Hökumət büdcəyə yenidən baxacaq

budceBöhran iqtidar daxilində də vəziyyəti qarışdırıb

Hakimiyyət büdcəyə yenidən baxacaq. Bu barədə redaksiyamıza daxil olan məlumatda yeni büdcə zərfində neftin barelinin 30 dollardan götürülməsi nəzərdə tutulur. Bundan başqa büdcə bölgüsündə də kəsirlər olacaq.

Məlumat üçün deyək ki, Azərbaycanın 2016-cı il üçün dövlət büdcəsi 14 milyard 566 milyon manatdır. Dollarla ifadədə (hakimiyyət neftin baha vaxtında büdcəni dollarla ifadə etməyi xoşlayırdı) bu rəqəm 9 milyard dollardan (1 dollar – 1 manat 55 qəpik olduğu halda) bir az artıq edir. Indi “böhranın ölkəyə təsiri yoxdur” bəyanatları verən hökumət bu məbləği bir qədər də azaldır.

Məlumatlara görə, büdcəyə yenidən baxılması hakimiyyət daxilində ziddiyyətlərə səbəb olub. Heç bir qurum büdcədən ayrılan vəsaitin azaldılmasını istəmir. Bunun da səbəbi var. Büdcə bölgüsü yuxarıdan gələn “tapşırıq”, dostluq münasibətləri və “faiz” əsasında həyata keçirilir. Yəni, bəzi qurumların rəhbərləri birbaşa “yuxarılar”ın tapşırığı ilə, bəzi nazirlər bölgünü həyata keçirən Maliyyə Nazirliyinin rəhbərliyi ilə dostluq münasibətlərinə görə, bəzi məmurlar isə müəyyən faiz verməklə büdcədən daha çox vəsait qoparır. Büdcə bölgüsünü isə qeyd etdiyimiz kimi həyata keçirən Maliyyə Nazirliyidir. Ona görə də maliyyə naziri Samir Şərifov hazırda çətin vəziyyətdədir. Büdcə vəsaitlərinin azaldılması onu bir sıra məmurların hədəfinə gətirə bilər. Bu baxımdan büdcəyə yenidən baxılması Samir Şərifovun ürəyincə deyil.

Hətta bütün bu məsələlər onunla Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun münasibətlərinə xələl gətirib. Çünki Elman Rüstəmov valyuta ehtiyatlarını qorumaq üçün devalvasiya tərəfdarıdır. Devalvasiya qərarları isə büdcəyə yenidən baxmağı qaçılmaz edir.

Beləliklə, qarşıda hakimiyyəti daha çətin günlər gözləyir. Həm böhran, həm sosial narazılıq, həm də iqtidar daxilində kəskinləşən ziddiyyətlər iqtidar üçün acı nəticələrə səbəb ola bilər.