, dam örtüyü yerin səthinə çökmüş tikililər hələ də qalmaqdadır. Kəndin Kür çayı ilə bitişik hissəsində torpaqdan bənd bərkitmə işləri aparılıb.
Subasmadan sonra torpaq münbitliyini itirib
Qadir Allahverdiyev deyir ki, subasmadan sonra evlərin elə burada bərpası üçün çox çalışıblar, sözləri eşidilməyib: “Kənddə cəmi 10-15 ev uçmuşdu, onlar da torpaq kərpicdən olan köhnə tikililər idi. Həyətyanı və pay torpaqlarımız da buradadır, qəbiristanlığımız da. Indi iki yaşayış məntəqəsi arasında qalmışıq. Qəsəbədə paylanılmış evlərin sənədi bu günədək verilməyib. Qrunt sularının uzun müddət yerin səthində yığılıb qalması səbəbindən torpaq münbitliyini itirib. Əvvəllər 1 hektar sahədən 35-40 sentner arpa, buğda götürürdük. Son illər məhsulumuz ən çoxu 15-20 sentner olur. Burada kompleks meliorasiya işləri aparılmağına ehtiyac var”.
Məktəbin uzaqlığı uşaqları valideynlərindən ayrı salıb
Təbii fəlakət baş verəndə, burada 55 ev təsərrüfatı, 375 nəfər adam olub. Evlərin də, əhalinin də sayı get-gedə artır. Sakinlərin xeyli hissəsi burada yaşasa da, məktəb və sosial obyektlər yeni salınmış qəsəbədədir.
Mirəli Əhmədov təklif edir ki, heç olmasa ibtidai məktəb kursu burada keçirilsin: “Yolumuz pis gündədir. Azyaşlı uşaqları hər gün məktəbə aparıb-gətirmək valideynlərə çox əziyyət verir. Bəzi ailələr bunun dərdindən odun və qida götürüb həftənin 5 gününü orada qalır. Kənddəki məktəb binası çox da zədələnməyib, baxımsızlıq üzündən aşınmaqdadır. Yaxşı olardı ki, o, bərpa edilə, heç olmasa, burada ibtidai məktəb təşkil oluna”.
Uşaqları azyaşlı olan Hümbət Xəlilov deyir ki, məktəbə gedən oğlu yaşlı valideynlərinin yanında qalır: “Həftəsonu gedib gətiririk, istirahət günləri yanımızda qalır, 1-ci günləri təzədən aparırıq. O biri uşaq da gələn il məktəbə getməlidir. Hər iki uşağı yaşlı insanların üstünə ata bilmərik. Üstəlik, onlar latın qrafikalı əlifbanı bilmədiklərindən uşaqlara evdə kömək edə bilmirlər. Dolanışığımız torpaqla, təsərrüfat işləri ilə bağlı olduğundan hamımız qəsəbəyə köçə bilmərik. Buradakı köhnə evimiz uçmuşdu, 4 il çadırda yaşayıb özümüzə təzə ev tikmişik”.
“…Iynə vurdurmaq üçün 30-40 kilometr uzağa gedirik”
Kənd sakini Narxanım Əmiraslanova isə kənddə tibb məntəqəsi olmadığından çox əziyyət çəkdiklərini deyir: “Bir damar iynəsi vurulması, bir sistem köçürülməsindən ötrü ya Kürdəmir rayonunun Mollakənd kəndinə gedirəm, ya da Imişli şəhərinə. Hər iki yaşayış məntəqəsi çox uzaqdadır. Tək mən deyiləm bu əziyyəti çəkən. Yolsuzluğa, həkim olmamağına görə ağır xəstəni kənddə saxlamırlar. Xahiş edirəm bizə bir həkimxana açsınlar”.
Texnikalar köhnəlib, neft quyuları quruyub, ov yasaqlanıb
Allahmədətli sakinləri arasında traktorçuluğu, mexanizatorluğu özünə peşə seçən, kənd təsərrüfatı texnikası olan xeyli sayda adam var. Onlar mövsüm zamanı təkcə öz kəndlərində deyil, başqa yerlərdə də muzdla işləyirlər. Amma deyirlər, müasir dövrün tələblərinə uyğun texnikalar baha olduğundan onları almaq imkanları yoxdur, buna görə iş sifarişləri də azalıb.
Muradxanlı Iriləşdirilmiş Neft Mədəninin yaxınlıqda yerləşməsi vaxtilə kənd əhalisinin, xüsusilə gənclərin məşğulluğunda böyük rol oynayıb. Indi yaxınlıqda yerləşən quyuların istismarı dayandığından kənddən bu sahədə işləyən bir-iki nəfər qalıb.
Allahmədətlilərin ov etmək imkanları da “quruyub”. Onların sözlərinə görə, qış və yaz aylarında qidalarını əsasən balıq və quş əti təşkil edib. Amma Sarısu gölü Xüsusi Dövlət Mühafizə Xidmətinin nəzarətinə keçəndən bəri onların xüsusi icazə olmadan ov edilən əraziyə keçməsi yasaqlanıb.
Kür çayı və onun boyunca lent kimi uzanan meşə zolağı Allahmədətli sakinlərinin karına gəlir. Yayın isti günlərində özləri, heyvanları burada çimir, kölgəlik tapır. Kəndə təbii qaz verilmədiyindən qışda evlər bu meşədən toplanılan odunla qızdırılır. Bağlanan şələlərin bir hissəsi avtomobillərin yük yerində “nümunəvi qəsəbə”yə yola salınır.
Icra nümayəndəsi hər şeyin yaxşı olduğunu deyir
Imişli rayon Icra Hakimiyyəti başçısının Allahmədətli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Yasin Qarayev isə narahatlıq üçün heç bir əsas olmadığını deyir: “Təbii fəlakətin nəticələri aradan qaldırılarkən sakinlərin təhlükəsiz yaşayış yeri kimi məhz bu ərazi nəzərdə tutulub. Orada insanların rahatlığı üçün yüksək səviyyədə mədəni-məişət şəraiti yaradılıb. Bəzi çatışmazlıqlar var ki, onlar da tədricən aradan qaldırılır. Dövlət hesabına tikilmiş evlərin sənədlərinin sakinlərə təqdim edilməsi Fövqəladə Hallar Nazirliyindən asılı məsələdir. Qəsəbəyə təbii qazın verilməsi 2016-cı ilin sonunadək nəzərdə tutulub. O ki qaldı köhnə kənd yoluna, o, heç vaxt, lap dizdən qar yağanda da bağlı olmayıb. Yaxın vaxtlarda bu yola çınqıl verilib”.
“Azadlıq” radiosu