Hakimiyyət nümayəndələri komandanı sakitləşdirmək üçün saxta piara başlayıb
Gültəkin Hacıbəyli: «ABŞ tələblərində israrlıdır, ardıcıldır və münasibətlərdəki problemlər aradan qalxmayınca əlaqələr normallaşmayacaq»
Dövlət başçısı Ilham Əliyevin martın sonunda Nüvə Sammitinə dəvət olunması Azərbaycanla ABŞ arasında münasibətlərin tam normallaşması kimi qələmə verilir. Elə təəssürat yaradılmağa çalışılır ki, ABŞ Azərbaycan hakimiyyətinə qarşı atmağı planlaşdırdığı sərt addımlardan vaz keçib. Prezident Admnistrasiyasının rəsmisi Novruz Məmmədov hətta bu səfərə toxunaraq Azərbaycan-ABŞ münasibətlərinin uğurla inkişaf etdiyini və hazırda heç bir problemin yaşanmadığını vurğulayıb.
Aparılan təbliğat bir müddət əvvəlkindən köklü şəkildə fərqlənir. Əgər bir müddət əvvəl hakimiyyət ABŞ-ın dağılacağını təbliğ edir, dünyadakı bütün günahlarda Vaşinqtonu ittiham edirdisə, hazırda ritorika kəskin dəyişib.
Amma aparılan kampaniya hakimiyyət daxilində artan narahatlığı aradan qaldırmaq üçün də atıla bilər. Çünki ABŞ-la münasibətlərin kəskinləşməsi hakimiyyətdə mərkəzdənqaçma meyillərini gücləndirə bilərdi. Bu cür təbliğat isə bunun qarşısını almağa hesablanıb.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, hakimiyyətin ABŞ-a qarşı münasibəti dəyişib. G.Hacıbəyli vurğuladı ki, hakimiyyət ABŞ-a qarşı heç bir real əsasa söykənməyən blef siyasətinin bütün perspektivlərinin tükəndiyini anlayıb: “O da məlum oldu ki, Azərbaycan iqtisadiyyatının iflas həddində olduğu bir vaxtda Azərbaycanın Avropa Birliyi və ABŞ-la qarşıdurması ölkəyə sanksiya tətbiqini real edə bilər. Bu isə ölkənin perspektivləri üstündən xətt çəkir. Bu gün Azərbaycana qarşı heç bir sanksiya tətbiq olunmayıb. Amma Azərbaycan iqtisadiyyatı bu sanksiyalarsız da iflas həddinə yaxınlaşır. Dəfələrlə kiçildilmiş büdcə öhdəliklərini yerinə yetirmək mümkün olmur, ölkənin bank sistemi iflas həddindədir, ölkənin inkişaf göstəriciləri sıfırlanıb. Belə olan halda ABŞ və Avropa Birliyi ilə qarşıdurma çox bədbin görüntü yaradardı”.
G.Hacıbəyli bildirdi ki, ABŞ-la münasibətlərin normallaşması düzgün yanaşmadır. Əgər Azərbaycan hakimiyyəti ABŞ-la qarşıdurmanın mənasız olduğunu anlayıbsa, bu müsbət bir haldır. Amma bu əsla o anlama gəlmir ki, ABŞ-la Azərbaycan arasında bütün buzlar əriyib və problemlər həllini tapıb: “ABŞ öz tələblərində israrlıdır, ardıcıldır və sistemlidir. Azərbaycanla ABŞ münasibətlərində problem yaradan məqamlar var. Və həmin problemlər aradan qaxmayınca bu böhran aradan qalxmayacaq”.
G.Hacıbəyli qeyd etdi ki, ABŞ münasibətlərin normallaşmasına maneə yaradan məqamlarla bağlı Azərbaycan cəmiyyətinə dəfələrlə mesaj verib. Azərbaycan hakimiyyəti qarşısında əsas tələbin siyasi məhbusların azadlığa buraxılması olduğunu deyən G.Hacıbəyli qeyd etdi ki, bütün məhbuslar qeyd-şərtsiz azadlığa buraxılmalıdır. “Daha sonra ölkənin düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün geniş sistem islahatları başlamalıdır. Bu islahatlar ölkədə korrupsiya, inhisarçılıqla, məmur özbaşnalıqları ilə mübarizədən tutmuş azad seçki mühitinin yaradılmasına qədər getməlidir. Yalnız bütün bu problemlər həll olunduqdan sonra biz iki dövlət arasında problemlərin çözüldüyündən danışa bilərik”.
Xəyal



