Ekspertlərə görə, yaranmış vəziyyət Mərkəzi Bankın funksionallığını şübhə altına alır
«Qara bazarın» yaranması dolların məzənnəsini bir qədər də artıracaq
Azərbaycanda fəaliyyət göstərən valyutadəyişmə məntəqələri bağlandı. Bu məlumatı valyutadəyişmə məntəqələrinin sahibləri veriblər. Dünən onlara lisenziyalarının ləğv edildiyi bildirilib və fəaliyyətlərini dayandırmaları tələb olunub.
Elə dünəndən 28 May küçəsində yerləşən “exchange”lər işləmir. Bütün valyutadəyişmə məntəqələri bağlıdır.
“Mərkəzi Bankdan xəbərdarlıq gəldi ki, sizin lisenziyalar ləğv edilib. Mənim valyutadəyişmə məntəqəm ”Azadlıq”dadır. 6 min iş yeri bağlandı. Səbəb olaraq da deyirlər ki, devalvasiyanı, süni bahalaşmanı “exchange”lər yaradırlar” – deyə Amil Mürvətov adlı şəxs bildirib. (musavat.com)
Dünən də Azərbaycan bankları dollar satışını bərpa etməyiblər.
Dolları yalnız bir bank satır
Dünən şəhərin mərkəzindəki bank ofislərindən yalnız “AzərTürkBank”ın filialında dollar satışının olacağı bildirilib. Buna görə də dünən həmin filialın qarşısında böyük növbə yaranmışdı.
“Qara bazar” canlandı – dollar 1,7 manatdan satılır
Banklar və valyutadəyişmə məntəqələrində valyutanın satılmaması “qara bazar””ın formalaşmasına səbəb olub. Belə ki, elə Səməd Vurğun bağı ətrafındakı ərazilərdə dolaşan dollar alverçiləri vətəndaşlara dollar dəyişməyi təklif edirlər. Burada dolların alış qiyməti 1,6 manat satış qiyməti 1,7 manatdır. Qeyd edək ki, bir neçə gün əvvəl bu ərazidə alverçilər dolları 1,85 manata satırdılar. Amma ərazidə banklardan birinin (“AzərTürkBank”ın) dollar satacağı barədə məlumatlardan sonra onlar qiyməti 1,7 manata endiriblər. (Fins.az)
Bəs, valyutadəyişmə məntəqələrinin fəaliyyətinin dayandırılması iqtisadiyyata və dolların məzənnəsinə necə təsir edəcək?
Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, belə bir vəziyyət dollara tələbi artıracaq. Ötən müddət ərzində dollara olan tələbin təmin edilmədiyinə diqqət çəkən M.Talıblı vurğuladı ki, Neft Fondunun dollar satışına qadağa tətbiq etməsi də bu istiqamətdə vəziyyəti qəlizləşdirib: “Dollara olan tələbin ödənilməsi valyutadəyişmə məntəqələrinin və banklarən üzərinə düşür. Valyutadəyişmə məntəqlərinin bağlanması isə ”qara bazarın” yaranmasına səbəb olacaq. Çünki hər şeydən əvvəl vətəndaşların dollara olan ehtiyacı təmin olunmalıdır. Valyutadəyişmə məntəqələri yalnız sadə vətəndaşlar üçün fəaliyyət göstərmirdi. Böyük biznes subyektləri də əməliyyatlarını dollarla aparırlar. Onların isə dollar əldə etmək imkanları ödənilməlidir. Əks halda dollarla xarici ticarət əməliyyatı aparan şəxslər ölkəyə həmin məhsulu idxal edə bilməyəcək”.
M.Talıblı onu da bildirdi ki, növbəti mərhələdə sahibkarlar öz ehtiyatlarından istifadə etməsələr məhsul qıtlığı yarana bilər. Hazırda vətəndaşın yığımlarını da dollarla aparmasının dollara olan tələbi artırdığını deyən M.Talıblı bildirdi ki, yaranmış vəziyyət Mərkəzi Bankın funksionalığını şübhə altına alır.
Xəyal