Yapçılar üçün nə vaxtsa xatırlamalı bir yazı

elnur-astanbeyliElnur Astanbəyli

elnurastanbeyli@gmail.com

Cəbrayıl rayonunun Mahmud Quliyev adlı “kiçik padşahı”nın videosu yayılıb, o, həmin videokadrlarda ondan iş istəyən vətəndaşa bağırır, asıb-kəsir, “get öl” deyə çığırır, söyür. Qarşısındakı şəxs onu təhqir etməməyə çağırır, amma bu dəfə “kiçik padşah” daha ağır ifadələrə əl atır.

M.Quliyevdən bu haqda soruşublar, nə cavab versə, yaxşıdır? Sitat: “Orda elə bir söyüş də olmayıb. Bir dənə ”köpəkoğlu” sözü deyilib, vəssəlam. Öz qohumlarıma demişəm ki, “axmaq, köpəkoğlu, burda nə axtarırsan?..”

Hərçənd videokadrlarda “kiçik padşah”ın digər söyüşlərdən də gen-bol istifadə etdiyi aydın eşidilir. Amma hesab edək ki, o, doğrudan da, yalnız yuxarıdakı tonda, üslubda danışıb. Siz bir çinovnikin normal, gəlişmiş ölkədə vətəndaşla bu cür danışmasını təsəvvür edə bilərsinizmi? Onun həmin təhqirləri öz qohumlarına söylədiyini iddia edib, işin içindən sivişib çıxmağa çalışması isə tam bir fiaskodur. Söhbət həqarətlərin ünvanının kim olmasında deyil. Söhbət yekə bir məmurun bu cür üslubla, leksikonla danışmağı özünə necə rəva görməsində, bu cəsarəti hardan almasındadır.

Ən əsası: belələri hansı kriteriyalarla, prinsiplərlə bu cür yüksək vəzifələrə təyin olunurlar? Intiqam Əliyev kimi ədəbli, əxlaqlı adamları qondarma ittihamlarla həbs edənlər Mahmud Quliyev kimilərini hansı məntiq və məqsədlə mükafatlandırır, onları başa çəkir?!

Sonra da xalqın hər xırda etirazında başqa barmaq axtarırlar, hansısa naməlum “qara qüvvələri”, “Azərbaycanı sevməyən dairələri”, “anti-milli ünsürləri” ittiham edirlər. Bir dönün ölkənin taleyini etibar etdiyiniz adamlara baxın, sonra danışın. Belə ağıl və ədəb sahiblərinə ölkədə hər cür ağalıq hüququ tanıyanda bunun nəticələrini də hesablamaq lazımdır.

Bəyəm Qubada icra başçısının alnına tapança sıxmışdılar ki, camaatı aşağılasın, beləcə, illərdir üzləşdikləri zülmdən, zillətdən cana doyan insanların aqressiyası püskürsün? Yoxsa Ismayıllıda nazir oğlunu hansısa xarici qüvvələr öyrətmişdilər ki, yekəxanalıq, qudurğanlıq etsin və onsuz da mövcud idaretmədən boğaza yığılmış xalqın qəzəbini alovlandırsın?

Açığı, mənim yaptokratiyadan heç vaxt heç bir müsbət gözləntim olmayıb. Elə indi də mənbəyi xalq olmayan bir hakimiyyətdən xalqa qarşı hansısa xoş rəftar gözləmirəm. Amma ən azı keçmiş illərin acı təcrübəsindən yararlanmaq ki olar? 1980-ci illərin sonlarında xalq hərəkatı yenicə qığılcımlananda o vaxtkı başbilənlərin leksikonunu unutmamışıq. Meydanlara çıxan insanlara “narkoman” damğası vurulduğunu. Onların ekstremizmdə ittiham edildiyini yaddan çıxarmamışıq. Nəticə aydındır. Bu gün isə yaptokratlar ölkənin sürətlə fəlakətə sürükləndiyi, artıq ac qarınların qurultusunun yüksəkdən eşidilməyə başladığı bir vaxtda iş, çörək tələbi ilə ayrı-ayrı rayonlarda etiraza qalxan adamlara “alkaş” yarlığı yapışdırırlar. Və əmin olun, nəticə yenə fərqli olmayacaq. Bu gün, sabah, birigün, lap o birigün – zamanın dəxli yoxdur, nəticə yenə eyni olacaq.

Bunu görmək, dərk etmək əvəzinə ənənəvi, kiflənmiş üslublara, metodlara əl atmaq, yenə son çarəni polis gücündə, gözyaşardıcı qazda, rezin güllədə, səs bombalarında axtarmaq, yenə yeganə çıxış yolunu həbslərdə görmək ancaq rejimin öz vəziyyətini ağırlaşdırır. Ya da hansı şəhərdəsə dolları köhnə məzənnə ilə satmaq, hansı rayondasa unun qiymətini ucuzlaşdırmaq, hansı kəndəsə yol, qaz çəkiləcəyinə söz verməklə heç nə əldə etmək mümkün deyil. Hər keçən gün daha çox insan anlayır ki, bütün bunlar “ağrıkəsicilərdir”, hansı ki, onlarla çox yaşamaq mümkün deyil. Hər gün daha çox insan başa düşür ki, artıq ölkənin yoluxduğu “xəstəliyin” diaqnozunu qoymaq və yubanmadan müalicəyə başlamaq lazımdır. Belə bir zamanda köhnəlmiş, nimdaş üslublardan, üsullardan mədət ummağa davam ediləcəksə, sadəcə, rejim üçün onsuz da, gec-tez qaçılmaz olan süqut daha da sürətlənəcək.

Bunu yaddaşınızın bir yerinə yaxşı-yaxşı, möhkəm-möhkəm yazın ki, sonra dərin təəssüf və peşimançılıq hissi ilə xatırlayasınız.