“Regionlarda sosial gərginliyin yaranmasının ciddi əsası var”

vahid-meherremov1Vahid Məhərrəmov: “Buğda idxalını, un istehsalını ələ almış inhisarçılar ölkə daxilində həmin məhsulları dünya bazarındakı qiymətlərdən iki dəfə baha təklif edirlər”

İkinci devalvasiyadan sonra baş verən bahalaşmaya etiraz olaraq əyalətlərdə bir-birinin ardınca etirazlar baş qaldırır. Əslində ilk etirazların məhz əyalətlərdən gəlməsi də təsadüfi deyil. Baş verənlərə münasibət bildirən ekspert Vahid Məhərrəmovun sözlərinə görə, bölgələrdə yaşayan əmək qabiliyyətli əhalinin çoxu işsiz qalıb, onların əksəriyyəti ümumiyyətlə heç bir yerdə çalışmır: “Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş üç dövlət proqramları çərçivəsində yerlərdə parklar salındı, heykəllər, dövlət bayraqları ucaldıldı, idman kompleksləri, muzeylər, mərkəzlər inşa edildi, Heydər Əliyev adını daşıyan küçələrdə yollar təkrar-təkrar təmir olundu və sair. Dövlət büdcəsindən külli miqdarda maliyyə resursları gəlir gətirməyən istiqamətə, qeyri-istehsal sahəsinə yönəldildi. Bütün bunların bölgələrdə yaşayan əhaliyə heç bir faydası olmadı. Kənd təsərrüfatında mövcud olan problemlər aradan qaldırılmadı. Yaranmış vəziyyətdən məmur-oliqarxlar bəhrələnə bildilər. Onlar böyük təsərrüfatlar yaratdılar, kəndlilərin istifadəsində olan örüş sahələrini, təbii biçənəkləri, pay torpaqlarını alıb özününküləşdirdilər. Kəndliləri gəlirlərindən məhrum etdilər. Yeni iş yerləri də açmadılar ki, işsiz qalan əhali sosial durumunu təmin etmək üçün işləsin. Məhsul istehsalında, satışında mövcud olan problemlər aradan qaldırılmadı. Kəndlinin istehsal etdiyi məhsulun bazara çıxışı məhdudlaşdırıldı. Bazar inhisarçıların əlinə keçdi Hökumət regionların sosial-iqtisadi inkişafı adı altında daha çox oliqarx-məmurların bizneslərinin inkişafına imkan yaratdı, bu istiqamətə cürbəcür, dolayı yollarla maliyyə resursları ayırdı. Məmur-oliqarxların qeyri-qanuni yollarla əldə etdikləri torpaq ərazilərinin, əkin sahələrinin suvarma təminatı ödənildi, yeni texnika, texnologi avadanlıqların əldə olunmasında, xaricdən cins mal-qaraların gətirilməsində yardım edildi. Ona görə də çox ciddi narazılıqlar var, insanlar işdən məhrum olublar. Zavod, fabrik, emal müəssisələri yoxdur, hamısı bağlanıb. Əvvəllər kəndlərdə un dəyirmanları var idi. Fermerlər istehsal etdikləri buğdanın bir hissəsini həmin dəyirmanlarda üyüdüb özləri üçün çörəkbişirmədə istifadə edirdilər. Sonradan həmin dəyirmanları dağıtdılar. İndi buğda istehsal edən fermer, əkinçi məcburiyyət qarşısında qalıb çörəyi, unu baha qiymətə satın alır. Ölkədə un, çörək istehsalını da inhisarçılar öz əllərində cəmləşdiriblər. Buğda idxalını, un istehsalını ələ almış inhisarçılar ölkə daxilində həmin məhsulları dünya bazarındakı qiymətlərdən iki dəfə baha təklif edirlər. Bu və digər səbəblərdən regionlarda sosial gərginliyin yaranmasının ciddi əsası var”.

Xəyal