Nemət Əliyev: «Dövlət başçısı gömrükdəki inhisarçıların qarşısında duruş gətirə bilmədi»
Xəbər verdiyimiz kimi, ölkə başçısı Ilham Əliyev vətəndaşlara gömrükdən 10 min manata qədər rüsumsuz mal keçirə bilmək hüququ verən fərmanını ləğv edib. Bununla bağlı ölkə başçısı yeni fərman verib. Fərmana əsasən, “Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında” 2015-ci il 22 oktyabr tarixli 656 nömrəli fərmanın 1-ci hissəsi ləğv edilir.
Həmin hissədə qeyd olunurdu: “Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi gömrük dəyəri 10000 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 2000 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar (aksizli mallar, avtonəqliyyat vasitələri və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalar istisna olmaqla) gömrük ödənişi ödənilmədən gömrük sərhədindən keçirilir”.
Bəs bu qərarın geri oxudulmasının səbəbi nədir?
Bu addımın səbəbi kimi bir neçə faktor misal gətirilir. Bu addımın atılmasına səbəbin gömrüklə bağlı qərarın inhisarçıların maraqlarına toxunduğu göstərilir. Bu üzdən inhisarçıların təzyiqi ilə bu qərar geri oxuna bilərdi.
Daha bir səbəb isə bu qərarın gömrükdə yeyintiyə yol açmasıyla bağlıdır. Yəni cüzi ödəniş hesabına vergi tutulmalı olan mallar gömrük qeydiyyatından yayındırıla bilərdi.
Iqtisadçı Nemət Əliyev bildirdi ki, keçən ilin oktyabrında qəbul edilən fərman müsbət sayıla bilərdi. N.Əliyevin fikrincə, ixrac gəlirlərinin kəskin şəkildə aşağı düşdüyü, devalvasiyanın əhalinin gəlirlərinə təsir etdiyi bir zamanda bu fərman nisbətən faydalı ola bilərdi. Çünki gömrük sistemindəki korrupsiya və rüşvətin səviyyəsi barədə hamıda məlumat var: “Gömrükdə qeyri-rəsmi ödəmələrin hesabına daxili bazarda qiymətlər xeyli bahalaşıb. Belə bir məqamda əhalinin heç bir maneəsiz on min dollar dəyərində mal gətirə bilməsi müsbət hal olardı. Həmin dövrdə biz onun da anonsunu edirdik ki, görəsən dövlət başçısı illərdir gömrük sistemində rüşvətin, korrupsiyanın və inhisarın qarşısını ala biləcəkmi? Təəssüflər olsun ki, həmin dövrdə irəli sürdüyümüz proqnozlar özünü doğrultdu. Dövlət başçısı gömrüklə bağlı fərmanı geri oxumaq məcburiyyətində qaldı”.
N.Əliyevin fikrincə, bu addımın atılmasının səbəbi gömrükdə oturuşmuş inhisarçıların fəaliyyətinin nəticəsidir. Dövlət başçısının bu sahədə kök atmışların qarşısında duruş gətirə bilmədiyini deyən N.Əliyev vurğuladı ki, başqa bir ehtimala görə, oktyabrdakı fərmanın tətbiqi gömrükdən büdcəyə daxilolmaları xeyli azalda bilərdi. N.Əliyev hesab edir ki, əgər bu fərziyə doğrudursa, o zaman büdcəyə daxilolmaların azalmasında bəzi inhisarçı işbazların xüsusi rolu olub: “Bu, yanlış addımdır. Hesab edirəm ki, bu fərmanın geri oxunması əhalinin sosial vəziyyətinin ağırlaşmasına, qiymətlərin daha da artmasına təkan verəcək. Eyni zamanda daxili bazarlarda gözlənilən qıtlığı da sürətləndirəcək”.
Xəyal