“Təbii aksiya” təsəllisi

xaqani-aliyev-koseXaqani Əliyev

xaqaniquzeyli@gmail.com

Bu günə qədər ölkədə yerli “dimedrollu” arağın, buz bağlamış toyuq budunun, bitki yağının və bir də çörəyin qiyməti dəyişməz qalırdı. Qısa fasilələri nəzərə almasaq, yumurta da bu məşhur və dəyişməz “qida rasionu”nun tərkibinə daxildir. Əhalinin böyük əksəriyyətinin yaşaması və işləməsi üçün bundan yaxşı nəsə düşünmək qeyri-mümkün idi. Ayda orta hesabla 300-400 manat gəliri olan ailənin də bu “qida norması”na uyğunlaşmaqdan başqa heç bir çarəsi yox idi. Bu ərzaqları ala bilmək üçün insanlar sabahdan axşama qədər çalışırdılar. Bunu gözəl dərk edən hakimiyyət illər uzunu əhalinin böyük bir hissəsini bu vəziyyətdə işləməyə və yaşamağa məcbur edirdi. Lakin hər şeyin bir əvvəli olduğu kimi, sonu da var.

Artıq bir həftədən çoxdur ki, insanların bu “qida ayinlərini” yerinə yetirməyə belə imkanları yoxdur. Onlar bir qarın çörəyə möhtac qalmaq təhlükəsi ilə baş-başadır. Nə isə, keçək əsas mətləbə.

Hesab edirəm ki, bu gün Azərbaycanda baş verənləri şərh etməyə ehtiyac yoxdur. Amerika dolları nəhayət, onunla boşu- boşuna höcətləşən manata yerini göstərdi. Istehsalı demək olar ki, olmayan, zəruri hər şeyi xaricdən idxal edən ölkənin iqtisadiyyatı yalnız neft gəlirləri üzərində qurulanda sonu elə belə də olacaqdı.

Əslində, neft gəlirlərindən səmərəli istifadə, qeyri-neft sektorunun inkişafı, monopoliyanın ləğvi, sahibkarlığa qarşı terror olmasaydı, böhran bu qədər dərin olmazdı. Təkcə MTN haqqında dəhşətli faktların ictimailəşməsi fonunda azad sahibkarlığın nə kökə salınmasının əyani şəkildə şahidi olduq. Nəzərə alsaq ki, digər dövlət qurumlarının, xüsusən də vergi və güc strukturlarının etdiklərinin yanında MTN toya getməlidir, mənzərə daha dəhşətli bir şəkil alır. Iqtidar azad iqtisadiyyatı demək olar ki, dağıdıb, ölkənin taleyini biznesmen məmurlara buraxıb.

Deputat Fəzail Ağamalı bugünlərdə un maqnatı olan həmkarı Əsabil Qasımova çağırış etdi. Dedi ki, “dövlətin hesabına yığdığın pulları dövlət üçün əsirgəmə, unun qiymətini qaldırma”.

Bəli, əziz oxucu, bir neçə ay bundan əvvəl mətbuata “bir toyuq hinim belə yoxdur” deyən Əsabil Qasımovdan edilən tələbə fikir verin. Fikrimcə, böhranın ciddiliyini dərk edən yeganə deputat elə Fəzail Ağamalıdır. Mən Milli Məclisin böhranla bağlı təkliflər irəli sürən, fikir söyləyən  deputatlarının fikirlərini oxuduqca dəhşətə gəlirəm. Bəziləri ümumiyyətlə, nə baş verdiyini dərk etmək iqtidarında deyil. Buyurun, deputat Musa Quliyevin (Urud)  antiböhran təklifilə tanış olun: “Tanınmış insanlar cəmiyyətə nümunə olmalıdırlar. Onlar bunu etməyənə kimi, insanlardan tələb etmək olmaz ki, sadə toy mərasimi keçirin, israfçılığa yol verməyin. Insanlar dəbdəbəli toyla xoşbəxt olmurlar. Mətbuat, televiziyalar da israfçılığın qarşısının alınmasına görə təbliğatı gücləndirməlidirlər”.

Musa Quliyevin dediklərindən məlum olur ki, onun ölkədə nə baş verdiyindən ümumiyyətlə, xəbəri yoxdur. Millət çörək almağa pul tapmır, o isə iqtidar məmurlarını və həmkarlarını dəbdəbəli məclislərlə sadə insanlara nümunə olmamağı təklif edir. Yəni Musa Quliyev demək istəyir ki, böhran bizi vurmayıb, amma gəlin, bunu bu bədbəxtlərdən gizli saxlayaq.

Mən digər deputat və məmurların açıqlamalarını verməklə sizin əsəblərinizlə oynamaq istəmirəm. Sadəcə, onu  nəzərinizə çatdırmaq istəyirəm ki, iqtidar komandasında ölkədəki vəziyyətin nə qədər ağır olduğunu dərk edə biləcək şəxslərin sayı çox məhduddur, onları barmaqla saymaq olar.

Hər gün bir rayondan etiraz dalğası xəbərini eşidirik. Insanların tələbləri demək olar ki, eynidir. Yaşamaq istəyirlər, çörək istəyirlər. Bu nə Ismayıllı, nə də ki, Quba hadisələrinə bənzəyir. Mən bunun nə demək olduğunu bilsəm də, deməyəcəm. Çünki əminəm ki, bunu xalq deyəcək.

Hələlik iqtidar bu hadisələrdə təsəlli məqamları axtarır. Bir şey qaranlıq qalır, insanlar kimə qarşı etiraza qalxır…

Iqtidara, müxalifətə, yoxsa Obamaya?

Gözləyək…