
Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalov barədə redaksiyamıza yeni məlumatlar daxil olub.
Qeyd edək ki, Elman Zeynalov bir neçə gün əvvəl rüşvət qalmaqalı ilə gündəmə gəlmişdi. Daha doğrusu, yayılan məlumatlarda bildirilirdi ki, Elman Zeynalovun xanımı sürücülük vəsiqəsi almaq üçün rüşvət təklif etdiyinə görə barəsində cinayət işi başlanıb.
Dünən redaksiyamıza daxil olan məlumatda isə bildirilir ki, Elman Zeynalov Latviya vətəndaşı olan çeçen əsilli biznesmen, “AB Holding”in sahibi Beslan Abdulmuslimovla dostdur. Bu dostluğun kökündə biznes maraqları dayanır. Elman Zeynalov Bislan Abdulmüslimova məxsus müəssisədə istehsal olunan kolbasa və konservlərin Azərbaycana idxalını təşkil edir.
Bu gün isə haqqin.az saytı məlumat yayıb ki, səfirlə çeçen biznesmenin dostluğu diplomatik dairələrə çoxdan məşhurdur. Bu dostluq o dərəcədə irəli gedib ki, B.Abdulmuslimov E.Zeynalova təzə “Range Rover” də hədiyyə edib. Diplomat da borclu qalmayıb və biznesmen dostunun Azərbaycan bazarında möhkəmlənməsinə kömək edib. Məsələn, Bakı marketlərində ən çox satılan smetanlardan olan “Romaşka” Abdulmuslimovun holdinqinə daxil olan “Dаugavpils gaļas kombināts” şirkətində istehsal olunur.
Abdulmuslimovun adı isə tez-tez müxtəlif qalmaqallarda, o cümlədən neft məhsullarının alverində çəkilir. 2012-ci ildə isə onu Latviyanın Korrupsiyaya Qarşı Mübarizə Bürosu hansısa şübhəli əməliyyata görə saxlayıb, az sonra buraxıbmış.
Abdulmuslimov 1967-ci ildə Çeçenistanda anadan olub, Qroznıda neft institutunu bitirib. 25 yaşında “İçkeriya-çeçen respublikası”nın prezidenti Cövhər Dudayevin müşaviri olub. 28 yaşında isə artıq Aslan Məshədova müşavirlik edib. 90-cı illərin ortalarından Latviyada yaşayır. 2005-ci ildən Latviya vətəndaşıdır.