Rusiya iqtisadiyyatının çöküş ili

rusiyaHökumət etiraf etməli oldu: «Əhalinin gəlirləri azalıb, orta təbəqə xeyli kasıblayıb»

Dünya bazarında neftin qiymətinin ucuzlaşmasından ən çox zərər görən ölkələrdən biri də Rusiyadır.  “Blomberg” nəşrinin bugünlərdə yaydığı xəbərdə də 2016-cı ildə iqtisadiyyatı ən pis olacaq ölkələr arasında Rusiyanın adı çəkilmişdi.

Vəziyyətin pisləşdiyini ötən gün hökumət üzvləri ilə görüşündə Rusiya prezidenti Vladimir Putin də etiraf etməli olub. Putin məmurları qarşıdakı aylarda hər bir situsiyaya hazır olmağa çağırıb. Və bildirib ki, ölkə iqtisadiyyatı ağır durumla üzləşə bilər.

Baş nazir Dmitri Medvedevin çıxışında da nikbin proqonozlar yer almayıb. BBC-nin məlumatına görə, 2015-in Rusiya iqtisadiyyatı üçün ən ağır il olduğunu deyən baş nazir bildirib ki, Moskva son illərdə belə çətin vəziyyətə düşməmişdi: “Neftin qiymətinin kəskin şəkildə azalması, ölkəyə qarşı sanksiya təzyiqi, qlobal iqtisadiyyatdakı dəyişikliklər ciddi sıxıntılar yaradıb. Iqtisadiyyatımız çoxdandır belə güclü və sinxron çətinliklərlə üz-üzə qalmamışdı”.

Medvedev iqtisadi artım mənbələri və ixrac gəlirlərindəki problemlərə də toxunub: “2015-ci ildə istehsal və investisiya fəallığı azalıb. Lakin ən ağrılı zərbə əhalinin gəlirlərinə dəyib. Orta təbəqə xeyli kasıblayıb”.

Lakin Medvedev hesab edir ki, Rusiya iqtisadiyyatında vəziyyət mürəkkəb olsa belə, idarəolunandır. Onun fikrincə,  Rusiya iqtisadiyyatı ölkəyə qarşı sanksiyalar tətbiq edildiyi halda belə, sabit qalır: “Rusiyanın problemləri dünya problemlərinin artması fonunda xeyli pisləşib. Ümumilikdə dünya iqtisadiyyatının prinsipləri və onun əsas institutlarının işi pozulub. Neft bazarında zəif tələbata baxmayaraq, təklif artmaqda davam edir. OPEK isə balansı bərpa etməyə çalışmır”.

Baş nazir etiraf edib ki, dünya iqtisadiyyatında olan problemlərdən  qurtulmaq üçün hökumətdə universal vasitələr yoxdur. Lakin bununla yanaşı, o hesab edir ki, dünya bazarındakı vəziyyətə təsir etmək olar.

Medvedev sosial dəstək tədbirləri görəcəklərini vəd edib: “Biz insanları iqtisadi canlanma başlayanadək gözləməyə və dözümlü olmağa çağırmayacağıq. Həyatı daha münasib vaxta qədər təxirə salmaq mümkün deyil. Sosial dəstək sahəsində mövcud vəziyyətə adekvat, ən ciddi tədbirlər görəcəyik”.

Medvedev ölkədə həyat səviyyəsinin aşağı düşməsinin qarşısını alacaqlarına söz versə də, əlavə edib ki, bu, ancaq iqtisadi artımın bərpa edilməsi ilə mümkündür: “Rusiya iqtisadiyyatı enerci resurslarının ixracından gələn gəlirlərə güvənmədən çalışmalıdır. Hökumət qarşısında iqtisadi artımın yeni modelinin yaradılması vəzifəsi dayanıb. Bunun üçün investorlar tapmaq və istehsalı müasirləşdirmək lazımdır. Bu metod bir neçə rayonda alınıb”. Rusiya baş naziri büdcə xərclərinin azaldılacağını da istisna etməyib.