“Hökumət ac və qəzəbli xalqla üz-üzə qalıb”

alikarimli-mitinqde

AXCP və Müsavat liderləri prokurorluğun bölgələrdəki etirazlarla bağlı ittihamlarına münasibət bildirdi

AXCP sədri Əli Kərimli hüquq-mühafizə orqanlarının bölgələrdəki aksiyaları müxalifətin təşkil etməsi haqda dediklərinə münasibət bildirib. AXCP sədri “Azadlıq” radiosuna açıqlamasında deyib ki, bu barədə yayılan məlumatların heç bir əsası yoxdur.

Əli Kərimli vurğulayıb ki, AXCP mitinqlərini xəlvət keçirmir: “Azərbaycan hökuməti etiraf etmək istəmir ki, uzun müddətdir həyata keçirdiyi siyasətin nəticəsi olaraq xalqı aclıq vəziyyətinə gətirib çıxarıb. Demək olar ki, çörəyə möhtac edilmiş, ac və qəzəbli xalqla üz-üzə qalıb. Bu gün regionlardakı etirazlar sosial etirazlardır, xalqın özü tərəfindən həyata keçirilən etirazlardır. Biz mitinq keçirəndə xəlvət keçirmirik. Mitinq keçirəndə rəsmən müraciət edirik. Bu mitinqlərsə xalqın mitinqləridir”.

Əli Kərimlinin fikrincə, Azərbaycan hökuməti məlumatsız insanlara təlqin etmək istəyir ki, guya bu mitinqləri də müxalifət keçirir və bu, siyasi hakimiyyət uğrunda mübarizənin elementidir: “Yalandır. Tək bizə yox, xalqımıza böhtandır. Xalqımız bu gün yüksək siyasi mədəniyyətlə keçirdiyi etirazları ilə nümayiş etdirir ki, bu qədər haqsızlığa rəğmən yenə təmkinlidir”.

arif_hacili

Burda məntiq yoxdur”

Müsavat Partiyasının başqanı Arif Hacılı da “Azadlıq” radiosuna bu aksiyaları onların təşkil etmədiyini bildirib. Və əlavə edib ki, yaxın zamanda siyasi aksiya keçirmək haqqında qərar qəbul etməyiblər. Belə bir qərar verəcəkləri halda isə ilk növbədə qanunvericilik çərçivəsində müvafiq orqanlara müraciət edəcəklər.

Partiya başqanı hakimiyyəti məntiqsiz davranmaqda ittiham edir: “Illərdir ki, siyasi hakimiyyət ölkədə müxalifətin olmadığını, partiyaların strukturlarının dağıldığını və cəmiyyətdə nüfuzunu itirdiyini iddia edir. Ancaq indi respublika miqyasında ciddi etiraz dalğası gedir, insanlar nöqsanlara, iqtisadi böhrana, həyat səviyyələrinin birdən-birə iki dəfə aşağı düşməsinə etiraz edərək meydanlara çıxır, haqqını tələb edir. Hakimiyyət bu halda proseslərin müxalifət tərəfindən təşkil olunduğunu iddia edir. Burda məntiq yoxdur”.

Arif Hacılı bölgələrdəki aksiyalar haqqındasa bunları deyir: “Hakimiyyətin yarıtmaz iqtisadi siyasəti nəticəsində yaranmış acınacaqlı vəziyyətlə əlaqədar etirazlar təbiidir. Hakimiyyət bunu normal qarşılamalıdır. Hakimiyyət nümayəndələri zorakılıqla aksiyaların qarşısını almaq əvəzinə problemləri həll etmək barədə düşünməlidir”.